Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:42

'Plan baş tutsa, taksi qiymətlərinin azı iki-üç dəfə artmasının şahidi olacağıq'


Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır?
Gözlə

No media source currently available

0:00 0:08:43 0:00

Taksi sahəsində rüsumların artırılması kimin işinə yarayır? (Arxiv. 2023)

"Bakıya 20 min taksi kifayət etməlidir. Taksi sayı cüzi dəyişiklərlə yaydan bəri 67 mindən 60 minə azalıb".

Bunu martın 11-də rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

"Eyni anda bu, 40 minə yaxın sürücünün işsiz qalması demək deyil. İlk növbədə ictimai nəqliyyatda, yükdaşımalarda ciddi sürücü ehtiyacı var. İkili işlərdə çalışanları da qeyd etmək lazımdır…", - nazir müavini bildirib.

Azərbaycanda taksilərlə bağlı dəyişikliklər artıq ötən ildən həyata keçirilir. "Avtomobil nəqliyyatı haqqında" Qanuna edilən dəyişikliklərə əsasən, taksi sürücüsü tibbi müayinədən keçməli, avtomobilin texniki vəziyyəti yoxlanmalıdır. Eyni zamanda, taksi sürücüləri buraxılış vəsiqəsi əsasında işləməlidir.

Bakı şəhərinin inkişafına dair Baş planında da qeyd olunub ki, 2040-cı ilə qədər taksidən istifadə edənlərin sayı 2.7 faizə qədər azalacaq.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında 1 milyon 41.1 min sərnişinə xidmət göstərilib. Sərnişinlərin 87.5 faizi avtomobil nəqliyyatı, 11.9 faizi metro ilə daşınıb. Həmin daşımalarda taksilərin payı 5.1 faiz olub.

"Bu da bağlansa, tamamilə işsiz qalacam"

Taksi fəaliyyəti ilə məşğul olan Əziz Məmiyev bildirir ki, taksilərin sayının azalması sürücülərin işsiz qalması deməkdir: "Bu isə mənə çox pis təsir edəcək, maddi sıxıntılarım olacaq. Mənim taksi sürməkdən başqa görəcəyim iş yoxdur. Bu da bağlansa, tamamilə işsiz qalacam".

Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

"Taksilərin sayı azalmaqla keyfiyyət artmalıdır"

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə "Turan"a deyib ki, sözügedən dəyişikliklərin lehinədir: "Hazırda taksilərlə daşımaların keyfiyyəti pisdir. Avtomobillərin bir çoxu natəmiz, sürücülərin əksəriyyəti isə tibbi müayinədən keçmir".

Deputatın sözlərinə görə, taksi sürücüsü hər sürücülük vəsiqəsi olan adam ola bilməz: "Taksi sürücüsü xüsusi təlimlərdən keçməlidir, fiziki və psixi sağlamlığı yerində olmalıdır, uniforma geyinməlidir. Bütün inkişaf etmiş ölkələrdə belədir".

M.İbrahimqızı hesab edir ki, taksilərin sayı azalmaqla keyfiyyət artmalıdır: "Eyni zamanda, bu, inhisarçılığa və qiymətlərin artmasına yol açmamalıdır. Buna qəti yol vermək olmaz".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Avtobusların, metrostansiyaların sayı çoxalsa…"

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə agentliyə bildirib ki, taksi saylarını azaltmaq üçün avtobusların, metrostansiyaların və qatarların sayını artırmaq lazımdır: "Bu, baş verməsə, taksilərin sayını azaltmaq mümkün deyil. Həmin taksilər hazırda avtobusların, metronun işini görürlər".

Ekspertin fikrincə, avtobusların, metrostansiyaların sayı çoxalsa, nəqliyyat şəbəkəsi yaxşılaşsa, onda taksilərin sayı avtomatik azalacaq: "Əks təqdirdə, avtobusların, metrostansiyaların sayı artmadan taksilərin sayı azalsa, bu, problem yaradacaq. İnsanlar başlayacaqlar qeyri-leqal taksi fəaliyyəti ilə məşğul olmağa və bunun qarşını almaq mümkün olmayacaq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Taksilərin sayı azaldıqca qiymət yüksələcək"

İqtisadçı Natiq Cəfərlinin isə mövzu ilə bağlı AzadlıqRadiosuna deməsinə görə, Azərbaycanda, bəlkə də, yeganə sahə taksi xidmətidir ki, son zamanlar qiyməti bir elə artmayıb: "Devalvasiyadan (2015) öncəki qiymətləri nəzərə alsaq, hətta qiymətlər düşüb, çünki rəqabət var, bunun nəticəsində bazar qaydaları işləməyə başladı və biz qiymətlərin tənzimlənməsinin şahidi olduq".

O, taksilərin sayının çox olmasının hökuməti niyə narahat etdiyini anlamadığını vurğulayıb: "Hazırda taksilər lisenziya ilə işləyir. Onlar dövlətə vergi də ödəyirlər. Belə olan halda hökumətin narahatlığını anlamaq mümkün deyil. Belə çıxır ki, bazarda hansısa hegemon oyunçunun olmasında maraqlıdırlar. Azərbaycan hökuməti yenə böyük şirkətlərin maraqlarının lobbiçiliyini edir, nəinki vətəndaşların maraqları haqqında düşünür".

N.Cəfərlinin sözlərinə görə, taksilərin sayı azaldıqca qiymət yüksələcək: "O plan baş tutsa, Azərbaycanda taksi qiymətlərinin ən azı iki-üç dəfə artmasının şahidi olacağıq. Bununla belə, nə keyfiyyət dəyişikliyi, nə komfort dəyişikliyi gözlənilir, sadəcə qiymətlər artacaq".

İqtisadçı düşünür ki, həmin ixtisarlar taksi sürücülərin işsizliyinə də səbəb olacaq: "Birdən-birə 40 min işsizi işlə harada və necə təmin edəcəklər? Bəyəm 40 min avtobus var ki, onları avtobus sürücüsü kimi işə götürsünlər? Bu, absurddur. Bundan başqa, avtobus sürücülərin sürücülük kateqoriyası fərqlidir".

XS
SM
MD
LG