Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Zurabişvili dekabrın 29-dək yeni seçki tarixini razılaşdırmağa çağırıb


Salome Zurabişvili
Salome Zurabişvili

Ötən seçkilərin sonucları və hökumətin birtərəfli qaydada Avropa İttifaqına üzvlüklə bağlı danışıqları ertələməsi Gürcüstanda etiraz nümayişləri doğurub. Ölkə prezidenti Salome Zurabişvili "Gürcü arzusu"nu dekabrın 29-dək yeni seçki tarixini təyin etməyə çağırıb.

Zurabişvili dekabrın 22-də Tbilisinin Rustaveli küçəsində keçirilən mitinqdə çıxış edərkən ruspərəst milyarder, "Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilini yeni seçki tarixi müəyyənləşdirmək üçün prezident sarayına dəvət edib: "İvanişvili saraya gəlməlidir. Mən oturub seçkilərin tarixinin neçə təyin olunması barədə düşünməyə hazıram. Seçkilərin tarixi dekabrın 29-dək təyin edilməlidir".

Dekabrın 20-də ATƏT-in seçkilərlə bağlı yekun hesabatında bildirilib ki, çoxsaylı problemlər seçkiyə mənfi təsir göstərib və ictimai güvəni sarsıdıb.

Bu ayın əvvəlində "Gürcü arzusu" təmsilçisinin sayca çoxluqda olduğu Seçkilər Kollegiyası 53 yaşlı keçmiş futbolçu və sağçı populist Mixeil Kavelaşvilini Gürcüstanın növbəti prezidenti seçib.

Onun andiçmə mərasimi dekabrın 29-da olmalıdır. İlin sonunda yetki müddəti bitən 72 yaşlı Zurabişvili prezident sarayından ayrılmaq niyyətində olmadığını bildirib.

Baş nazir İrakli Kobaxidze və DİN rəhbəri Vaxtanq Qomelauri
Baş nazir İrakli Kobaxidze və DİN rəhbəri Vaxtanq Qomelauri
20.12.2024

ABŞ və Britaniya Gürcüstan daxili işlər nazirini sanksiya siyahısına saldı

ABŞ və Böyük Britaniya jurnalistlərə, müxalifətçilərə və hökumət əleyhinə etirazçılara qarşı qəddar repressiyalara görə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauriyə, onun müavinlərinə və digər yüksəkvəzifəli məmurlarına qarşı sanksiyalar qəbul edib.

"Gürcüstanda seçkilərdən sonra Daxili İşlər Nazirliyinin əsas məmurları jurnalistlərin qəsdən hədəf alınması və zorakılıq işlətmək də daxil, öz xalqına qarşı sərt və qəddar repressiya aparıblar", – ABŞ Maliyyə Nazirliyinin bəyanatında belə deyilib.

DİN-in xüsusi təyinatlılar departamenti rəhbərinin müavini Mirzə Kezevadze də sanksiyalara məruz qalanlar arasındadır. Bu departament etirazları dağıtmaq və nümayişçiləri etirazlardan çəkindirmək üçün qeyri-mütənasib zorakılığa əl atmaqda suçlanır.

"Qomelauri və Kezevadzenin ABŞ-nin yurisdiksiyasında olan aktivləri bloklanıb. Bu onların biznes əməliyyatları aparmasını əngəlləyəcək", - yenə sözügedən bəyanatdakı sözlərdir.

Xatırlatma

Ötən ay Gürcüstanın hakim partiyasının Avropa İttifaqına üzvlük danışıqlarını ertələmək qərarı ölkədə siyasi böhran doğurub.

Hakimiyyət nümayişlərə sərt reaksiya verib. Son üç həftədə yüzlərlə insan saxlanılıb.

Ötən ilin dekabrında Aİ-yə namizəd statusu qazansa da, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanla Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.

Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki ekzit-polu hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

Salome Zurabişvili
Salome Zurabişvili
18 dekabr

Zurabişvili Aİ-ni yeni seçkilər üçün Gürcüstana təzyiq göstərməyə çağırıb

Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqını (Aİ) etirazçıları daha çox dəstəkləməyə və blokla danışıqlardan imtina edən "Gürcü arzusu"na yeni seçkilər keçirilməsi üçün təzyiq göstərməyə çağırıb.

"Avropa təzyiq rıçaqları tapmalıdır. Əgər Avropa 3.7 milyon əhalisi olan ölkəyə təsir edə bilmirsə, 21-ci əsrdə nəhəng ölkələrlə rəqabətə necə dözəcək?", - Zurabişvili dekabrın 18-də Strasburqda Aİ qanunvericiləri önündəki çıxışında belə deyib.

Dekabrın 16-da Aİ xarici işlər nazirləri bir neçə gürcü məmuruna qarşı viza məhdudiyyətləri tətbiq etməyə razılaşsa da, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayıb.

"Gürcülər gecə-gündüz mübarizə apardığı bir vaxtda avropalılar gec oyanır və gec reaksiya verir", - Zurabişvilinin sözləridir.

Alen Berse
Alen Berse

Avropa Şurasının rəhbəri Gürcüstanda səfərdədir

Bu arada, dekabrın 18-də Avropa Şurasının baş katibi Alen Berse Gürcüstana dördgünlük səfərə gəlib.

Berse açıqlamasında bildirib ki, səfərinin məqsədi polisin etirazçılara zor tətbiqindən sonra AŞ ilə Gürcüstan hökuməti arasında əməkdaşlığın davam etdirilməsi üçün şərtlərə cavab verilib-verilməməsini yoxlamaqdır.

"1999-cu ildən Avropa Şurasının üzvü olan Gürcüstan demokratiya, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi kimi fundamental öhdəliklərinə hörmət etməyə borcludur", - Bersenin səfərdən öncə yayılan bəyanatında belə deyilib.

