Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:56

Keçmiş GRU zabiti niyə Ukrayna tərəfdə vuruşmasından danışır


Vladislav Ammosov
Vladislav Ammosov

Vladislav Ammosov Rusiya ordusu və onun GRU kimi tanınan kəşfiyyat xidmətində 15 il çalışdığını deyir. Hazırda o Kiyevdədir və öz vətəninə qarşı vuruşmağa hazırdır.

"Mənim sədaqət andı içdiyim ölkə artıq mövcud deyil”, – o, AzadlıqRadiosunun Ukrayna xidmətinə söyləyib. Radionun Ukrayna xidməti Ammosovun Rusiya ordusundakı xidməti ilə bağlı sənədləri araşdırıb.

Kiyevin mərkəzində gəzinti zamanı Ammosov məhv edilmiş Rusiya hərbi maşınına baxmaq üçün dayanır:

"Bu adamlar nə üçün öldüklərini başa düşməyiblər. Sevinirəm ki, istədiklərini almayıblar. Sevinirəm ki, biz azad, çiçəklənən şəhərdə dayanmışıq. Eyni zamanda bu maşında olan uşaqlar üçün təəssüflənirəm. Rusiya normal ölkə olsaydı, onlar yaşaya bilərdilər”.

Azad Rusiya legionuna qoşulmaq istəyib

Rusiya Prezidenti Vladimir Putin 2022-ci ilin fevralında Ukrayna üzərinə tammiqyaslı hücuma başlayanda Ammosov Kiyevin tərəfində vuruşmağa hazır olan az sayda rusiyalıdan biri idi.

"Ukrayna səfirliyinə zəng vurub Azad Rusiya legionu ilə əlaqə yaratmağa çalışdım. Ancaq alınmadı. Demək olar ki, ümidimi üzdüm", – o xatırlayır. Azad Rusiya legionu Ukrayna silahlı qüvvələri daxilində Rusiya və Belarusdan olan könüllülərin Rusiya ordusuna qarşı döyüşdüyü hərbi birlikdir.

Ancaq 2022-ci ilin noyabrında Polşada Ukrayna üçün könüllü döyüşçülər toplayan “Vətəndaş Şurası” adlı Rusiya mühacir təşkilatı yaradılıb. Qrup xüsusilə də etnik rus olmayan rusiyalıları – tatarları, başqırdları, çeçenləri və s. cəlb edir. Ammosovun özü etnik yakutdur.

“Keçmiş GRU zabiti olmur”?

Rusiya təhlükəsizlik xidmətləri müxalif qruplar arasına casus və təxribatçıları yerləşdirməklə ad çıxarıb. Bu praktikanın tarixi ta çar dövrünə gedib çıxır. “Keçmiş GRU zabiti olmur” ifadəsi də mövcuddur. Buna görə də Ammosovdan tez-tez ona necə etibar edilə biləcəyini soruşurlar və o buna təəccüblənmir.

"Heç vaxt heç bir qarantiya yoxdur. Ancaq ümid edirəm ki, Rusiyaya qarşı xidmətim və işimlə etibar qazanacağam”, – o söyləyir.

AzadlıqRadiosu müstəqil qaydada Ammosovun keçmişi ilə bağlı sənədləri yoxlaya bilib. O, Ukrayna təhlükəsizlik və hərbi strukturlarının onu dəfələrlə yoxladığını deyir.

"Bütün ağla gələn və gəlməyən yoxlamaları keçmişəm. Əgər indi sizinlə danışıramsa, deməli keçmişəm. … Rusiya ərazisinə gedərək orada düşmənləri məhv etməyə hazıram. Vətənimin [əsl] düşmənləri Putinin hakimiyyətini dəstəkləyənlərdir… Belə çıxır ki, həmvətənlərim qara qüvvələrin nökərinə çevriliblər”, – o vurğulayır.

