Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Kəramət Böyükçölün tənqidlərə münasibəti


AzadlıqRadiosunun “Oxu zalı”nda müzakirəyə çıxarılan “Çöl” romanının müəllifi Kəramət Böyükçöl bir müddətdir davam edən müzakirələri diqqətlə izləyib.

“Oxu zalı”na müsahibəsində gənc yazar onun əsərini oxuyub təhlil edən bütün tənqidçilərə öz minnətdarlığını bildirir və vurğulayır ki, tənqidçilərin hər birinin peşəkarlığına böyük hörmət bəsləyir.

Əsərin müzakirəsi ilə bağlı ilkin rəyi belədir:

- Bəzi tənqidi məqamlarla razıyam, bəziləri ilə yox. Amma ümumi fikrim budur ki, əsərim bütünlükdə təhlil olunmayıb. Bəlkə belə də olmalı idi.

Çünki Tehran Əlişanoğlunun da yazısında qeyd etdiyi kimi, idilliya və həyat, kitab düşüncəsi və tərəkəmə mədəniyyəti, ideologiya və sivilizasiya, tarix və bu gün, müharibə və ironiya, dil və s. bu kimi məsələlər iki-üç vərəqlik yazıda heç cür əhatə oluna bilməz.

- Bəs sadaladığınız bu mövzular bir romana sığırmı?

- Çalışmışam ki, bunları yazım, bir çox ədəbiyyat adamlarının əsər haqqında yüksək fikirdə olmaları da bunu deyir.

Tənqidlərlə bağlı deyim ki, məsələn, Nərmin Kamalın ədəbi zövqünə inanıram, ancaq, o, yazısında sanki əsərimi bəyənir, lakin, qarşısına məqsəd qoyub ki, mütləq tənqidçi olduğunu göstərməlidir.

- Nərmin Kamal öz yazısında qeyd edir ki, əsərdə Şərq-Qərb qarşılaşması uğursuzdur, birbaşa və birtərəflidir; lap Şərqin xeyrinə olsa da, ideoloji rəng daşıyır.

Təxminən belə bir rəyə Elnarə Tofiqqızının da yazısında rast gəlmək olar. O da hesab edir ki, “haram fonunda əxlaqsızlığı qabartması və yaxud haram deyəndə yalnız əxlaqsızlığı təsəvvür etməsi əsərin bədii dəyərini azaldıb”.

Siz bu əxlaqsızlığı əsərin qəhrəmanlarından biri Yetər arvadın Hollandiyadan bəzi seksual əşyalar gətirib kənddə yayması ilə təsvir eləmisiz. Doğrudanmı, insanların mənəvi deqradasiyasına hansısa seksual əşya səbəb ola bilər?

-
Əsərdə Şərq-Qərb qarşılaşması ilə bağlı müxtəlif fikirlər var.

Əkrəm Əylisli, Rafiq Tağı, Vaqif Bayatlı və başqa qələm əhli mənə deyiblər ki, əsərdəki bu qarşılaşdırma çox dəqiq göstərilib. Elnarə Tofiqqızı və Tehran Əlişanoğlu da deyir ki, uğurlu deyil. Fikirlər çox müxtəlifdir.

Mən əsərimdə milliliklə qloballaşmanı qarşılaşdırmışam. Kökdən ayrı düşmənin faciəsini göstərmişəm. Bu da özünü romanın ikinci hissəsində daha qabarıq şəkildə biruzə verir.

- Necə bilirsiz bir müəllif kimi buna nail olmusuz?

- Əlbəttə, yazıçı fantaziyası və yazıçı təxəyyülü ilə Şərq-Qərbin toqquşmasını 500 illik yaşı olan bir çinarın fonunda göstərmişəm.

Çinar yıxılandan sonra adamların üzünə yaşıl kölgə düşür.

- Çinarın yıxılmasına səbəb Yetər arvadın Avropadan gətirdiyi əşyalar idimi?

- Əsərin ikinci hissəsi “O” adlanır. Bu, bir növ oxucuya sual kimi qoyulur ki, çinarı yıxan nə idi? Axırda Göyçək qışqıra-qışqıra gəlir ki, mən çinarı yıxanı tanıyıram. Soruşurlar kimdi? Deyir ki, O. Əslində, Allah idi bu çinarı yıxan.

