Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Türkmənistanda əhaliyə nəzarət gücləndirilir


Aşqabadda yol polisi, arxiv fotosu
Aşqabadda yol polisi, arxiv fotosu

Son təzyiq dalğası hökumətə işləyənlərdən də yan keçməyib.

Türkmənistanın hüquq-mühafizə orqanlarındakı mənbələr hakimiyyətin Qazaxıstandakına bənzər etirazlardan ehtiyatlandığını deyir. AzadlıqRadiosu-nun Türkmənistan xidməti bu səbəbdən əhalinin gündəlik həyatına nəzarətin gücləndirildiyini xəbər verir. Belə ki, yaşayış məskənlərinə polis yerləşdirilir, adamların telefonları yoxlanır.

Bu həftə Marı vilayətinin eyniadlı paytaxtından gecə komendant saatı tətbiq olunub.

Polis küçələrdə keşik çəkir

“Komendant saatı axşam 9-da başlanır, polis maşınları bütün gecəni küçələrdə keşik çəkir”, – Marının bir sakini deyib.

Bütün regionda təhlükəsizlik tədbirləri gücləndirilib. Küçədə dayanıb söhbət edən insanlara polis maşınları yaxınlaşır, əməkdaşlar onların dağılışmasını tələb edir.

Sakinlər deyirlər ki, polis COVID-19-un yayılmasını önləmək üçün “sosial məsafə” qaydalarını həyata keçirməyə çalışdığını bildirir. Amma hökumət indiyədək Türkmənistanda koronavirusa bircə yoluxmanın belə olmadığını iddia edir. Tibb işləri isə virusa xeyli adamın yoluxduğunu, öldüyünü xəbər verirlər.

Xəbərdarlıq

Polis əməkdaşları bəzən gəncləri saxlayaraq onların mobil telefonlarını alır, mesaj və kontakt siyahılarını yoxlayırlar. Bütün bunları radioya danışan sakinlər adlarının çəkilməsini istəməyiblər.

Bəzən xarici ölkələrdə qohumu işləyən, yaxud təhsil alan sakinlərin evlərinə qəfil ziyarətlər də olur. Polis əməkdaşları onlara xəbərdarlıq edirlər ki, qohumları Türkmənistan hökumətinin əleyhinə mesajlar yaymasın, bəyanat səsləndirməsinlər.

Son təzyiq dalğası hökumətə işləyənlərdən də yan keçməyib. Marıdakı bir mənbənin sözlərinə görə, “hökumət idarələri işçilərinə xəbərdarlıq ediblər ki, övladları, qohumları internetdə hökumət əleyhinə hər hansı bəyanat səsləndirsələr, dərhal işdən çıxarılacaqlar”.

Qorxu

Hüquq-mühafizə orqanlarından mənbələr bütün bu tədbirlərin Qazaxıstandakı etirazlarla bağlı olduğunu deyiblər. Ötən həftə Qazaxıstanın Türkmənistanla sərhəd Mangistau vilayətində yanacağın bahalanmasına etiraz aksiyaları keçirildi.

“Qazaxıstandakı etirazlardan sonra hakimiyyət oxşar iğtişaşların bizim ölkəmizdə də baş verə biləcəyindən narahatdır”, – bir əməkdaş anonimlik şərtilə radioya deyib.

Ancaq Türkmənistanda hökumətə qarşı etiraz çox nadir hadisə sayılır, çünki hökumət indiyədək fəallara və tənqidçilərə amansız divan tutub.

Ölkədə ifadə azadlığı mövcud deyil, son illər xaricdəki türkmən fəallar onlayn platformalarda səslərini ucaldırlar.

Ərzaq qıtlığı

Türkmənistanın zəngin qaz resurslarına baxmayaraq, əhalinin böyük əksəriyyəti yoxsulluq içində yaşayır. İşsizlik, ərzaq qıtlığı, bahalıq üstəgəl geniş yayılmış korrupsiya, vətəndaş azadlıqlarının yoxluğu həyatı çətinləşdirib.

Bu arada hökumət paytaxt Aşqabadda bəzi ərzaq məhsullarının subsidiyalı qiymətlərinin ləğvilə bağlı qərara narazılıq bildirənlərə təzyiq göstərir.

Yanvarın əvvəlində polis əməkdaşları ötən ay bəzi hökumət mağazalarında güzəştli ərzaq qıtlığı haqda petisiyaya imza atanların evlərində olub. Petisiyanı imzalayanların çoxu təqaüdçülərdir.

Onların bəziləri polis şöbələrinə aparılaraq dindirilib, rəsmi ittihamla təhdid olunublar. Türkmənlərin çoxu yaşamaq üçün güzəştli ərzaqdan asılıdırlar.

XS
SM
MD
LG