Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Orta asiyalı miqrant: 'Baxmutdan tacik kişilərin cəsədini göndərmişəm'


Ukraynadakı "Vaqner" muzdlu qruplaşmasına qoşulmağa məcbur edildiyi iddia olunan tacik işçi miqrant Karim.
Ukraynadakı "Vaqner" muzdlu qruplaşmasına qoşulmağa məcbur edildiyi iddia olunan tacik işçi miqrant Karim.

Bir gənc tacik miqrant ötən il orta asiyalı yüzlərlə işçinin "Vaqner" muzdlu qrupu ilə birlikdə Ukraynada döyüşməyə məcbur edildiyini deyir.

Karim (ad şərtidir) avqustun 14-də AzadlıqRadiosuna Ukraynadan qaça bildiyini və həyatı üçün qorxduğundan indi xaricdə yaşadığını deyib.

22-yaşlı gənc bir Rusiya şirkətində işə düzələndən sonra ötən ilin noyabrında Ukraynaya gəldiyini deyir. Dediyinə görə, işi 2014-cü ildən bəri, demək olar, tamamı Rusiya işğalındakı Luqansk bölgəsində səngər qazmaq olmalıymış.

Karim deyir ki, Sankt-Peterburqda çalışdığı ayaqqabı dükanı beynəlxalq sanksiyalara görə bağlanandan sonra işə təcili ehtiyacı yaranıb: "İnternetdə Luqanskda səngər qazmağa görə günə 60 dollar ödəndiyini yazan iş elanı gördüm. Elandakı nömrəyə zəng vuranda dedilər ki, Moskvaya gəlməlisən".

"Çarəsiz durumda olduğumdan razılaşdım"

"Yaxşı maaşlı" iş üçün icazə də tələb edilmirdi. Bu, vaxtı keçmiş sənədlərini yeniləməyə pulu olmayan Karimi daha da şirnikləndirib: "Moskvada işəgötürənlər məni əmin etdilər ki, iş Luqanskın təhlükəsiz yerlərində olacaq. Çarəsiz durumda olduğumdan razılaşdım".

Karim orada Qırğızıstan, Tacikistan və Özbəkistandan olan 200 işçinin arasında çalışdığını deyir. Onların hamısı Luqansk bölgəsinin Rusiya işğalı altında olan hissəsinə noyabrın 3-də gəlibmiş.

Gecəni rusların nəzarətindəki Kalinovka kəndində, əvvəllər uşaq bağçası olmuş binada keçirirlərmiş. Gün ərzində isə onları işləmək üçün Zaporojye vilayətinə aparırlarmış.

AzadlıqRadiosu bu iddiaları təsdiqlədə bilməyib.

Karim özünün digər şəxslərlə birlikdə yarımqazılı səngərlərdə çəkilmiş şəkillərini göstərib. O, fotoların birində üzərində "Z" yazılmış rus tankının qarşısında dayanıb. Karim bu şəklin noyabr ayında Zaporojyedə çəkildiyini deyir. Onun sözlərinə görə, səngərlərin qazılması noyabrın 20-də tamamlanıb. Ertəsi gün bir neçə nəfər orta asiyalı fəhlələrə baş çəkib. Rusiya Müdafiə Nazirliyinin nümayəndələri, çeçen lideri Ramzan Kadırovun nəzarətindəki döyüşçülər və bir neçə "Vaqner" döyüşçüsü də onların arasında olub.

Təhlükəsizliyə görə əsl adını açıqlamaq istəməyən Karim Luqanskda xəndək qazmaq üçün işə götürüldüyünü deyir
Təhlükəsizliyə görə əsl adını açıqlamaq istəməyən Karim Luqanskda xəndək qazmaq üçün işə götürüldüyünü deyir

""Vaqner" nümayəndələri bizə dedilər ki, Ukrayna müharibəsində onlara kömək etsək, bizim hər birimizə və ailə üzvlərimizə Rusiya vətəndaşlığı verəcəklər", - Karimin sözləridir.

"Bizim aramızdan heç kim müharibəyə qoşulmağa razı olmadı. Sonra silahla bizi avtobuslara minməyə məcbur etdilər. Hara aparıldığımızı soruşanda dedilər ki, "Gedirik, vəssalam"", - yenə Karimin dediklərindəndir.

Karim iddia edir ki…

Rusiya Prezidenti Vladimir Putinin "qədim" dostu milyarder Yevgeni Priqojinin başçılıq etdiyi "Vaqner" qrupunun Ukrayna müharibəsində törədilmiş bir çox cinayətlərlə əlaqəsi var. Bura ötən ilin martında Buça şəhərində mülki şəxslərin qətliamı da daxildir.

Karimin sözlərinə görə, muzdlular orta asiyalıları Ukraynanın şərqindəki Baxmut şəhərinə gətiriblər. Burada miqrant fəhlələrə üç gün təlim keçilib və onlara silahdan istifadə qaydaları öyrədilib. Dördüncü günsə onlara silah verilib və "Vaqner" döyüşçüləri ilə birlikdə döyüşmək əmr edilib.

Karim iddia edir ki, qarşıdakı bir neçə ay ərzində "Vaqner"ə tərcüməçilik və yeni cəlb olunan orta asiyalılara isə bələdçilik edib: "Beş-altı dəfə [Baxmutdan] Tacikistana meyit göndərmişəm".

Baxmutda ölən orta asiyalıların sayı bilinmir. Mayda ruslar şəhəri ələ keçirəndən sonra Priqojin Baxmutda 20 min döyüşçüsünün öldüyünü etiraf edib.

Vətəninə qayıtmaqdan qorxur

Karim özünün dediyinə görə, dostlaşdığı komandirindən bir neçə günlük məzuniyyət aldıqdan sonra fevralda Ukraynadan qaça bilib. O, cibində maaşından qalan 1000 dollarla hazırda olduğu ölkəyə qaçıb.

2019-cu ildə yaşadığı Düşənbədən Rusiyaya işləmək üçün gedən gənc vətəninə qayıtmağa çox qorxduğunu deyir.

Karim düşünür ki, ölənlərin ailələri ilə əlaqə saxlayanda özünü tanıtdığından Tacikistan rəsmiləri onu keçmiş "Vaqner" üzvü bilirlər.

Ötən il Tacikistan hökuməti xarici hərbi münaqişələrə qatılmaqdan çəkindirmək üçün öz vətəndaşlarına xəbərdarlıq edib.

Bu yaxınlarda Qırğızıstanda iki nəfər saxlanıb. Onlardan biri Ukraynada muzdlu kimi döyüşdüyündən həbs cəzasına məhkum edilib.

"Tacikistanda ədalətli məhkəmə görəcəyimə təminat alsam, evə qayıdaram. Mən Ukraynaya necə gedib çıxdığımı və nə üçün "Vaqner" ilə birlikdə vuruşmalı olduğumu danışmaq istəyirəm", - Karimin sözləridir.

XS
SM
MD
LG