Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:32

Rusiya ortaasiyalı məhbusları Ukraynada döyüşməyə necə göndərir


Moskva həbsxanası
Moskva həbsxanası

24 yaşlı qırğızıstanlı əmək miqrantı Eleman Rusiya ordusu sıralarına 2023-сi ildə həbsxanada olarkən yazılıb. Ona cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə, böyük pullar və Ukraynada döyüşlərdə altı ay iştirak qarşılığında Rusiya vətəndaşlığı vəd olunub. Ailəsi deyir, narkotik qaçaqmalçılığına görə cəza çəkən Elemanı bir neçə günlük təlimdən sonra cəbhə xəttinə yollayıblar.

AzadlıqRadiosunun əməkdaşı Farangiz Nacıbullah və radionun qırğız xidməti Rusiyada ortaasiyalı məhbusların Ukraynadakı təcavüzkar müharibəyə getmək üçün üzləşdiyi təzyiqlərdən yazır.

Adı mümkün qisasla üzləşməmək üçün dəyişdirilən Eleman müqavilə müddətinin bitməsi və yaralı olmasına baxmayaraq, atası Anarkulun sözlərinə görə, döyüş meydanında məcburi saxlanılıb.

"Oğlum huşsuz halda bir neçə gün xəstəxanada keçirib. Özünə gələndən sonra əlində və qolundakı sarğılara baxmayaraq, yenidən müharibəyə göndərilib", – Anarkul deyərək əlavə edir: "Əgər sağsan və atəş aça bilirsənsə, onlar üçün bu yetərlidir ki, səni döyüş zonasına göndərsinlər".

Qırğızıstanın cənubi Oş bölgəsində yaşayan atası deyir ki, Eleman, nəhayət, bu ilin əvvəli daha ağır yaralanaraq əlilə çevriləndən sonra hərbidən geri çağırılıb.

O, Ukraynadakı müharibədə iştirak etmək üçün Rusiya ordusu sıralarına qatılan minlərlə məhbuslardan biridir. Bununla rəsmi Moskva əhalinin yaxşı qarşılamadığı daha bir səfərbərlikdən qaçmağa çalışaraq tükənən qüvvələrini yeniləməyə can atır.

"Vaqner"in əsasını qoyduğu təcrübə

Ölkənin müdafiə nazirliyi bu işə 2023-cü ilin əvvəli başlayıb. Bu təcrübənin təməli 2022-ci ilin iyununda "Vaqner" muzdluları tərəfindən qoyulub. "Vaqner" 2023-cu ilin mayınadək 50 minə yaxın məhbusu döyüşlərə cəlb edə bilmişdi. Onlardan 20 faizi həlak olub.

Müdafiə Nazirliyi məhbusların orduya cəlb olunması təcrübəsini o dərəcədə genişləndirib ki, Rusiyada çoxlu sayda cəzaçəkmə müəssisələri boşalaraq bağlanılıb, - insan haqları fəalları deyirlər. "Həbsdə olan Rusiya" vətəndaş haqları təşkilatının direktoru Olqa Romanova deyir ki, təkcə bu il 53 həbsxana bağlanıb.

Nazirlik istintaq təcridxanalarını və əksəriyyəti Orta Asiyadan olan yüzlərlə miqrantların saxlanıldığı miqrant mərkəzlərini orduya yazılmaq məntəqələrinə çevirib.

Şəraiti dözülməz edirlər ki...

Məhbuslar, onların qohumları və insan haqları qruplarının qənaətincə, Rusiya rəsmiləri həbsxana şəraitini dözülməz və qeyri-insani ediblər ki, oradakılar öz istəyi ilə orduya qoşulsunlar.

"Onlar səni soyuq kamerada saxlayır, altında cəmi bir yastıq və içində isti su olan plastik butulkaların üstündə yatmalı olursan", - mərkəzi Rusiya həbsxanaların birində cəza çəkmiş qırğızıstanlı məhbus deyib.

