Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:24

X.İsmayıl: «Mühacirət etmək fikrim yoxdur»


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

«Hər şey insanın özünün münasibətindən asılıdır. Diqqəti problemlərə, çətinliklərə yönəltsən, çətin olacaq. Mən diqqəti çətinliklərə yönəltmirdim. Həbsdə də gülümsəyirdim və bunun səbəbini soruşanda zarafatla deyirdim ki, o zaman qara ciyərimiz gülümsəyir».

Araşdırmaçı-jurnalist, keçmiş məhbus Xədicə İsmayıl bunları «Turan» İnformasiya Agentliyinə bildirib.

X.İsmayıl deyir ki, həbsdə bəzən pozitivliyin də problemləri olur: «Nə üçünsə qadın koloniyasında elə düşünürdülər ki, amnistiya, əfv fərmanı haqqında xəbərlər birinci mənə çatır. Amma mən də həbsdə o insanlar qədər bilirdim. Mən deyəndə ki, bu gün yaxşı gün olacaq, hamısı deyirdi ki, nəsə eşitmisən, nəsə bilirsən?».

47 QADINA 1 TUALET

Jurnalist həbsxanada qadınların üzləşdiyi problemlərdən danışır: «Həddən ziyadə tünlük, sıxlıqdır, cəmi bir qadın koloniyası var. Qadınlar da cinayət edir, tutulurlar, buraxılan az olur. Ona görə də sıxlıq yaranır. Mən azadlığa çıxanda, 470 qadın məhbus var idi».

X.İsmayıl deyir ki, hər 10 qadın məhbusa bir sanitar qovşağı düşməli ikən, indi hər 47 qadına bir sanitar qovşağı düşür. Eyni problem yeməkxana, televiziya otaqları, kitabxana ilə də bağlıdır: «Həddən artıq sıxlıqdır var, qadınlar orada özlərinə yer tapmırlar. Hökumət qadınları həbs etmək barədə düşünür, amma onların gigiyenik vasitələrlə təmin olunmayanları barədə düşünmür. Ailəsi tərəfindən gigiyenik vasitələrlə təmin edilməyən qadınlar, təsəvvür edin, orada əziyyət çəkirlər».

O, həbsxana daxilində təmizlik məsələsinə də toxunur. Deyir ki, sanitar qovşaqlar bərbad haldadır. Paltarların yuyulması, qurudulması sıxlıq üzündən daxili münaqişələrə səbəb olur.

Onun deməsinə görə, həbsxanada şəxsi həyat yoxdur. Orada hamı həmişə göz önündədir.

«MƏNİM PEŞƏM ƏN GÖZƏLİDİR»

X.İsmayıl ictimai və beynəlxalq qurumların nümayəndələrinin həbsxanaya baş çəkmələri ilə bağlı da danışıb. Onun deməsinə görə, Ombudsman Aparatından təcridxanaya gəliblər, amma son 6 ayda onları həbsxanada görən olmayıb: «Məndən əvvəlki məhbuslar da dedilər ki, çoxdan görməyiblər. İşgəncələr Əleyhinə Komitənin üzvləri gəlmişdilər. Bir də qanunsuz həbslərlə bağlı BMT-nin İşçi Qrupu gəlmişdi. Onlarla təklikdə söhbətim oldu, həbsxananın problemləri barədə dedim. Alternativ olmadığından qadınlar başlarına gələnləri demirlər, deməzlər də».

X.İsmayıl həbsdən sonrakı fəaliyyəti haqqında da danışıb: «Mənim mühacirət etmək fikrim yoxdur. Mən peşəmi çox sevirəm və ancaq jurnalistika ilə məşğul olmaq istəyirəm. Ümid edirəm ki, belə də olacaq. Siyasətlə məşğul olmaq istəmirəm, mənim peşəm ən gözəlidir».

X.İsmayıl yeni jurnalist təhqiqatları üzərində işlədiyini deyib. «Ölkədə korrupsiya bitməyən kimi, bizim də işimiz boldur» - deyə jurnalist qeyd edib.

XS
SM
MD
LG