Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:37

Fatma xanım Kəminənin şeirləri on-line kitabxanamızda


Fatma xanım Kəminə (Vikipediya)
Fatma xanım Kəminə (Vikipediya)
-

Fatma xanım Kəminə

(1841-1898)


Qoşma


Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən sol əlimə alınca,
Onu tutan xeyrin-bəhrin görməsin,
Mən fəqirin naləsi var dalınca.

***

Bir müddət gedibən qürbətdə qaldım,
Hər yana baxdıqca heyrətdə qaldım,
Nə bir səs eşitdim, nə soraq aldım,
Təkəbbür eylədim nahaq dalınca.

***

Ey kaş olmayaydım belə dünyada,
Ömür məmurəsin veribən bada,
Ğəm-qüssə çəkməyə olub amadə,
Ləng olaydım möhnət suyun içincə.

***

Vətəndən əl çəkib baş götdü qaçdı,
Yuvadan çıxuban balü pər açdı,
Canımı çox yanar odlara saçdı,
Qan ağlaram o, qürbətdən gəlincə.

***

Nə bilmədi sövda, nə də uymadı,
Nə rahət bir mənzilində uymadı,
Nə çəməndən, nə çiçəkdən doymadı,
Mən də onu bir görəydim doyunca.

***

Şikar olub əldən-ələ düşməsin,
Qurulmuş torlara, felə düşməsin,
Yaman gözə, yaman dilə düşməsin.
Qan ağlaram o qürbətdə qalınca.

***

Bir vaxtlar Qapançıda saxladın,
Zabitinin gözlərini bağladın,
Əbəs yerə qəfil açıb tulladın,
Dincəlməzəm ta bir soraq bilincə.

***

Səyyad olub ov dalınca getməzdim.
Dünyada çox qəmu qüssə etməzdim,
Heç bir kəsin ətəyindən tutmazdım,
İndi ta yalvarram rüsva olunca.

***

Bir səyyadın əldən getdi tərlanı.
Ta ömrünə fələk saldı nalanı,
Çağırır hər zaman qadir mövlanı,
Ağlıyıban hər dəm onu deyincə.

***

Bahar olcaq, şahbazım, ov eylədin,
Unutdun mənzilin, məvan neylədin?
Nə bir gəldin, çəmən vəsfin söylədin,
Nə seyr etdin, gül-çiçəklər solunca.

***

Səməndər tək od tutuban yansaydın,
Hər bahar gər xeyir-şərin bilsəydin.
Alıb qucağına bağra bassaydın,
Kəsəydin əllərin ondan üzüncə.

***

Peyilə ta bir tüləki qoymaram,
İntizardan gözüm yumub uymaram,
Gecə-gündüz iyləməkdən doymaram,
Səyyadıyam o tərlanın ölüncə.

***

Yüz min səyyad olsam tuta bilmərəm,
Dalınca yügürrəm çata bilmərəm,
Çılqasın bilməsəm, yata bilmərəm,
Göz tikərəm yollarına gəlincə.

***

Kəminə, ta əldən getdi, görməzsən,
Ləzzət ilə bir də dövran sürməzsən,
Əhli-nəşə zümrəsinə girməzsən,
Kaş öləydin bu günləri görüncə.



Qəzəllər


***

Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,
Qəmi-hicrində onun qəmli könül virandır.

Biz dedik, bir oxuya, ləzzəti-ruhani verə,
Almadı boynuna, lakin, oxuyub çalandır.

Ala gözlər süzülüb. nərgisi-fəttanə dönüb,
Baxışı can alıcı kim, deyəsən ceyrandır.

Belə xurşidliqa bir mahi-taban olmaz,
Olsa yüz canım əgər cümlə qurbandır.

Derimiş mən də belə maili-zülfü xaləm,
Elə aşüftədi kim, bu sözü həm yalandır.

Çun töküb qəmzə oxun. sinəmi amac qılıb,
Dil dönüb qanə, nedim, könlüm evi virandır.

