Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:14

'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`


"Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili)
"Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili)

Keçmiş MTN müstəntiqinin fevralın 9-da keçirilən məhkəməsində "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili) da dindirilib.

"Biz hələ o vaxt Milli Təhlükəsizlik Nazirliyini - MTN-i "Milləti Talayan Nazirlik" adlandırırdıq", - bunu deyən Nəsrəddin Sultanov vaxtilə MTN-də bir sıra səs-küylü işlərin istintaqını aparmış, hazırda həbsdə olan müstəntiq Vüsal Ələkbərovun cinayət işində şahiddir. O bu işdə zərərçəkmişlərdən birinin - Elşən Mədətovun da bibisioğludur. MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun Elşən Mədətovdan 250 min dollar aldığı iddia edilir.

Buna da bax:​ 'Çanaqqala' restoranının sahibi: 'Pulu MTN-ə aparanda 4 nəfər idik...'

"MTN elə zülmət yerdir ki..."

Cinayət işinin materiallarına görə, Elşən Mədətov 2007-ci ildə “Texnikabank”a (filialına) illik 12 faizlə 623 min avro əmanət qoyub. İlk aylar faizləri alıb, 2008-ci ilin iyun-iyul aylarında isə faizlər gecikdirilib. 2008-ci ilin avqustunda Fransadan qayıdanda eşidib ki, bankın əmanət qoyduğu filialının müdiri Zal Yusifov həbs olunub.

"Texnikabank" işi MTN-də araşdırılıb. Orada kimlərin əmanət saxladığı müəyyənləşdirilib və onlar bir-bir MTN-ə çağrılıb. Eyni hadisə Elşən Mədətovun da başına gəlib. Ondan əvvəlcə 100 min, daha sonra 150 min olmaqla, 250 min dollar alınıb.

Buna da bax:​ Vüsal Ələkbərov işi: 'Bilirəm, Eldar Mahmudov toy eləyir...'

Nəsrəddin Sultanov deyir ki, dayısı oğlundan MTN-də pul tələb edəndə, o da Elşən Mədətova 30 min manat verib. Şahidin sözlərinə görə, dayısı oğlundan sonra Vüsal Ələkbərov onun özünü də həbslə hədələyib və 50 min manat istəyib. Amma o, pul verməyib: "Vüsal Ələkbərov məni hədələyib soruşurdu ki, banka qızımın və yoldaşımın adına qoyduğum pulları haradan almışam. Mən MTN-in rəhbərliyinə ərizə ilə müraciət etdim. Bundan sonra məndən əl çəkdi”.

MTN müstəntiqinin fevralın 9-da keçirilən məhkəməsində "Təzadlar" qəzetinin baş redaktoru Asif Məmmədov (Mərzili) da dindirilib. O, işadamı Hüseyn Səfərovun tutulub, tələb edilən məbləği ödəyəndən sonra azadlığa buraxılması məsələsiylə bağlı şahid qismində tanınıb. İşadamının azadlığa buraxılması onun sağlıq durumunun həbsdə qalmasına imkan verməməsi ilə əsaslandırılıb. Bu haqda tibbi rəy verən ekspertlər də dindirilib.

Buna da bax: MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'

Hüseyn Səfərov deyir ki, həbs edilərkən, durumu daha ağır olsa da, onu dörd divar arasına saldılar və yalnız tələb olunan pulu verəndən sonra həbsdən buraxılmasına əsas yaratdılar.

"MTN elə zülmət yerdir ki, oranı xatırlamaq belə istəmirəm. Həbs olunduğum ilk günlərdə şəkərim yüksək idi. Daha sonra... MTN-də mənə yağlı yemək verilmədiyindən, şəkərim də normasında olmalı idi. Vüsal Ələkbərov deyirdi ki, bizdə elə aparat var, şəkəri yüksək göstərir. Buna görə də mənim şəkərim yüksək göstərilib. Müayinə olunmağım üçün təşəbbüs də özlərindən gəlib, mənim bu haqda müraciətim olmayıb. Həmin vaxt həkimlər də məni Vüsal Ələkbərovun kabinetində müayinə ediblər”, - zərərçəkmiş Hüseyn Səfərovun sözləridir.

Yeri gəlmişkən, Hüseyn Səfərov da “Texnikabank”ın əmanətçilərindən olub.

Buna da bax:​ 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

"Çox şey danışa bilərəm, amma danışmıram"

"Təzadlar”ın baş redaktoru Asif Məmmədov (Mərzili) deyir ki, Hüseyn Səfərovla 2011-ci ildə - Azərbaycan Beynəlxalq Universitetinin (ABU-nun) rektoru Elşad Abdullayevin şikayətlərini araşdırarkən tanış olub. Onun sözlərinə görə, Hüseyn Səfərov söhbətlərin birində deyib ki, MTN-də istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev və idarənin şöbə rəisi Vüsal Ələkbərov ondan 2 milyon dollar alıb: "Dedi ki, pulu özü həbsdə olarkən oğlu gətirib Vüsal Ələkbərova verib. Sonra danışdı ki, Vüsal Ələkbərovun həbsindən sonra təcridxanada onunla üzləşdirilib. Mən də bütün bu faktları qəzetdə dərc etmişəm".

Vüsal Ələkbərovu yaxşı tanıdığını, onun həbsdə saxlanılmasını istəmədiyini deyən baş redaktorun sözlərinə görə, qəzetdə silsilə yazılardan sonra Mövlam Şıxəliyev redaksiyaya müraciət edərək, şantaj xarakterli mesaj göndərib: "Mesajın hədə-qorxu hissəsini çıxarmaqla, qalan hissəni qəzetdə dərc etmişik. Mövlam Şıxəliyev mesajında Hüseyn Səfərovun yalan danışdığını deyib. Hiss edirdim ki, Mövlam Şıxəliyevin mesajında qorxu hissi var”.

Buna da bax:​ 'MTN işi'ndə bu dəfə bankir danışdı

Buna cavab olaraq, sabiq MTN müstəntiqi bildirib ki, o da Asif Məmmədovu (Mərzilini) yaxşı tanıyır, onun haqqında çox söz sözləyə bilər, amma demir: "Nə demək istədiyimi Asif müəllimin özü yaxşı bilir”.

Bu sözlər baş redaktorun xoşuna gəlmədiyindən, o deyib: "Burada şifrəli danışır. Sabah da yazacaqlar ki, Asifin kiminləsə əlaqəsi olub. Nə lazımdır desin, hər kəs də bilsin. Daha gizli danışmaq nəyə lazımdır?”.

Amma Vüsal Ələkbərov danışmaq istəməyib.

Məhkəmə davam edir.

Xatırlatma

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, V. Ələkbərov iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Buna da bax:​ Çovdarov: 'Prokurorluq oğlumdan rüşvət istəyib...'

Vüsal Ələkbərovun təxminən 1 milyon 270 minlik əmlakının üzərinə həbs qoyulduğu bildirilir.

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

XS
SM
MD
LG