Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:03

Bir daha taxıl sazişinin önəmi barədə


Türkiyə zabitləri İstanbuldakı birgə koordinasiya mətkəzində
Türkiyə zabitləri İstanbuldakı birgə koordinasiya mətkəzində

Dünyada ixrac edilən bütün taxılın təxminən üçdə biri - 60 milyon tona yaxın bölümünü elə Rusiya və Ukraynanın payına düşür

İyulun 22-də Türkiyə, Ukrayna və Rusiya nümayəndələri arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə imzalanan sazişə Türkiyə və Rusiya tərəfdən müdafiə nazirləri, Ukrayna tərəfdənsə infrastruktur naziri qol çəkib.

Saziş imzalandıqdan sonra ilk gəmi artıq Ukraynadan yola düşüb. Avqustun 1-də "Razoni" adlı quru yük gəmisi Livana getmək üçün Odessa limanından yola çıxıb. İlk gəminin ardınca digər gəmilərin də bəlli dəhliz və marşrutlar çərçivəsində yola çıxması planlaşdırılır. Təbii sual doğur: Bəs bu sazişin dünyanın taxıl təminatında hansı önəmi var?

Afrikanın taxıl ehtiyacının 40 faizini Rusiya və Ukrayna təmin edir

Dünyada hər il 785 milyon ton taxıl yetişdirilir. Bunun təxminən dördə biri – 200 milyon tona yaxın bölümü başqa ölkələrə ixrac edilir. Yerdə qalan hissə ölkələrin daxili təlabatına yönəldilir.

Nəzərə almaq lazımdır ki, başqa ölkələrə ixrac edilən taxılın təxminən üçdə birini - 60 milyon tona yaxın bölümünü elə Rusiya və Ukrayna ixrac edir.

Bu səbəbdən Rusiya-Ukrayna müharibəsi dünyanın taxıl bazarlarına ciddi təsir göstərib, axı Ukrayna bir yana, Rusiyanın da taxıl ixracı dayanıb. Bu, həmin ölkə hökumətinin taxıl ixracına tətbiq etdiyi məhdudiyyətlərdən qaynaqlanır. Hər iki ölkədən taxıl ixracının dayanması dünya bazarlarında ərzaq güvənliyi ilə bağlı risklərlə yanaşı, ciddi qiymət artımları doğurub. Tutalım, müharibədən öncə dünya birjalarında bir ton taxıl təxminən 200 avroya satılırdısa, müharibədən sonra bu qiymət iki dəfəyə yaxın yüksəlib.

Bu artım özəlliklə gəlirlərinin böyük bölümünü ərzağa xərcləyən azgəlirli ölkələrin vətəndaşlarına ciddi problemlər yaradıb.

Nəzərə almaq lazımdır ki, Afrika qitəsinin taxıl ehtiyacının 40 faizini Rusiya və Ukrayna təmin edir. Afrika İnkişaf Bankının açıqlamasına görə, müharibə ucbatından qitədə qida istehsalı 30 milyon ton azalıb. Qida məhsullarındakı inflyasiya isə 40 faizə yüksəlib.

Məsələn, Nigeriyada çörək və makaronun qiymətləri 50 faiz artıb. Yəməndə unun qiyməti 42 faiz yüksəlib. Suriyada çörəyin qiyməti ikiqat artıb.

Belə qiymət artımları Azərbaycandan da yan ötməyib. Dövlət Statistika Komitəsinin (DSK-nın) göstəricilərinə görə, Azərbaycanda çovdar çörəyinin orta bazar qiyməti bir il öncəylə müqayisədə 42.3 faiz, əla növ buğda çörəyi isə 37.8 faiz bahalaşıb.

Müharibədən əvvəl ixrac necə gerçəkləşirdi?

Müharibə başlayandan bəri Rusiyanın Ukraynada mülki infrastruktura zərbələr endirməsi bu ölkədən məhsul ixracını çətinləşdirib. Qeyd etmək lazımdır ki, Ukrayna dünya taxıl bazarında əsas oyunçulardan sayılır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumat bazasına görə, Ukrayna ildə 33 milyon ton taxıl yetişdirir və bu baxımdan dünyanın ən böyük 7-ci taxıl istehsalçısıdır.

Ukrayna qlobal buğda bazarında 10 faizlik, qarğıdalı bazarında 15 faizlik, arpa bazarında isə 13 faizlik paya sahibdir. Bu ölkə dünyadakı bitki yağı bazarında da ciddi oyunçu sayılır. Dünyadakı günəbaxan yağı istehsalının yarısına yaxını burada gerçəkləşdirilir.

Müharibədən öncə Ukrayna öz taxıl ixracının 90 faizini dəniz nəqliyyatı ilə gerçəkləşdirirdi. Müharibəyə görə gəmilərin limanlara yaxınlaşması çətinləşdiyindən, ilk vaxtlar quru yolu alternativindən yararlandılar.

Bu zaman taxıl daha çox yük maşınları və dəmir yolu ilə daşınırdı. Ancaq Ukrayna dəmiryol relslərinin və vaqonlarının Avropa İttifaqı standartlarıyla müqayisədə daha enli olması bu prosesi çətinləşdirdi, çünki həmin vaqonların Avropa Birliyi sərhədində yeni vaqonlara yüklənməsi qaçılmaz olurdu.

Bu məqam daşınma müddətini artırdı və o səbəbdən Ukrayna taxılının Avropaya nəqli üç həftəyədək uzanmağa başladı. Nəticədə, müharibədən əvvəl Ukrayna ayda 7 milyon ton taxıl ixrac edə bildiyi halda, bu rəqəm 1.5 milyon tona endi.

Taxılı ən çox hansı ölkələr idxal edir?

Beynəlxalq ticarət göstəricilərinə görə, dünyada ən çox buğda idxal edən ölkə Misirdir. Misir hər il xarici ölkələrdən 5.2 milyard dollar həcmində buğda alır. İkinci yerdə gələn Çinin hər il idxal etdiyi buğdaya 3.47 milyard dollar xərcləyir. Buğda idxalına görə üçüncü yerdə qərarlaşan ölkə Türkiyədir. Türkiyənin hər il buğda idxalına 2.44 milyard dollar xərci çıxır.

Bəzi ekspertlərin fikrincə, Türkiyənin Ukrayna və Rusiya arasında imzalanan taxıl sazişində aktiv vasitəçi rolu oynaması həm də bu ölkənin buğda idxalından ciddi asılılığından qaynaqlanır.

Nigeriya (2.15 milyard dollar) və İndoneziya da (2.08 milyard dollar) ən çox buğda idxal edən ölkələrin ilk beşliyindədir. Buğda idxalına görə ilk sırada duran Misirin ən çox idxal gerçəkləşdirdiyi ölkə elə Ukraynadır.

Digər bir vacib dənli məhsulu - qarğıdalını ən çox idxal edən ölkələrsə Meksika (3.15 milyard dollar), Yaponiya (2.94 milyard dollar), Cənubi Koreya (1.92 milyard dollar), Vyetnam (1.85 milyard dollar) və İspaniyadır (1.72 milyard dollar). Arpa idxalına görə idxaldan ən çox asılı olan ölkələr Çin (1.77 milyard dollar), Səudiyyə Ərəbistanı (1.38 milyard dollar), Hollandiya (512 milyon dollar), Belçika (369 milyon dollar) və Almaniyadır (307 milyon dollar).

Hazırda Ukraynanın anbarlarında 20-25 milyon ton taxılın olduğu bildirilir.

XS
SM
MD
LG