Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:40

Adı 130 minlik şantajda keçən baş həkim: 'Pulu başqasına etibar eləmədim...'


Mübariz Zeynalovun adı bir neçə il öncə başqa bir cinayət işində də hallanırdı.
Mübariz Zeynalovun adı bir neçə il öncə başqa bir cinayət işində də hallanırdı.

Qusar Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi və direktoru Mübariz Zeynalov 7 il azadlıqdan məhrum edilib. O, pandemiya dövründə həkimlər və başqa tibb işçilərinə artıq maaş yazıb əlavə vəsaiti özü mənimsəməkdə təqsirləndirilir. İddia olunur ki, COVID-li xəstələrlə işləyən tibb işçilərinin aylıq vəzifə maaşının 3 misli miqdarında əlavə nəzərdə tutulsa da, Zeynalov cədvəldə bu rəqəmi 5 misli göstərib. Arada olan fərqi isə özü mənimsəyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi sabiq baş həkim haqqında yanvarın 16-da hökm çıxarıb. Lakin o, özünü təqsirli bilmir, hökmdən də apellyasiya şikayəti verib.

Hazırda həbsdə olan keçmiş baş həkimlə bağlı cinayət işinin materiallarında göstərilib ki, 13 nəfərin maaş kartına köçən 12 min 800 manatdan artıq vəsait son nəticədə Zeynalova çatıb.

2012-2019-cu illərdə Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, 2019-2021-ci illərdə isə direktoru vəzifəsində çalışmış Zeynalov həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma kimi əməllərdə ittiham olunur.

54 min vəsait

İttihama əsasən, xəstəxanada ödənişli tibbi xidmətlərin göstərilməsi nəticəsində 3 min 444 ədəd qəbzlə kassada toplanmış ümumilikdə 53 min 800 manatı Zeynalov götürüb. Bu vəsaitin cəmi 70 manatını xəstəxananın bank hesabına köçürüb, qalanını isə özünə saxlayıb.

Rüşvət məsələsinə gəlincə, sabiq baş həkim xəstəxananın həkim-stomatoloqundan artıq köhnəlib yararsız hala düşmüş stomatoloji kreslonun əvəzinə yenisini almaqdan ötrü 2 min manat rüşvət almaqda ittiham olunur. Zeynalovdan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə də elə həmin stomatoloq şikayət edib. Onun üzərinə kiçik kamera yerləşdirilib və bunun vasitəsilə sonradan Zeynalovun iş otağında aralarında olan söhbət gizli şəkildə lentə alınıb.

Zeynalov isə deyir ki, yalandır, stomatoloqdan rüşvət istəməyib. Avadanlığın yararsız hala düşdüyünü deyib, onun dəyişilməsini xahiş edən həkim öz təşəbbüsü ilə ona minnətdarlıq edib, gətirib 1000 manat pul verib. Onun sözlərinə görə, həkimdən rüşvət tələb etməsini təsdiqləyən heç bir sübut yoxdur.

Qubaya banka gedə bilmədiyini deyir

Xəstəxanada ödənişli xidmətlərin müqabilində toplanmış vəsaitləri mənimsəməsinə gəlincə, Zeynalov bu ittihamla da razılaşmır: "Vaxt məhdudiyyəti baxımından Qubaya banka gedə bilmədim. Ona görə pulu xəstəxananın hesabına vaxtında köçürə bilməmişəm. Pulu banka aparıb köçürmək üçün başqa adama etibar eləmədim, ona görə vermədim...".

Zərərçəkmiş qismində tanınan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi ziyanın ödənildiyini əsas gətirərək Zeynalova qarşı şikayət və tələblərinin olmadığını bildirib.

Əmlaklar üzərində həbs qalır

Məhkəmə ziyanın ödənilməsini nəzərə alıb CM-nin 179-cu (mənimsəmə) maddəsi ilə ittihama xitam verib, 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə isə ona 7 il azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu hökmdən də apellyasiya şikayəti verilib.

Zeynalov vurğulayıb ki, özünü təqsirli bilmir, bəraət istəyir.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, sabiq baş həkimin həbsindən sonra onun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Lakin məhkəmə hökm çıxararkən həmin əmlaklarla bağlı məsələyə toxunmayıb: "İstintaqın gedişində xəstəxanada təxminən yarım milyonluq tenderdə pozuntular aşkarlanıb. Mübariz Zeynalovun işi məhkəməyə göndəriləndə bununla əlaqədar cinayət işi ayrılıb. Həmin iş üzrə istintaq gedir. O cinayət işinin nəticəsindən asılı olaraq, əmlaklarla bağlı sonra qərar veriləcək. Hələlik isə əmlaklar üzərində həbs qalır...".

130 min manat niyə verilmişdi

Mübariz Zeynalovun adı bir neçə il öncə başqa bir cinayət işində də hallanırdı. Həmin işdə o, zərərçəkmiş kimi tanınmışdı. İddia olunurdu ki, Zeynalovu şəxsi həyatına aid görüntü və məlumatları yaymaqla hədələyib ondan pul alıblar.

Təqsirləndirilən şəxslər isə bildirirdilər ki, Zeynalov yalan danışır, 130 min manatı şantaj müqabilində yox, Qusardan Sumqayıt Mərkəzi Xəstəxanasına baş həkim gəlmək üçün vermişdi. "Onu sonradan öyrədiblər ki, belə ifadə versin. Yoxsa necə desin ki, başqa vəzifəyə getmək üçün 130 min pul vermişəm. Mübariz həkimi Sumqayıtın icra başçısı ilə görüşdürəcəkdik", – təqsirləndirilən şəxslərdən Elşən Hümbətov məhkəmədə bildirmişdi.

XS
SM
MD
LG