Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:58

Türkmənistanda büdcə işçilərindən sosial şəbəkələrdəki hesablarını bağlamaları tələb olunur


Aşqabadda internet-kafe
Aşqabadda internet-kafe

"Dövlət işçilərinin mobil telefonlarını yoxlayır, onlardan IMO messencerində və digər sosial şəbəkələrdə hesablarını bağlamalarını tələb edirlər", - yerli büdcə təşkilatlarından birinin əməkdaşı AzadlıqRadiosunun müxbiri ilə anonim söhbətində deyib.

Dövlət işçiləri həmçinin ölkədə bloklanmış saytlara daxil olmaq üçün VPN xidmətlərindən istifadə etdiklərinə görə işdən çıxarılmaqla hədələnirlər .

Türkmənistanda Facebook, Instagram, Twitter, WhatsApp, Telegram və Viber kimi böyük sosial şəbəkələrin saytları, həmçinin 122 mindən çox internet domeni bloklanıb.

Türkmənlər həm də ölkədən kənarda işləmək və ya oxumaqda olan doğmaları və dostları ilə əlaqə saxlamaq üçün sosial şəbəkələrdən istifadə edirlər.

Amma bunu başa salmağa çalışanda dövlət rəsmiləri onlara VPN-dən və bloklanmış saytlardan istifadənin qadağan olunması ilə bağlı xəbərdarlıq edirlər.

"Onlar qohumlar, hansı ölkələrdə yerləşdikləri və hansı məqsədlə getdikləri barədə bütün məlumatların verilməsini tələb edirlər”, – AzadlıqRadiosunun həmsöhbəti bildirib.

Dövlət işçiləri deyirlər ki, belə tələblər dövlət qurumlarında işləməyi daha dözülməz edir.

"Nə vaxta qədər dözüb işləmək olar?"

"Dövlət işində qalmaq hər gün çətinləşir. Anlaşılmaz qaydalar tətbiq edirlər, maaşlardan tuturlar, şəxsi telefonlarını yoxlayırlar, bütün bunlar getdikcə daha çox insanın büdcə təşkilatları tərk etməsinə səbəb olur. Davamlı təzyiq və işdən çıxarılma hədəsi altında nə vaxta qədər dözüb işləmək olar?", – başqa bir dövlət işçisi deyir.

Mənbə deyir ki, sosial şəbəkələrdən istifadəyə qoyulan qadağa əvvəllər yalnız hərbi və hüquq-mühafizə orqanlarının əməkdaşlarına şamil edilib.

"Amma onlar hələ də telefon nömrəsini hansısa qohumunun adına qeydiyyata salırdılar və internetə daxil olmağa davam edirdilər", – Ahal sakini deyir.

Türkmənistan ölkədə işsizliklə bağlı rəsmi statistikanı, habelə dövlət və özəl sektorda işləyən vətəndaşların payına dair məlumatları dərc etmir. Ancaq mənbələrə görə, ölkədə iş yerlərinin əhəmiyyətli bir hissəsi dövlət sektorundadır.

Türkmənistan hökuməti internetə çıxışı və rəqəmsal məkanda məlumat azadlığını məhdudlaşdırmaq səyləri ilə tanınır. 2019-cu ildən Türkmənistanda internet istifadəçilərinə nəzarəti təmin edən Kiber Təhlükəsizlik Xidməti fəaliyyət göstərir.

Ölkədə internetin geniş şəkildə bloklanması səbəbindən VPN proqramları geniş populyarlıq qazanır. "Techopedia"nın məlumatına görə, 2023-cü ildə türkmən internet istifadəçiləri Google axtarış sistemi vasitəsilə VPN serverlərinin axtarışı üzrə dünyada birinci yeri tutublar.

Türkmənistan həm də dünyanın ən yavaş və ən bahalı interneti olan ölkələrdən biridir .

XS
SM
MD
LG