Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:24

Avropa Parlamenti R. Tağının qətlinə dair qətnamə qəbul etdi


Arxiv foto
Arxiv foto
Rafiq Tağının ailəsini artıq polis mühafizə etmir. Bu barədə AzadlıqRadiosuna onun qardaşlarından biri məlumat verib.

Yazıçı-publisist Rafiq Tağının ölümündən sonra onun ailəsinin təhlükəsizliyini Daxili İşlər Nazirliyinin ayırdığı mühafizə qrupu qoruyurdu.

***

Baş prokurorun 1-ci müavini Rüstəm Usubovla Daxili İşlər nazirinin müavini Vilayət Eyvazovun rəhbərliyi ilə keçirilən müşavirədə istintaq-əməliyyat qrupunun hesabatı dinlənilib.

Bu barədə baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə istintaq aparan qrupa əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi ilə bağlı konkret tapşırıq və tövsiyələr verilib.


***

Avropa Parlamenti dekabrın 15-də Azərbaycan yazıçısı Rafiq Tağının qətlini pisləyən qətnaməni qəbul edib. (oxuzalı.az). Sənəddə deyilir ki, Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Azərbaycan hökumətinin Rafiq Tağının qətlini aydın şəkildə pisləməməsindən, ictimaiyyətin istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməməsindən məyus olub.

Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.

SAMİR SƏDAQƏTOĞLUNUN TƏHLÜKƏSİZLİYİ

Qətnamədə ayrıca bənd olaraq Azərbaycan hökumətindən istənilir ki, vaxtilə Rafiq Tağı ilə birlikdə “dini ədavəti qızışdırmaq” ittihamı ilə məhkum edilmiş yazıçı Samir Sədaqətoğlunun təhlükəsizliyi təmin olunsun.

Avropa Parlamenti xatırladır ki, Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Konvensiya söz və ifadə azadlıqlarına, o cümlədən din və inanc sistemlərinin tənqid edilməsinə təminat verir.

Parlament Azərbaycan hökumətini çağırır ki, “dinlər mövzusunda sərbəst debatların qarşısının alınması üçün cinayət məcəlləsindən sui-istifadə etməkdən çəkinsin”.

“DİNLƏR TƏNQİD EDİLƏ BİLƏR”

Qətnamədə deyilir ki, “bəzi din və inanc sistemlərinin tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin “təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”.

AVROPA BİRLİYİNDƏN İRANA SƏRT MESAJ

Avropa Parlamenti qətnamədə İran hökumətinə də müraciət edib.

Qətnamə İran hökumətini indi İran parlamentində müzakirə olunan yenilənmiş Cinayət Məcəlləsi layihəsindən “ölümə layiq olma” konsepsiyasını çıxarmağa çağırır.

Avropa Parlamenti çox narahatdır ki, ayrı-ayrı şəxslərin qətlinə çağıran ölüm fitvaları İran məhkəmələrində qatillər tərəfindən öz əməllərinə bəraət qazandırılması üçün istifadə edilə bilər, öldürülən şəxsin “öldürülməyə layiq olduğu” səbəb gətirilə bilər.

Parlament İran hökumətini çağırır ki, ölkənin daxilində və xaricində qətllərə çağıranlar, qətlləri planlaşdıranlar, yaxud icra edənlərin ədalət məhkəməsinə cəlb olunması təmin edilsin.

Qətnamədə İran hökumətindən istənilir ki, Rafiq Tağının qətli ilə bağlı istintaqda Azərbaycan hökuməti ilə əməkdaşlıq etsin, İran ruhanilərinin ölkə daxilində, yaxud başqa dövlətin ərazisində kiminsə qətlinə çağırmasının qarşısını alsın.

“MƏRUZƏÇİ AZƏRBAYCANA BURAXILSIN!”

Qətnamədə Rafiq Tağı ilə bağlı olmayan, amma eyni zamanda insan haqlarına aid başqa bir məqama da toxunulur.

Avropa Parlamenti Azərbaycan hökumətini Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisinə viza vermədiyinə görə də tənqid edir.

Qətnamə Azərbaycan hökumətini məruzəçinin siyasi məhbuslarla bağlı vəziyyəti araşdırması üçün ölkəyə gəlməsinə şərait yaratmağa çağırır.

Yazıçı Rafiq Tağı bu il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb, 4 gün sonra isə xəstəxanada vəfat edib.

Bir neçə il qabaq bir İran ayətullası İslamı tənqid edən “Avropa və biz” yazısına görə R.Tağı və həmin yazının dərc edildiyi “Sənət” qəzetinin baş redaktoru Samir Sədaqətoğlu haqda ölüm fitvası vermişdi.

R.Tağı ölümündən az əvvəl AzadlıqRadiosuna bildirmişdi ki, ona hücum İranı kəskin tənqid edən “İran və qloballaşmanın qaçılmazlığı” yazısı ilə bağlı ola və hücumun arxasında İran casusları dayana bilər.

Hələ ki istintaq bu versiyanı nə təsdiq, nə də təkzib edib.

İranın Bakıdakı səfirliyi R.Tağıya hücumun İranla bağlanmasını pisləyib.

Amma eyni zamanda R.Tağının ölümünə fitva vermiş ayətullanın oğlu yazıçının qətlinə bəraət qazandırıb.

Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hadisəyə görə, saxlanan yoxdur.
XS
SM
MD
LG