Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:57

'AbzasMedia işi' başladı. Jurnalistlər hakimlərə etiraz etdilər


Ülvi Həsənli
Ülvi Həsənli

"AbzasMedia" ilə bağlı cinayət işi üzrə həbsdə olan 7 jurnalistin məhkəməsi başlayıb. Onların arasında nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), koordinatoru Məhəmməd Kekalov, AzadlıqRadiosunun əməkdaşı Fərid Mehralızadə, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, "Turan" informasiya agentliyinin şöbə müdiri Hafiz Babalı da var.

Jurnalistlərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıxovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Dekabrın 17-də məhkəmənin hazırlıq iclasında jurnalistlər məhkəmə tərkibindəki üç hakimdən ikisinə etiraz ediblər.

Jurnalistlər məhkəməyə buraxılmayıb.

Hakimlərlə bağlı araşdırma aparıblar

S.Vaqifqızı bildirib ki, işlərinə baxan hakimlərlə bağlı araşdırma aparıblar. Onun sözlərinə görə, R.Sadıxov uzun illərdir siyasi sifarişləri can-başla icra edib, təqsirsiz adamlar haqqında saxta hökmlər çıxarmaqla məşhurdur. Kollegiyaya daxil olan hakimlərdən Novruz Kərimova gəlincə, jurnalist onun keçmiş Milli Təhlükəsizlik Nazirliyindəki keçmişini yada salıb. S.Vaqifqızı vurğulayıb ki, N.Kərimov da çoxsaylı sifarişli hökmlərə imza atıb. N.Kərimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmamışdan əvvəl MTN-də müstəntiq işləyib.

Digər təqsirləndirilən şəxslər də bu hakimlərin onların işinə baxmasına etiraz ediblər. Onlar sifarişə xidmət edən hakimlərin varlığının hüquqi dövlət üçün utanc olduğunu vurğulayıblar.

"Dövlətin belə hakimlərə ehtiyacı yoxdur", – F.Mehralızadə belə deyib.

Ancaq jurnalistlərin vəsatəti təmin olunmayıb.

Məhkəmədə vəkillər təqsirləndirilən jurnalistlərin şüşə kabinədən çıxarılıb müdafiəçilərinin yanında əyləşməsi, onların haqqında cinayət işinə xitam verilməsi, bu təmin edilməsə, heç olmasa, hökmədək ev dustaqlığına buraxılması haqda vəsatətlər qaldırıblar. Vəkillər deyir ki, jurnalistlərə verilən qaçaqmalçılıq və başqa ittihamları təsdiqləyən heç bir mötəbər sübut yoxdur.

Elə özləri də peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyiblər.

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı

S.Vaqifqızı vəsatətlərə münasibət bildirərkən məhkəmə zalında olan diplomatik korpus nümayəndələrinə səslənib: "Burada beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri var. Onlar bəyan edirlər ki, demokratik dəyərlərə sadiqdirlər, insan haqları onlar üçün vacibdir. Elədirsə, o zaman sadəcə (prezident) İlham Əliyevə sözlə çağırış etməklə kifayətlənməsinlər, əmələ keçsinlər".

Hakim jurnalistin sözünü kəsib.

""Abzas"la əməkdaşlıq etsəydim..."

N.Absalamova, E.Qasımova bildiriblər ki, onları həbs etməyə ehtiyac yox idi, nə vaxt istintaqa çağrılmışdılar, getmişdilər. Onlar ev dustaqlığına buraxılarsa, məhkəmədən yayınmaq niyyətində deyillər.

Fərid Mehralızadə
Fərid Mehralızadə

F.Mehralızadə deyir ki, "AbzasMedia"ya heç bir aidiyyəti olmadığı halda, onu bu işə qoşublar. Jurnalistin sözlərinə görə, cinayət işinin materiallarında da ona qarşı heç bir sübut yoxdur: "Əlbəttə, əgər mən "Abzas"la əməkdaşlıq etsəydim, bununla fəxr edərdim. Məsələ burasındadır ki, mən orada işləməmişəm. Heç bir sübut da yoxdur".

H.Babalı da "Turan"ın əməkdaşı olduğunu vurğulayıb. O, həmçinin III qrup əlil olduğunu, səhhətindəki problemləri hakimlərin nəzərinə çatdırıb.

Qaldırılmış vəsatətlərdən yalnız biri təmin olunub - təqsirləndirilən jurnalistlərin vəkillərinin yanında əyləşməsinə icazə verilib.

Dekabrın 28-də jurnalistlərin işi üzrə məhkəmə istintaqı başlayacaq.

Xatırlatma

"AbzasMedia" üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Həmin gün nəşrin direktoru Ü.Həsənli və koordinatoru M.Kekalov saxlanılıb, onların evində, nəşrin ofisində axtarış aparılıb. Ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ü.Həsənli ofisə pulu axtarış aparanların özlərinin atdığını bildirib.

Təqsirləndirilən şəxslərə qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilən əmlakı leqallaşdırma, vergidən yayınma və başqa ittihamlar verilib.

Bu ittihamlarda 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Son bir ildə Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər. Amma beynəlxalq insan haqları qurumları, ABŞ Dövlət Departamenti, Bakıda bir qrup Qərb diplomatı da hökuməti haqsız tutulanları azad etməyə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa çağırıb.

XS
SM
MD
LG