Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:12

Film kimi hekayələr


Ramil Qafarov
Ramil Qafarov
-

O gəncliyin sevgisi lağ ediləcək sevgi deyildi. Sadəcə, yaza biləcək istedadda yazıçı yox idi. Rasim Qaraca yazdı.

Seymur Baycanın "Ana ürəyi" "On bir gecə"nin qarşısında özü karikatur cızma-qaraya çevrildi.

Oxuyarkən çoxsaylı hərf səhvlərinə rast gəlirik. Tez-bazar redaktə hiss olunur.



Bloqçu Ramil Qafarov bu yazısı ilə yazıçı Rasim Qaracanın "On bir gecə" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


Ramil Qafarov


FİLM KİMİ HEKAYƏLƏR


Rasim Qaracanın yeni çapdan çıxmış "On bir gecə" hekayələr kitabını sovet romantikasına səyahət bələdçisi adlandırmaq olar.

Qarabağ müharibəsi veteranı Kamil Dadaşovun gündəlikləri əsasında qələmə alınan əsər mühasirədə qalan on əsgərin müharibə öncəsi sevgi hekayələrini anladır.

Kamil Dadaşovun gündəliklərinin orijinalı ilə tanış olmaq imkanımız olmasa da, "On bir gecə"nin dili anlaşıqlı, üslubu sadədir. Cümlələr qısa, fikirlər bitkindir. Müəllifin hadisələr arasına şəxsi fəlsəfəsini dürtmək cəhdi görünmür.

Kitabda filosoflardan gətirilən yekəbaş sitatlara, oxucuya ağıl öyrədən fəlsəfəyə rast gəlmirik. Rasim Qaraca sadəliyi öz sözünü deyib.

"On bir gecə"ni dahiyanə əsər adlandırmaq olmaz. Müasir Azərbaycan ədəbiyyatında bu, mənfidən çox müsbət məna verir.

Yeni dövr yazarların romanlarında filosofluq etmək iddiası onunla nəticələndi ki, yazdıqları hər şey fiaskoya uğradı.

Bundan əvvəl müzakirəsini apardığımız "Ölü mətn" təsirli həyat hekayələrindən ibarət olsa da, müəllifin şəxsi "mən"ini oxucuya sırıması romanı çətin anlaşılan fəlsəfi mülahizələr yığınına çevirmişdi.

Sevindirici haldır ki, müasir ədəbiyyatımızda uğursuz romanlar seriyasından sonra uğurlu hekayə kitabları seriyası başlayıb.

Kitabdakı hekayələr tez oxunur. Süjetlərdə qırılmalar yoxdur. Hisslərin təsvirinə minimum yer verilsə də, dramatik səhnələr oxucuda emosional iz buraxır. Kitab real hadisələrə əsaslandığından uydurma süjetlərə, absurd məntiqə rast gəlinmir.

Hekayələrdəki personajların sayı maksimum dörd-beş nəfərdir. "On bir gecə"ni hekayə janrının parametrlərinə cavab verən əsər saymaq olar.

Roman oxumağa vərdiş etmiş oxucu üçün "On bir gecə" primitiv əsər təsiri bağışlaya bilər. Roman uzunçuluğundan fərqli olaraq, uğurlu hekayə "fast food" kimidir. Tez hazırlanır. Rahat həzm edilir. Ləzzəti ilk abzaslardan almaq olur.

Kitab sevgi hekayələrindən ibarət olsa da, gənc yazarların romanlarındakı fetişist təfəkkür, porno səhnələr, seks pozalarının təsviri burda yoxdur. Bu nə yazıçı utancaqlığıdır, nə də bədii təsvirin yoxsulluğu. "On bir gecə" öz dövrünün əsəridir. O dövrdə ki, SSRİ-də seks yox idi. O dövrdə ki, qadın bədəni kişi üçün adiləşməmişdi. Kiçik bir toxunuş, adi bir öpüş ehtiraslı məhəbbət xatirəsinə çevrilə bilirdi.

Qəhrəmanların sevgi oyunları gənc nəslə bayağı görünə bilər. Porno materialların, əks-cinslə münasibətlərin əlçatan olduğu zamanda yetişən nəslin əsəri anlaması çətindir. SSRİ-ni, 90-ların əvvəlini görmüş 30-45 yaş arası nəsil isə "On bir gecə"ni oxumalıdır. Yenidən özünü tapmaq üçün.

Sovet romanlarında tez-tez işlədilən ülvi məhəbbət, saf sevgi, ilk baxışdan eşq kimi ifadələr indi gülməli görünə bilər. O zamanlar bunlar gerçəkdi. Canlı insanların real hekayələri idi.

Kitabdakı "Film kimi həyat" hekayəsi bütün dramatikliyi ilə dövrünün nostalgiyasını yaşadır. Həmçinin digər hekayələr. Sovet gəncliyinin sevgisinə istehza kimi yazıldığı düşünülən Seymur Baycanın "Ana ürəyi" "On bir gecə"nin qarşısında özü karikatur cızma-qaraya çevrildi.

O gəncliyin sevgisi lağ ediləcək sevgi deyildi. Sadəcə, yaza biləcək istedadda yazıçı yox idi. Rasim Qaraca yazdı. Gərək hər dövrün hekayəsini o dövrün müasiri yazsın. Yoxsa əsər saxta alınır.

"On bir gecə"yə 10 əsgər hekayəsindən əlavə 3 hekayə də daxil edilib. "Könülsüzlər" essesi ilk 10 hekayəyə güzgü tutur. Ömründə bircə dəfə belə qadınla intim münasibət yaşamamış gənclərin ömrünün ən gözəl vaxtında ölümü seçdiyini, nə üçün indi belə təsirli sevgi hekayələrinin yaşanmamasını bu cümlələr izah edir:

"İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq".

"Şair Mazan Şələqulaq" satirik hekayəsi yeni dövrün istedadsız gənc şairlərini məzhəkəyə çevirən Salam Qədirzadə ruhunda duzlu-məzəli hekayədir.

Əsərin zəif tərəfləri haqda. Oxuyarkən çoxsaylı hərf səhvlərinə rast gəlirik. Tez-bazar redaktə hiss olunur. "On bir gecə"yə verilən “Qarabağ Dekameronu” tərifi uyğunsuzdur. Əsgər dilindən anladılan sevgi hekayələrinin heç biri Qarabağda cərəyan etmir. Bu, Dekamerondur, ancaq Qarabağsız.

"Sevgilim "Yox" olub" hekayəsi əsərin zəif bəndidir. Melanxolik adamın monoloqunu, şizofren sayıqlamanı xatırladır. Dəqiq süjet xətti olan, realist həyat hekayələri seriyasından sonra oxucu belə şeylə qarşılaşmamalı idi. Bu hekayə "On bir gecə"nin altıncı barmağıdır.

Hər zaman tənqidləri kitab müəllifinə yönəldirik. Bir neçə tənqid də ədəbi tənqidçilər haqda. İnternetdə bir çox yerdə "On bir gecə " üçün roman janrı tərifinə rast gəldim.

Nə süjet, nə də quruluş baxımından bu roman deyil. Kitabın heç bir yerində roman tərifi yoxdur.

"On bir gecə" hekayələr toplusudur. Burda postmodernizm də axtarmaq lazım deyil. Dildən anladılan həyat hekayələrinin qələmə alındığını nəzərə alsaq, klassik novella janrı.

Bilmirəm, roman sözünün dəb olmasındadır, yaxud "Oxu zalı"nın roman müzakirəsi təşkil etməsindən. Ancaq diqqətli olmaq lazımdır.
XS
SM
MD
LG