O, tərəfləri gərginliyi artırmamağa, polisi isə "qeyri-mütənasib" güc tətbiqindən çəkinməyə çağırıb. Bersenin fikrincə, söz və toplaşma azadlıqlarına sayqı Gürcüstanda sabitliyi təmin etmək və gürcülərin gözləntilərini doğrultmaq baxımından önəmlidir.

Gürcüstanda hökumət binası
Gürcüstanda hökumət binası
16 dekabr

Gürcüstan Litva və Estoniyaya cavab sanksiyası tətbiq etməyəcək

Baş nazir İrakli Kobaxidzeyə və "Gürcü arzusu"nun digər üzvlərinə qarşı Estoniya və Litvanın sanksiya qərarları Gürcüstanın əleyhinədir, ancaq o ölkələrin xalqlarına "sayqı əlaməti olaraq" cavab sanksiyaları olmayacaq.

"Gürcü, eston və Litva xalqları arasında ənənəvi dostluğa təhlükə yaratmamaq üçün hər iki dövlətlə birtərəfli tərəfdaşlıq rejimində qalmağa qərar veririk", - Gürcüstan hökumətinin açıqlamasında belə deyilir.

Açıqlamada Estoniya və Litva Avropa İttifaqının ən məhdud suverenliyi olan üzvləri kimi dəyərləndirilir və hər iki ölkənin öz xalqlarının maraqlarını deyil, xarici ölkə hökumətlərinin göstərişlərini rəhbər tutduğu vurğulanır: "Çox təəssüf ki, Litva və Estoniya 33 illik müstəqilliyi tarixində hələ də sovet mentalitetindən qurtula bilməyib. Dost eston və Litva xalqlarına suverenliklərini möhkəmləndirməyi və 2025-ci il üçün ən yaxşı arzularımızı çatdırırıq".

Estoniya Kobaxidze və daha 13 məmur və hakimə, Litva da baş nazirlə yanaşı, hakimiyyətin daha 16 nümayəndəsinə ölkələrinə girişi yasaqlayıb.

Bir müddət əvvəl Litva, Estoniya və Latviya insan haqlarını pozduğuna görə "Gürcü arzusu"nun qurucusu, milyarder Bidzina İvanişviliyə, DİN-in rəhbər və digər məmurlarına qarşı sanksiyalar tətbiq edib.

Bugünədək sanksiyalar "Gürcü arzusu" ilə bağlantılı 100-dən çox şəxsi əhatə edib.
Bugünədək sanksiyalar "Gürcü arzusu" ilə bağlantılı 100-dən çox şəxsi əhatə edib.
13 dekabr

ABŞ Gürcüstanın 20-dək vətəndaşına viza məhdudiyyətləri qoyub

ABŞ Dövlət Departamenti 20-dək Gürcüstan vətəndaşına "demokratiyanı sarsıtdığı üçün" viza məhdudiyyətləri tətbiq edib.

Məhdudiyyətlər "Gürcü arzusu"ndan bəzi parlament üzvlərini, hüquq-mühafizə və güvənlik xidmətləri əməkdaşlarını, onların ailələrini əhatə edəcək.

"Birləşmiş Ştatlar Gürcüstan vətəndaşlarına, o sıradan etirazçılara, media və müxalifət nümayəndələrinə, insan haqları müdafiəçilərinə qarşı "Gürcü arzusu"nun davam etdirdiyi qəddar və əsassız zorakılığı qətiyyətlə pisləyir", - Dövlət Departamentinin nümayəndəsi Metyu Miller belə deyib.

O əlavə edib ki, ABŞ "Gürcüstanda demokratiyanı sarsıdanları" məsuliyyətə cəlb etmək üçün əlavə tədbirlər, o sıradan sanksiyalar hazırlayır. "Biz gürcüstanlılarla birlikdə güclü, çiçəklənən və demokratik, Avro-Atlantik cəmiyyətlə sıx bütövləşmiş Gürcüstan görmək istəyirik".

Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanunu qəbul edəndən sonra ABŞ ölkəyə qarşı sanksiyalar tətbiq etməyə başlayıb. Bugünədək sanksiyalar "Gürcü arzusu" ilə bağlantılı 100-dən çox şəxsi əhatə edib.

Etirazların dağıdılmasına görə Estoniya, Latviya və Litva "Gürcü arzusu"nun təsisçisi Bidzina İvanişviliyə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə sanksiya tətbiq edib. Ukrayna da İvanişvili və daha 18 şəxsə qarşı sanksiyalar qəbul edib. Böyük Britaniya Gürcüstanla bağlı bütün yardım proqramlarını dayandırıb və Gürcüstan hökumətiylə əlaqələrini məhdudlaşdırıb.

ABŞ Maliyyə Nazirliyi də DİN ilə "Alt-İnfo" siyasi qrupunun hər birindən iki üzvünə qarşı sanksiyalar qəbul edib.

Bu arada dekabrın 12-də Fransa prezidenti Emmanuel Makron gürcü etirazçılarla həmrəyliyini bildirərək hökumətin Aİ ilə danışıqları dayandırmasını satqınlığa bənzədib. İvanişvili ilə birsaatlıq telefon danışığından sonra Makron "qanunsuz həbs edilmiş bütün insanların azadlığa buraxılmasını, söz və toplaşmaq azadlığına sayqı göstərilməsini tələb edib".

Tənqidçilər 2012-ci ildən hakimiyyətdə olan "Gürcü arzusu"nu və onun Rusiyayönlü təsisçisi milyarder, keçmiş baş nazir B.İvanişvilini getdikcə avtoritarlaşmaqda suçlayırlar.

XS
SM
MD
LG