Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:04

Ukrayna Rusiyanın Kursk vilayətində üç kəndi ələ keçirib


Suca kəndi
Suca kəndi

Rusiyada Kursk vilayətinin hakimiyyət orqanları Ukrayna ordusunun hücumu əsnasında əhalini qan verməyə çağırıblar.

Rusiyanın hərbi blogerləri Ukrayna qoşunlarının Kurskda bir neçə kəndi ələ keçirməsindən və Rusiya ərazisinin içərilərinə doğru hücumu davam etdirməsindən yazırlar.

Bu da xəbər verilir ki, avqustun 6-da Suca rayonuna müdaxilə edən Ukrayna hərbçiləri sərhədyanı bölgədə mövqelərini möhkəmləndiriblər.

Rusiya blogerləri yazırlar ki, Ukrayna silahlı qüvvələri Nikolayevo-Daryino, Daryino və Sverdlikovo kəndlərini zəbt ediblər.

Blogerlərin məlumatına görə ukraynalılar Rusiyanın 11 kəndində olublar və 15 kilometrlik məsafədə ərazinin içərilərinə doğru irəliləyiblər.

Hərbi teleqram kanallarından Colonelcassad məlumat verir ki, Ukrayna hərbçiləri Suca qazölçmə stansiyasını ələ keçiriblər. Ukrayna ərazisindən Avropaya verilən Rusiya qazı bu stansiyadan keçir.

Hücumda Ukraynanın bütöv bir briqadası iştirak edir?

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” teleqram kanalı yazır ki, ötən gecə döyüşlər Qonçarovka və Oleşnya kəndlərində gedib.

Kanal bunu da bildirir ki, Oleşnyadakı Rusiya hərbçiləri tam mühasirəyə düşüblər.

“Rıbar” teleqram kanalının məlumatına görə bütünlükdə Kursk vilayətinə Ukraynanın 400-dək hərbçisi daxil olub və sərhəd boyunca bu əməliyyata dəstək verilməsi üçün 2000-dək hərbçi cəmləşdirilib.

Başqa bir məlumatda isə deyilir ki, Rusiya ərazisinə Ukrayna silahlı qüvvələrinin bütöv bir briqadası müdaxilə edib. Bu ən azı min əsgər deməkdir.

Bu da xəbər verilir ki, Kursk vilayətinə hücum zamanı Ukrayna hərbçiləri iki Rusiya əsgərini əsir götürüblər. Bu hadisə avqustun 6-da Ukrayna teleqram kanallarında yayılan videolarda əksini tapıb.

“Vladimir Vladimiroviç vəziyyəti şəxsi nəzarətində saxlayır...”

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bütün müddətli xidmətdə olan hərbçilərin sərhədyanı rayonlardan çıxarılmasını əmr etmişdi.

Putin həmin gün Təhlükəsizlik Şurasının iclasını keçirib. O Ukrayna hərbçilərinin hücumunu “təxribat” adlandırıb və onları mülki obyektlərə hücumlarda ittiham edib.

Kusrk vilayəti qubernatorunun əvəzi Aleksey Smirnov Putinlə telefonla danışdığını deyib:

"Gecə telefon vasitəsilə ali baş komandana operativ vəziyyət barədə məlumat verdim. Vladimir Vladimiroviç vəziyyəti şəxsi nəzarətində saxlayır. Prezident vurğuladı ki, bizim regiona dəstək bütün istiqamətlər üzrə göstəriləcək...”

Əhalinin təxliyəsinə başlanıb

Rusiya Müdafiə Nazirliyi ötən axşam Ukrayna hərbçilərinin regiondan sıxışdırılıb çıxarıldığını xəbər vermişdi, lakin bu məlumat sonradan saytdan silinib. Nazirlik əvəzində “Ukrayna hərbçilərinin irəliləməsinin qarşısının alındığını və Ukrayna tərəfinin ağır itkilər verdiyini” iddia edib.

Ukrayna tərəfi sərhəd üzərindən hücum etdiyinə dair xəbərləri şərh etmir. Ukrayna ordusunun Kursk vilayətinə hücumu müharibə başlanandan bəri Rusiya ərazisində keçirilmiş ən böyük hücum əməliyyatı olub.

Kursk vilayətinin baş ştatdankənar cərrahı Andrey Loktionov TASS agentliyinə deyib ki, hücum nəticəsində 28 yerli sakin xəsarət alıb.

Kursk qubernatorunun əvəzi Aleksey Smirnov bildirib ki, hücum nəticəsində azı üç yerli sakin həlak olub.

Smirnov gileylənib yerli əhali onun evakuasiyaya dair çağırışlarına cavab vermir. Onun sözlərinə görə buna baxmayaraq 200-dək sakin avtobuslarla təxliyə edilib, daha min sakin ərazini öz maşınları ilə tərk edib.

XS
SM
MD
LG