Hərəkət cümlə əzasında müxəmmərdir onun,
O qədər balü pər açmış deyəsən tərlandır.

Gər yüzüm gülsə də xəlq içrə gülüşdür bica,
Qəm hücumavər olubdur, bu dilim talandır.

Ey Kəminə, belə şuxi də sən əldən qoyma,
Dəxi düşməz əlinə kim, bu da bir dövrandır.


***

Cana, bu cadudur, qaşü göz arasında,
Nitqim tutulur görgəc hərdəm, söz arasında.

Gər görsə Züleyxavu Yusif səni bəzmində,
Məbhut qalar onlar yüz min qız arasında.

İnnab ləbin, cana, təşbih edib aşiqlər,
Nar danəsidir, guya, düşmüş buz arasında*

Ey dil, eləmə artıq nalən yerinə yetdi,
Saldın özün odlara, yandın köz arasında.

Əhdində vəfa varsa, məbhut nə durmuşsan?
Var kuyə, yügür-yort ta canın öz arasında.

Xuni cigərim gözdən ol qədr rəvan olmuş,
Laf etmə, Kəminə. çöx, gül tək üz arasında.

__________
* Rəvayətə görə, Xurşidbanu Natəvan narı dənələtdirib buzxanaya tökər və əmələ gələn narlı buz parçalarını "Məclis-üns" yığıncaqlarında süfrəyə verdirərmiş, buz parçasındakı nar dənələri şam işıqları altında yaqut kimi parlarmış, Kəminə də buna işarə edir.



***

Yarəb, məni cəfayə salan şad olmaya!
Səyyadi-zülmə seyd olub, azad olmaya!

Qəhri-xuda düçari ola, ta ki ömrü var
Ol qeyddən xilasına imdad olmaya!

Huri misal salim ola əhli-ruzigar,
Bəlkə cahanda zülm ilə bidad olmaya!

Hər kimsə ki xərab qıla bir könül evin,
Dünyavü axirat evi abad olmaya!

Bülbül təəşşüqün kəsə bilməzdi bağiban,
Bağ içrə gər nəva ilə fəryad olmaya!

Bu çərx-kəcmədarda diyrinə rəsmdir,
Bir barigah olmadı bərbad olmaya!

Əhli-xuda, Kəminə, cəfa görsə səbr edər,
Yarəb, görüm ki, gümrəhi irşad olmaya!

***

Mərizi-eşqə əlac eyləməz təbib, ölmə!
Bu dərdə çarə edər visləti-həbib, ölmə!

Visalə talib olan aşiqə bəla yetişür,
Fəraqə səbr elə, sən munca bişəkib, ölmə!

Xəyali-zülf səni xeyli natəvan edəcək,
Səni məriz edər çeşmi-dilfərib, ölmə!

Fəğanü nalə çəkib, qılma hicrdən şikvə,
Budur ümid, sənə vəsl ola nəsib, ölmə!

Demə vətəndə mənə bir ənisü munis yox,
Sənə ənis qəmi-eşqdir, qərib ölmə!

Qiyam qılmasa gər. sərv qəddü siməndam
Ki ruzi-həşr sənə olmaz ənqərib, ölmə!

Şikayət etmə, Kəminə, rəqib cövründən,
Kəməndi-hicrə düşr sən kimi rəqib, ölmə!

***

Əlbəttə dili-şadə deyil kimsə qərinə,
Həmta ola bilməz ona biçarə Kəminə.

Sona kimi gərdən çəkə bilməz bu cahanda,
Gəlməz ona nisbət dəxi bu ruyi-zəminə.

Ol Rüstəmi-dastan ki tutub izzlə aram
Yar olsun onun badəsinə mahi-mədinə.

Hər yerdə səbiyyə görə gər madəri-giti,
Nazın çəkib ağuşun açar mədh yerinə.

Xurşid tülu eyləməsin bürci-fənadə
Göz xirələnir baxsan əgər çərxi-bərinə.

