Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:10

Rusiyada rejissoru savaş əleyhinə olan kino yasaqlana bilər


"Usta və Marqarita"nın yeni film versiyası
"Usta və Marqarita"nın yeni film versiyası

Sovet yazıçısı Mixail Bulqakovun ilk dəfə 1966-cı ildə işıq üzü görən klassik "Usta və Marqarita" romanında şeytan (əsərdə adı Volanddır) yazıçı İvan Bezdomnıya deyir ki, "əlyazmalar yanmır". Bu ifadə bütün əsər boyunca oxucunun diqqətində qalır: dövlət məmurları incəsənət və ədəbiyyat örnəklərini yasaqlamaq və məhv etmək üçün nə qədər çox çalışsalar da, ideyalar fərqli insanlara keçərək yeni həyat qazanır.

AzadlıqRadiosu gürcü xidmətinin əməkdaşı Cimşer Rexviaşvilinin yazısında deyilir ki, Bulqakovun bu əsəri öz alleqorik antisovet ritorikasına görə ziddiyyətli sayılır. Əsərə münasibətin özü də uzun zaman müəllifin bu fikrini təsdiqləyib. "Usta və Marqarita"nın ilk dəfə yanvarın 25-də Rusiyada böyük ekrana çıxan yeni film versiyası "Z-bloqerlər" kimi tanınan Kreml tərəfdarı bloqerləri qıcıqlandırıb. Rejissorun müharibə əleyhinə mövqeyi və əsərin tənqidi ruhu onları qəzəbləndirib.

"Film kitabdan da yaxşıdır"

Qəzəb o həddə çatıb ki, hətta bəzi kino tənqidçiləri filmin yasaqlanacağı barədə xəbərdarlıq edir, insanları onu mümkün qədər tez görməyə çağırırlar.

"Bunu deyəcəyimi düşünmürdüm, ancaq "Usta və Marqarita" (film nəzərdə tutulur) kitabdan da yaxşıdır. Film yasaqlanmamış tezcə baxın ona. Onu doğrudan da yasaqlaya bilərlər", - prodüser Yekaterina Vizqalovanın sözləridir.

Jurnalist İqor Dmitriyev də tamaşaçıları tələsməyə çağırıb. Ancaq o, insanlara maraqlı xəbərdarlığı da var. Deyib ki, filmi izləməyin özünü də, bəlkə, hökumət etiraz forması saya bilər: "Artıq kino zallarında üztanıyan proqramlı videokameralar var".

Başqa bir kino tənqidçisi - Anton Dolin Bulqakovun əsərinin yeni ekran versiyasını çox bəyənib. O, "Meduza"ya yazdığı rəyində Lokşinin filminin sovet rejimini tənqid edən orijinal əsərdəki kəskinliyi qoruyub saxlaya bildiyini, ancaq auditoriyaya klassik mətni innovativ tərzdə anlamaq imkanı verdiyini vurğulayıb.

Mixail Lokşin
Mixail Lokşin

Olub-bitənə baxmadan…

"Bütün Rusiya "Usta və Marqarita"ya baxır. Şər qüvvələr, gözlənildiyi kimi, qəzəblidir və filmin yasaqlanmasını, olub-bitənə baxmadan antisavaş mövqeyini açıq bildirməyə cəsarət edən Mixail Lokşininsə cəzalandırılmasını tələb etməklə hədələyirlər", - Dolin yazıb.

Filmin rejissoru Mixail Lokşin Los-Ancelesdə yaşayır. Öz çıxışlarında həm Ukraynaya qarşı müharibəni, həm də Rusiya hökumətini tənqid etdiyi üçün Z-bloqerlər onun məhkəmə qarşısına çıxarılaraq cəzalandırılmasını tələb ediblər. Onlar deyirlər ki, filmin özü antisovet olduğundan həm də antirusiya məzmunludur.

Film ekranlara çıxar-çıxmaz, Rusiyada kinoteatrlar biletləri çox tez satıb bitiriblər. Filmin göstərildiyi ilk həftəsonu boyunca 428 milyon rubl (4.8 milyon dollar) gəlir gətirib. Sosial mediada bir-birinin ardınca paylaşılan müsbət rəylər də özünü çox gözlətməyib.

