Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:36

Tərtər işgəncələrinə görə dörd nəfərə 40 ilə yaxın cəza istəndi


Həbs
Həbs

2017-ci ildə Tərtərdə yüzlərlə hərbçiyə işgəncə verməkdə suçlananlardan dörd nəfərin mühakiməsi yekunlaşır. Bunlar Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçular Ramil QarayevRüstəm Ələsgərovdur.

Tərtər işgəncələri ilə bağlı mühakimə olunanların hamısının işi üzrə araşdırmaları Bakı Hərbi Məhkəməsinin hakimləri aparsalar da, məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir.

"Mən adi MAXE idim"

Oktyabrın 10-da məhkəmədə prokuror Orxan Səmədov deyib ki, adları çəkilən şəxslərə verilən ittihamlar sübuta yetirilib. Prokuror təklif edib ki, R.Ələsgərova 12 il, V.Ələsgərova 10 il, R.Niftəliyevə 9 il, R.Qarayevə isə 8 il 6 ay həbs cəzası verilsin.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 293-cü (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341-ci (vəzifə səlahiyyətlərini aşma) və s. maddələri ilə ittiham olunurlar. MAXE olmuş R.Ələsgərov işgəncə nəticəsində həyatını itirmiş şəxslərin ölümündə də suçlanır. Ancaq o deyir ki, kimsəsiz olduğundan başqalarının təqsirini onun üzərinə atıblar: "Yetim adamam, heç kimim yoxdur. Xəstə uşağıma dərman ala bilmirəm. Mən günü 20 manata kanalizasiya təmizlədiyim yerdə gəlib məni tutublar. Mən adi MAXE idim. Orada adamları yığıb, işgəncə verdikləri binanın mühafizəsinə aparmışdılar bizi. Məni heç binanın içinə buraxmırdılar".

Oktyabrın 10-da prokurorun çıxışından öncə həm zərərçəkənlər, həm də təqsirləndirilən şəxslərin vəkilləri bir sıra vəsatət qaldırıblar.

Hər iki tərəf müdafiə naziri Zakir Həsənov, hərbi prokuror Xanlar Vəliyev, onun müavini Şəfahət İmranov, indiki və keçmiş Baş Qərargah rəisi olan Nəcməddin Sadıqov və Kərim Vəliyev də daxil, yüksək vəzifəli şəxslərin dindirilməsinin vacib olduğunu vurğulayıblar.

"Yuxarı komandanlıq yoxdur ortada"

"İttiham aktında yazılıb ki, "yuxarı komandanlığın əmri ilə mütəşəkkil dəstə yaradılıb, bu cinayətlər törədilib". Bəs mütəşəkkil dəstəni yaradan yuxarı komandanlıq hanı? Yuxarı komandanlıq yoxdur ortada...", - V.Ələsgərovun vəkili Samir İsayevin sözləridir.

Tərtər hadisələrində işgəncə nəticəsində ölən hərbçi Elçin Quliyevin anası Validə Əhmədova bildirib ki, üstündən altı il keçsə də, oğlunu kimin öldürdüyünü hələ öyrənə bilməyib. O bu hadisələrdə əli olan şəxslərə dövlətə xəyanət və qəsdən adam öldürmə ittihamları verilməsini, bu əsasla da işin ibtidai istintaqa qaytarılmasını tələb edib.

İşgəncə nəticəsində həyatını itirən başqa bir hərbçi Süleyman Kazımovun qardaşı Əhəd Kazımov deyir ki, korpus komandiri olmuş general Hikmət Həsənovun nəinki məsuliyyətə cəlb olunmaması, ümumiyyətlə, dindirilməməsi anlaşılan deyil: "Sanki sürücüsü Hikmət Həsənov olan avtobusda mütəşəkkil dəstə var. Avtobus aşıb. Amma sürücü ortada yoxdur...".

Prokuror adları çəkilən yüksək vəzifəli şəxslərin çağrılıb dindirilməsinə etirazını bildirərək deyib ki, "Tərtər işi" üzrə istintaq davam edir. Bu məhkəmədə dörd nəfərin işinə baxılır.

Həmin arqumentə dayanan məhkəmə qaldırılmış vəsatətlərin heç birini təmin etməyib.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı hazırda üç qrupun məhkəməsi gedir. İki qrupun hərəsində dörd nəfər, bir qrupda isə beş nəfər mühakimə olunur.

2021-ci ilin dekabrında "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələri ilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. Beş nəfərlik daha bir qrup da Beyləqandakı işgəncə iddiaları ilə əlaqədar mühakimə olunur.

2017-ci ildə "Tərtər işi" çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Onlara 20 ilədək həbs cəzası kəsilib. Amma 2021-ci ilin dekabrında yenidən araşdırmalar başlanandan sonra dövlətə xəyanətdə suçlanan şəxslərdən 19 nəfərin işinə də yenidən baxılıb və onlar bəraət alıblar. Həmin şəxslər hazırda Tərtər işgəncələri ilə bağlı məhkəmələrdə də zərərçəkmiş qismində iştirak edirlər.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan çox olduğunu deyirlər.

İşgəncə nəticəsində ölənlərdən beş nəfərə sonradan bəraət verilib.

XS
SM
MD
LG