Adamların üzünə yaşıl kölgə salır, kəndi dağıdır. Orda bir detal vermişəm ki, adamların üzünə cənub tərəfdən yaşıl kölgə də düşür. Bu da İslam dininin cənubda güclü olması ilə bağlıdır.

- Bu haram məsələsi ilə bağlı Elnarə Tofiqqızı hesab edir ki, siz haramı əxlaqsızlıqla məhdudlaşdırmısız ki, “bu da əsərin bədii dəyərini azaldıb, halbuki seçicilərin səsini pula satması, Məhərin yığdıqlarının karına gəlməməsi” kimi detallarla bu çevrəni genişləndirmək olardı.

- Elnarə Tofiqqızı tənqidi daha çox özünün bildiyi məsələlərin üzərinə kökləməyə çalışır. Sonralar bildim ki, o, “Koroğlu”nun tədqiqatçısı olub.

İndi məni tənqid edir ki, Koroğlunun yalnız bir variantından istifadə etmişəm. Mən Koroğlu haqqında tədqiqat işi yazmıram ki, dastanı əzbərləyəm.

Sadəcə məqsədim Koroğlunu bu günün reallığına gətirmək, müasirləşdirməkdi. idi. Əslində, romanımın kökündə o dayanır ki, insanlıq məhv olub.

- Tehran Əlişanoğlu hesab edir ki, siz qəhrəmanın iç dünyasını göstərə bilməmisiz. O cümlədən, bildirir ki, roman janrının özəlliyindən xəbərsizsiniz, “romançının janr biliyi olmalıdır.

Roman isə alınmamışdır; zərif çiyinlər, görünür, onu hələ qaldırmaq iqtidarında deyildir”,- deyir. Elnarə Tofiqqızı da “əsərin alınmadığını” vurğulayır.

- Mən universitet tələbəsiyəm. 4-cü kursda oxuyuram. Bir müəllimimiz var, Tofiq Hüseyoğlu. Özü əsəri çox bəyənmişdi. Mənə dedi ki, sənin romanın haqqında tənqidçilərdən iki nəfər dəqiq söz deyə bilər – Tehran Əlişanoğlu və Cavanşir Yusifli.

Müzakirələrdən sonra ona dedim ki, hər ikisi dedi, amma bir-birindən fərqli. Biri dedi, son dövrün ən uğurlu əsəri, o biri dedi əsər alınmayıb.

- Amma Cavanşir Yusifli də qəti mövqedə olmayıb ki, əsər nöqsansızdır. O da romanın bədii keyfiyyətinə təsir göstərən bir sıra məqamlar açıqlayıb.

- Düzdür, Cavanşir Yusiflinin də məqaləsinin tənqid yükü Tehran Əlişanoğlunkundan az deyildi. Bilirsiz, bu mənim ilk romanımdır, ilk olmasına baxmayaraq, böyük maraqla qarşılanıb, fikrinə hörmət etdiyim dəyərli insanlar müsbət rəy söyləyib.

- Razılaşdığınız tənqidi məqamlar hansıdır bəs?

- Əsərdə qəhrəmanların yaş fərqindəki ziddiyyət. (gülür) Əslində bu texniki bir yanlışlıqdır.

- Romanda nöqsan və ya keyfiyyət yalnız texnikidirmi?

- Bir də süjet xətti daha çox mənaların altındadır. Bunu da çoxları görə bilmir. Əslində, əsərimdəki sujeti görmək yox, daha çox hiss eləmək lazımdır.

Ümumilikdə, hesab edirəm ki, əsərim barədə hansısa ciddi bir tənqid deyilmədi və romanım bütünlükdə təhlil olunmadı.

Həmçinin oxu
Kəramət Böyükçöl "Çöl" (Romandan parça)
Nərmin Kamal. Tərəkəmə çölünün kitabı
Elnarə Tofiqqızı. Əsər - YARADILMAYIB
C.Yusifli. "Ard-arda yazılan nəsr əsərləri arasında ən uğurlusu"
Tehran Əlişanoğlu. Kəramət Böyükçölün "Çöl" romanı - alınmayıb!
Kənan Hacını "Çöl" romanında nə heyrətləndirib?
XS
SM
MD
LG