Z-bloqerlər müharibəyə qarşı olan Lokşinin öz filmi üçün maliyyənin bir qismini Rusiya Dövlət Film Fondundan aldığını öyrənincə ab-hava dəyişib.

Rusiya Dövlət Film Fondu filmin büdcəsinin 2/3-ni maliyyələşdirib və bundan ötrü 10 milyon dollar ayırıb. Çəkilişlər Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bir il öncə başlanıb.

Kremlyönlü Teleqram kanalları Lokşinin sosial mediada paylaşılan rəylərinin skrinşotlarını dərc etmək üçün yarışa girib. Bu şərhlərdən birində Lokşin Rusiyanın Ukraynaya təzminat ödəməli olduğunu deyir. Başqa bir şərhində isə o, Rusiya qoşunlarının Buçada dinc Ukrayna vətəndaşlarını qırğına məruz qoyması ilə bağlı təhqiqat aparılmasından danışır.

Yuri Karanın rejissoru olduğu "Usta və Marqarita" filminin əvvəlki adaptasiyasından bir səhnə. Film 1994-cü ildə çəkilib, lakin 2011-ci ilə qədər Rusiya kinoteatrlarında göstərilməyib.
Yuri Karanın rejissoru olduğu "Usta və Marqarita" filminin əvvəlki adaptasiyasından bir səhnə. Film 1994-cü ildə çəkilib, lakin 2011-ci ilə qədər Rusiya kinoteatrlarında göstərilməyib.

"Öz ölkəsinin yenilməsini istəyən məxluq"

Ötən il fevralın 24-də paylaşdığı şərhdə isə o, bütövlükdə Rusiyanın məğlubiyyətindən, hücuma və müharibə cinayətlərinə görə cavabdeh olanların məhkəmə qarşısına çıxarılmasından, Rusiyanın imperiya və millətçi ideyalarının yenilməsindən və əhalinin militarist təbliğatın təsirlərindən təmizlənməsindən söz açır.

Teleqram tənqidçiləri tələsik Lokşini "rusofob" və "öz ölkəsinin məğlubiyyətini istəyən məxluq" adlandırıblar. Onun Kremlin günü-gündən böyüyən "ekstremist" və "terrorist" siyahısına salınmasına çağıranlar da olub. Kremlin rəsmi xəttini dəstəkləməyən hər kəs bu siyahıya salınır.

Lokşin ABŞ-da doğulsa da, 1980-ci illərin ortalarında valideynləri SSRİ-dən sığınacaq istəyiblər. Onlar ABŞ-da sosialist baxışlarına görə təqib olunduqlarını iddia ediblər. Lokşin Los-Ancelesdə yaşasa da, daha öncəki tammetrajlı filmini Rusiyada çəkib.

"Rusofobları maliyyələşdirirlər"

Mədəniyyət Nazirliyini də hədəfə alan Z-bloqerlər qurumu "əsl" vətənpərvərlərin öz əsərlərinə ianə toplamaq üçün əziyyət çəkdiyi ölkədə rusofobları maliyyələşdirməkdə günahlandırıblar.

Kreml təbliğatının tərəfdarları Stalin dövründə insanların dövləti tənqid etdikləri üçün döyülməsinin adi hal olduğu halda, indi sadəcə məhkəməyə çıxarılmağına təəssüf etdiklərini bildiriblər.

"Qolos naroda" (Xalqın səsi) ictimai hərəkatının nümayəndələri qanuni tədbir görülməsi üçün FSB və digər qurumlara müraciət ediblər.

O zamandan bəri Lokşinin sözügedən sosial media postları silinib. Rusiyalı yazıçı və Rusiyanın Ukraynaya müdaxiləsinin fəal dəstəkçisi Zaxar Prilepin iddia edir ki, rejissor onları ictimaiyyətin qəzəbindən qaçmaq üçün silib.

XS
SM
MD
LG