Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:12

Azərbaycanın AİB-ə üzvlüyünün hansı faydası var?


AİB-ə hazırda beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.
AİB-ə hazırda beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük ehtimalı vaxtaşırı gündəmə gəlir. Özəlliklə Rusiyaya yaxın şəxslər və media orqanları bu üzvlüyün faydalarına dair təbliğat aparır. AİB-ə hazırda beş ölkə - Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistan daxildir. Üç ölkə də qurumda müşahidəçi statusundadır. Bunlar Özbəkistan, Kuba və Moldovadır.

Bu ilin mayın 25-də Moskvada qurumun növbəti iclası keçirilib. Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına ilk dəfə Azərbaycan prezidenti İlham Əliyev də qonaq qismində qatılıb. Həmin iclasdan sonra ölkənin Rusiyaya yaxın media orqanlarında və müxtəlif şəxslərin çıxışlarında Azərbaycanın AİB-ə üzvlüyü və bunun faydaları yenidən qabardılır. Bəs Azərbaycanın AİB-ə üzvlüyünün faydalarına dair arqumentlər nə dərəcədə realdır?

Əsas ixrac Avropayadır

Azərbaycanın AİB üzvlüyünün faydaları ilə bağlı ən çox istifadə edilən arqumentlərdən biri xarici ticarət əlaqələridir. Bildirilir ki, Rusiya Azərbaycanın ən çox ixrac gerçəkləşdirdiyi üçüncü ölkədir və bu baxımdan, Azərbaycanın AİB-ə üzvlüyü ölkəyə əlavə üstünlüklər qazandıra bilər. Ortaya haqlı sual çıxır: Hansısa iqtisadi birliyə üzvlükdə əsas arqument ixrac göstəricisidirsə, o zaman Azərbaycanın ən böyük ixrac istiqaməti olan Avropa Birliyinə üz tutması daha məntiqli deyilmi?

Ötən il Azərbaycanın toplam ixracı 38.1 milyard dollar olub. Bunun 25 milyard dolları - 65.6 faizi Avropa Birliyi ölkələrinin payına düşür. Uzun illərdir ki, həmin ölkələrin Azərbaycanın ixracında payı 60 faizin üzərindədir. Bu ölkələrin Azərbaycana ixracındasa payı cəmi 3 faizdir. Deməli, müqayisədə 22 dəfə az.

Ticarət dövriyyəsinin artımı inflyasiyadan qaynaqlanır

Azərbaycanın AİB-ə üzvlüyü üçün istifadə edilən arqumentlərdən biri də ötən il Azərbaycanın Rusiya və Qazaxıstanla ticarət dövriyyəsinin kəskin artması ilə bağlıdır. Qeyd edilir ki, 2022-ci ildə Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 24 faiz, Qazaxıstanla isə 4.5 dəfə artıb. Ancaq Azərbaycanın bu iki ölkə ilə ticarət dövriyyəsini incələyəndə üzə çıxır ki, bu artımın başlıca səbəbi heç də ticarət əlaqələrinin genişlənməsi deyil.

Ötən il Azərbaycan Rusiyadan 1 milyon 8 min ton yumşaq buğda və iki fərqli taxıldan ibarət meslin idxal edib. Bu, 2021-ci illə müqayisədə 100 min ton artım deməkdir. Ancaq gətirilən buğda üçün ödənilən vəsaitdəki artım daha yüksəkdir. Ötən il Azərbaycan Rusiyadan bu məhsulun idxalına 337 milyon dollar - bir ton buğda üçün təxminən 334 dollar ödəyib. 2021-ci ildə isə Rusiyadan buğda idxalına 257 milyon dollar ödənilmişdi. Həmin vaxt bir ton məhsulun idxalı Azərbaycana 284 dollara başa gəlmişdi. Bu baxımdan, rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycan 2022-ci ildə Rusiyadan idxal etdiyi yumşaq buğda və meslin üçün hər tonda 50 dollar daha çox ödəməyə məcbur qalıb. Beləcə, dünyada taxıl qiymətlərinin bahalaşması üzündən Azərbaycan Rusiyadan buğda idxalına görə 80 milyon dollar əlavə vəsait ödəyib. Bu idxalın 12.3 faizi məhz buğda ilə bağlıdır.