Moskvanın faşistlərin Ukrayna üzərində nəzarəti ələ keçirməsi ilə bağlı iddiaları Ammosova gülməli gəlir: “Rusiyadan daha faşisti yoxdur”.

Çeçenistan müharibələrinin veteranı

Ammosovun transformasiyası qısa zamanda baş verməyib. Onun kökləri hələ hərbi karyerasının əvvəllərinə gedib çıxır. Ammosov Moskvanın 1990-cı və 2000-ci illərdə Çeçenistanda apardığı iki müharibənin veteranı olduğunu deyir. O, Rusiyanın bir neçə ən prestijli hərbi institutunun məzunudur. Geriyə baxanda o, “imperialist” kimi yetişdirildiyini qeyd edir.

"Mən Sovet İttifaqının məhsuluyam”, – deyə vurğulayır.

“Çeçenistandakı müharibələr məni ayıltdı. Propaqandaya uyub orada real banditlərin olduğunu düşünürdüm. Ancaq adi insanları və onların nə üçün vuruşduğunu gördüm. Bu, xalqın azadlıq müharibəsi idi”, – Ammosov danışır.

Həmin dövrdə rusiyalı zabitlər də onun gözündən düşüb:

"Həmişə düşünürdüm ki, zabitlər ölkədə ən yaxşı adamlardır. Sonra onların onca gün içkisiz qalanda necə olduqlarını gördüm. Bəziləri bütün işləri korlayırdı. Bəziləri silahlarını satırdı. Bəziləri isə bizi satıb ölümə göndərdi”.

Ancaq xidmətinə sadiq qalıb “vətənini qorumalı” olması ilə bağlı “daxili inancına” sadiq qaldığını söyləyir.

"Bütöv ölkələri məhv etmək”

Döyüş təcrübəsindən sonra GRU-ya cəlb edilən Ammosov riyazi modelləşmədən istifadə edərək “ölkə iqisadiyyatının zəif nöqtələrini tapmaq” üçün təlim görür. O deyir ki, yekun məqsəd "bütöv ölkələri məhv etmək” idi.

Etnik yakut olan Ammosov tez-tez etnik rusların irqçilik və şovinizminə məruz qaldığını deyir. Onun sözlərinə görə, Rusiyanın iri şəhərlərində sadəcə yakut dilində danışdığına görə polis adamı saxlayıb sorğu-sual edə bilər:

"Moskvaya gedib metroya girəndə polis məni dərhal saxlayırdı. …Məni yalnız zabit sənədlərim xilas edirdi. Mənimlə ikinci dərəcəli vətəndaş kimi davranırdılar.

Ukraynaya gələndən bəri pasportumu soruşan olmayıb. Polis heç vaxt məni saxlamayıb”.

“İnsanların döyüldüyünü görmək ağır idi”

Putin Rusiyasının get-gedə daha çox avtoritarlaşdığını görən Ammosov daha çox ruhdan düşüb:

"İnsanların döyüldüyünü, həbsə atıldığını görmək ağır idi. Düşünürdüm, görəsən, birləşib müqavimət göstərə bilərikmi”.

2014-cü ildə Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsindən öncə Ammosov aktiv xidməti tərk edərək ehtiyat zabitinə çevrilir.

O deyir ki, Rusiyada çoxlu basdırılmış qəzəb var və Ukrayna müharibəsi Rusiyanın son dərəcə mərkəzləşdirilmiş sistemini zəiflətdikcə o qəzəb bir nöqtədə üzə çıxacaq.

"Rusiyanın süqutundan sonra yaranacaq nifrətin dərəcəsini təsəvvür edə bilirsiniz? Adamlar 100, yaxud 200 il əvvəl olan hadisələri xatırlayacaqlar”, – deyən Ammosov hesab edir ki, 2014-cü ildə Moskvanın Ukraynaya qarşı aqressiyası "sonun başlanğıcı idi”.

“Bunu dərhal başa düşdüm”, – o, sözlərinə əlavə edir.

XS
SM
MD
LG