Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:29

T.Yaqublu: 'İndiki kimi absurd, vicdansız suçlama ilə üzləşməmişdim'


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu özü haqqındakı cinayət işinin materialları ilə tanış olub. O, ailə üzvləri ilə telefon danışığında materiallarda yazılanlar haqda fikirlərini bölüşüb. Bu barədə AzadlıqRadiosuna T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.

N.Həzinin sözlərinə görə, atası iş materiallarında sübutların saxtalaşdırıldığını, yalançı şahidlər və saxta ekspert rəylərindən istifadə olunduğunu deyib: "Dedi ki, əlavə "şahidlər" və "xəsarətlər"lə cinayət işinin içini zənginləşdiriblər. Müstəntiq iddia edib ki, Tofiq Yaqublu həbs olunan gün onun özünün istədiyi vəkil olmayıb, ona görə ilkin dindirmədə dövlət hesabına müdafiəçi təyin edilib. Ağ yalandır, həmin gün vəkil Elçin Sadıqov Nizami Rayon Polis İdarəsinin qarşısında olub. Bunu sübut edən videogörüntülər də var".

T.Yaqublu ailə üzvlərinə deyib ki, iş materiallarında saxtakarlığı sübut etməyə imkan verən yetərincə boşluqlar var və onları məhkəmədə ortaya qoyacaq: "Ata deyir ki, özünü saxta ittihamlarla cinayət və inzibati həbslərə məruz qalmaq üzrə rekordçu hesab edir. Bu baxımdan, saxta ittihamlar və yalançı şahidlərlə üzləşməkdə geniş təcrübəsi var. Amma indiki kimi absurd, vicdansız, ləyaqətsiz suçlama ilə üzləşməyib. Səbirsizliklə məhkəməni gözləyir ki, bu qanunsuz sifarişi verənlər və icra edənləri ifşa etsin".

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:


"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

XS
SM
MD
LG