Ötən ilin nəticələrinə görə, buğdadan sonra Azərbaycanın Rusiyadan idxalına ən çox vəsait xərclədiyi ikinci məhsul benzin olub. Bu idxal keçici daxili amillərdən qaynaqlanmışdı. Normalda Azərbaycan Aİ-92 markalı benzini özü istehsal etsə də, ötən ilin aprelindən bəri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təmirə dayanması həmin məhsulun idxalını qaçılmaz etmiş və Rusiyadan benzin alışına 131 milyon dollar xərclənmişdi. Aİ-95 və Aİ-98 markalı benzinlərin bahalaşması Rusiyadan idxalı daha da artırıb. Ötən il bu növ benzinlərin alışına 76 milyon dollar ödənilib. Maraqlıdır ki, həcm baxımından 2021-ci illə müqayisədə idxal təxminən 50 faiz artsa da, ödənilən vəsaitdəki artım iki dəfədən çoxdur.

Qazaxıstanla ticarət dövriyyəsindəki artımın da əsas səbəbi buğda idxalıdır. Ötən il dünyada taxıl böhranının baş verməsi və Azərbaycanın bu məhsulla özünü təmin edə bilməməsi bunun əsas səbəbidir. Rəsmi rəqəmlərə görə, Azərbaycan 2022-ci ildə Qazaxıstandan 280 min ton buğda gətirib. Bu, 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur. Bu qədər idxal üçün Qazaxıstana 95.8 milyon dollar ödənilib ki, bu da 2021-ci illə müqayisədə altı dəfə artım deməkdir.

Gömrük rüsumları və pul köçürmələri

Azərbaycanın AİB-ə üzvlüyü üçün istifadə edilən arqumentlərdən biri də bu birliyə daxil olmaqla Azərbaycanın əlavə gömrük endirimləri qazana bilməsidir. Hazırda Ermənistan və Avropa Birliyinə daxil üç Baltikyanı ölkə istisna olmaqla, Azərbaycanın digər 10 keçmiş sovet respublikası ilə güzəştli ticarət sazişləri var.

Başqa deyimlə, Azərbaycan onsuz da bu regionda yerləşən ölkələrlə güzəştli ticarət əməliyyatları gerçəkləşdirir. Di gəl, Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, hələ də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv deyil. Bu baxımdan, Azərbaycanın ÜTT-yə üzvlüyü təkcə keçmiş sovet respublikaları ilə yox, dünyanın digər ölkələri ilə də güzəştli şərtlərlə ticarət aparmasına imkan verə bilər.

AİB-ə üzvlüklə bağlı səsləndirilən iddialardan biri də Azərbaycana xaricdən göndərilən pul köçürmələrinin 80 faizinin Rusiyadan gəlməsidir. Öncəki illərdə bu göstərici təxminən 50 faiz civarında olurdu. Ötən il Azərbaycana göndərilən pul köçürmələrində Rusiyanın payının 80 faizə yüksəlməsi Rusiya-Ukrayna müharibəsindən qaynaqlanmışdı, çünki Rusiyanın iqtisadiyyat və banklarına sanksiyaların tətbiqi Rusiyadan kapital qaçırılmasını sürətləndirmişdi. Bu baxımdan, Rusiya ilə qonşuluqda yaşayan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da oradan göndərilən vəsaitlərin həcmi artıb. Üstəlik, Rusiyada çox sayda azərbaycanlı miqrantın çalışması bütün müstəqillik dövründə Azərbaycana göndərilən pul köçürmələrinin əsas bölümünün məhz oradan gəlməsini şərtləndirib. Bu da var ki, Azərbaycanın AİB-ə üzv olmaması bu insanların Rusiyada çalışmasına və Azərbaycandakı ailələrinə pul göndərməsinə heç bir maneə törətmir.

Müstəqil ekspertlərin fikrincə, AİB mahiyyətcə iqtisadi birlik kimi görünsə də, bu birliyə qoşulmaq iqtisadi yox, daha çox siyasi seçimdir. Həmin birliyə qoşulan ölkələrə Rusiyanın siyasi təsir imkanları da daha çox artmış olur.

XS
SM
MD
LG