AzadlıqRadiosu müstəqil şəkildə iddiaları yoxlaya bilməsə də, onlar Qırğızıstan, Özbəkistan və Tacıkistandan olan digər bir neçə məhbusun dediklərinə uyğun gəlir. Orduya miqrantları məcburi cəlb etmək üçün şiddətli döyülmə və psixoloji zorakılıqdan istifadə olunduğu bildirilir.

Qırğızıstanlı məhbuslardan birinin atası Svevrdlov bölgəsində cəzasını çəkən oğlunun sözlərinə istinadən deyir ki, "məhbuslar günlərlə qida və susuz təcridxana şəraitində saxlanandan sonra öz sidiklərini içməli olublar".

"7-8 il həbsxanada olan məhbuslardan bir neçəsi deyir ki, əvvəllər belə bir şey yaşamayıblar", – "Vaqner" qrupu tərəfindən müharibəyə cəlb edilən və 2023-cü ildə Ukraynada həlak olan Erlanın anası Gülnara Zakirova söyləyir.

Ukraynada müharibə Orta Asiya ölkələrinə ciddi ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

"Atəş xəttinə atılanlar"

Orduya çağırılandan sonra məhkumların həyatları barədə heç kəs düşünmür, -AzadlıqRadiosuna bir neçə keçmiş məhbus söyləyib.

"Onlar bizi cəbhə xəttinə atdılar, ən təhlükəli döyüş zonalarına cəlb etdilər. Onlar heç həlak olan məhbusların meyitlərini belə toplamırlar", – adının dəyişdirilməsini istəyən 24 yaşlı, şərti adı Azamat olan qırğızıstanlı məhbus söyləyib.

Müharibə zonasında cəmi iki ay olmasına baxmayaraq, o, artıq iki dəfə yaralanıb. "Heç kəsə oradan evinə qayıtmağa icazəsi verilmir", – o əlavə edib.

Bir müddət sonra Azamat ilə əlaqə yarada bilməyən AzadlıqRadiosu Rusiyada miqrant olan bacısından öyrənib ki, o, hərbi birləşməsinə qayıdıb.

"O deyir, əgər qayıtmaqdan imtina etsə, güllələnəcək", – bacısı deyib.

Qardaşının hərbi birləşməsində çoxlu qırğızıstanlı və özbəkistanlı var. Azamat onlardan öyrənib ki, müqaviləsi bitəndə onu heç kəs buraxmayacaq: "Adam burada ölənədək, ya çox ağır şikəst olanadək ilişib qalır".

Onun sözləri ilə Ukraynada müharibədə iştirak edən onlarla digər məhbusların danışdıqları arasında oxşarlıq var. Belə ki, onlar müqavilələri bitmək üzrə olanda yenidən ordu sıralarına yazılmağa məcbur edilirlər.

İmtiyazlar ona aid deyil

Oşda Elemanın atası Rusiya hakimiyyətinin orduya qoşulmaq üçün pul və digər stimullarla bağlı verdiyi vədlərə əməl etmədiyini deyir. Baxmayaraq ki, oğluna Rusiya vətəndaşlığı, birdəfəlik 5 min dollar pul və medallar veriblər, o, Rusiyadakı digər müharibə veteranları kimi, aylıq ödənişlər və imtiyazlar almır.

Qırğızıstanın məlumatına görə, Rusiya həbsxanalarında əksəriyyəti narkotik qaçaqmalçılığına görə həbs edilən 1500 ölkə vətəndaşı var. Rusiyada məhbus və saxlanılan taciklərin sayının Ukraynanın işğalından əvvəl 10 min nəfər olduğu təxmin edilirdi.

Rusiya həbsxanalarında ortaasiyalıların dəqiq sayı naməlumdur. Bundan əlavə onlardan neçəsinin müharibəyə qatıldıqları da dəqiq deyil.

Qırğızıstan cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün Rusiyadan yüzədək vətəndaşını qaytarıb. Lakin Rusiya rəsmi Bişkekin 500-dək digər oxşar sorğusunu rədd edib.

XS
SM
MD
LG