İnsan deyil bikəsin üstə dil uzatmaq
Mən qılmamışam kimsənənin xeyrü-şərinə.

Bir parə işarət nəyə lazım, nəyə layiq,
Xatəm düşər əlbəttə ki bir divin əlinə.

Şəriyyəti-qərra nəyə lazım ola məstur
Hər kəs gedər əlbəttə ki şölə əsərinə.

Ol divi-pərizadı görüm düşsün, ilahi,
Harut kimi qəhri-xudanın rəsəninə.

Bir guşədə qəmnak və məyus ikən axir
Saldı məni-biçarəni afaqi-zəminə.

Həsrət qala şaxi-gülə, gülzari-muradə
Kim dəydi əbəs bülbüli-biçarə pərinə.

Pamali-cəfa eylər o sultani-müşəxxəs
Mən kimi Kəminə düşə gər rəhgüzərinə.

***

Ey dil, rəva deyil ki mən əğyarə yalvarım,
Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.

Murü mələx və möminü asi və müstəhəq,
Lütfi-xudayi-qadirü ğəffarə yalvarım.

Rumü firəngü özbəgü hində nə ehtiyac
Qeyrəz xuda, gedim necə tatarə yalvarım?!

Mənsur tək çəkibdi məni darə zülfi-yar,
Yad eyləyim ənəlhəqini, darə yalvarım.

Bülbülsifət nəvayə gətirdin Kəminəni,
Sevdayi-gül başımda, necə xarə yalvarım?

***

Əcəb sevdadı bu, sevdayə düşdüm,
Rəhi-eşqin tutub qovğayə düşdüm.

Nə dünyada gəzib kamə irişdim,
Nə fikri-yar ol üqbayə düşdüm.

Rəhi-eşqini əvvəl səhl sandım,
Bəli, axırda ahu vayə düşdüm.

Soraği-buyi-zülfini səbadən
Eşitdim. ta belə səhrayə düşdüm.

Nə bir lölö ələ saldım. nə bir dür,
Əbəs. ğəvvas olub dəryayə düşdüm.

Ədəm beytində biruhi-ğəm ikən
Düçari-ğəm olub dünyayə düşdüm.

Dəmi-gülzari-vəslində gəzərkən
Diyari-hicr tək məvayə düşdüm.

Kəminə can nisar eylərdi mütləq,
Yoxumdur can ki mən bimayə düşdüm.

***

Saqiya, mey ver ki mən meyxanədə küllənmişəm,
Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.

Şuri-eşqin eyləyib divanə, müddət gəzmişəm,
Bağlayıb dil həlqeyi-geysuya ta dincəlmişəm.

Zülfi-kəcgarın salıb sevdayə könlüm, sud yox,
Tari-muyin kimi tari-muy tək incəlmişəm.

Sinəmi hər ləhzə tiri-qəmzən ilə qılma çak,
Mən də vaxtında sənin tək naz ilə bəslənmişəm.

Məst sanma, eyləmə tənə mənə hər dövrdə,
Çeşmi-məxmurun məni məxmur edib millənmişəm.

Bir əyağ ilə əlim tut, eyləmə birəhmlik,
Çox oturdum sümm-bükmün* imdi ta dillənmişəm.

Çun xəzan olmuş fəraqində tənü cani-həzin,
Açılıb zəxmi-dərun gül-gül, əcəb güllənmişəm.

Çəmxəmindən piçütabə gəldi könlüm riştəsi,
Fikri-sərvi-qamətindən rast ikən xəmlənmişəm.

Qan olub könlüm mənim bu badeyi-səhba kimi,
Dürdi-mey tək şişədə çoxdan qalıb lillənmişəm.

Bir sənubər qamətü gülpeykərü Leylivəşin
Valehü heyraniyəm, Məcnunsifət çöllənmişəm.

Oldu zülfün telbətel, yetdi dimağə buyi-müşk,
Açılıb könlüm, Kəminə, gör necə tellənmişəm.
________
*kar və lal
XS
SM
MD
LG