Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:23

Ötən il neftdənkənar sektorun ixracdakı payı azalıb


Azərbaycan makaronu niyə özü istehsal etmir?
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Azərbaycan makaronu niyə özü istehsal etmir?

Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci ilin yekunu ilə bağlı ticarət göstəricilərini açıqlayıb. Rəsmi rəqəmlərdən görünür ki, enerji qiymətlərindəki bahalaşma ölkənin ticarət dövriyyəsini kəskin artırıb. Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 52 milyard 686 milyon dollar olub. 2021-ci ildə bu rəqəm 33 milyard 912 milyon dollar idi. Deməli, ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 faiz artıb.

Azərbaycan 2022-ci ildə 38 milyard 146 milyon dollar dəyərində ixrac gerçəkləşdirib. Bu, 2021-ci illə müqayisədə 16 milyard dollar artım deməkdir. Di gəl, ixracın "içərisi" ötən il də dəyişməyib, Azərbaycanın 38 milyard dollarlıq ixracının 35 milyard dolları, başqa deyimlə, 92.01 faizi neft və qaz ixracı hesabına təmin edilib. 2021-ci ildə ixracatda enerji sektorunun payı təxminən 5 faiz daha aşağı – 87.78 faiz idi. Bu baxımdan, ötən il neftdənkənar sektorun ixracı həcmcə artsa da, toplam ixracdakı payı daha da azalıb. Digər tərəfdən, üzə çıxır ki, ötən il Azərbaycanın ixracatında baş verən artımın 98 faizi neft-qaz sektoru, vur-tut, 2 faizi neftdənkənar sektorla bağlıdır.

Təbii qaz gəlirləri daha çox artıb

Enerji ixracında bir məqam da diqqət çəkir: təbii qaz gəlirlərində üç dəfəyə yaxın artım qeydə alınıb. 2021-2022-ci illərdə Azərbaycanın neft ixracından gəlirləri 13 milyard dollardan 19 milyard dollara yüksəlib. Eyni dövrdə ölkənin təbii qaz ixracından qazandığı gəlir 5.5 milyard dollardan təxminən 15 milyard dollara yüksəlib. Beləcə, ixrac strukturunda təbii qaz gəlirlərinin payı daha çox artıb. 2021-ci ildə Azərbaycanın ixracatında neft gəlirləri 59.5 faizlik, təbii qaz ixracında 24.9 faizlik paya sahib idi. Ötən il neft gəlirlərinin ixracdakı payı 51.1 faizə enib. təbii qaz gəlirlərinin payı 39.3 faizə yüksəlib.

Ən çox hansı ölkələrə neft-qaz satılıb?

2022-ci ildə Azərbaycan neftinin ən böyük alıcısı İtaliya olub. Ötən il Azərbaycanın ixrac etdiyi 26 milyon ton neftin 34.2 faizi həmin ölkəyə satılıb. İl ərzində İtaliya Azərbaycana neft alışı üçün 6 milyard 641 milyon dollar ödəyib. Azərbaycan neftinin ən böyük ikinci alıcısı İsraildir. Azərbaycanın neft ixracında İsrailin payı 8.8 faizdir. Neft ixracında üçüncü yerdə qərarlaşan ölkə Hindistandır. Ermənistana silah satışına dair müqavilə imzalanandan sonra Azərbaycan rəsmiləri Hindistanla bağlı tənqidi açıqlamalar səsləndirsələr də, bu, neft ticarətinə təsir etməyib. Ötən il Azərbaycanın ixrac etdiyi neftin 7.8 faizini Hindistan alıb. İspaniya, Xorvatiya və Çexiya da il ərzində Azərbaycandan 1 milyon tondan çox neft alan ölkələr arasındadır. Daha bir il öncə Azərbaycandan neft alan ölkələrin ilk beşliyində olan Almaniya və Portuqaliya ötən il, uyğun olaraq, 8 və 10-cu yerlərdə qərarlaşıb. Bütövlükdə isə ilboyu 26 fərqli ölkə Azərbaycandan satın neft alıb.

Təbii qaz ixracında əsas pay Avropanın payına düşüb. 2022-ci ildə Azərbaycan toplam 22.3 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 51 faizinin alıcısı Avropa ölkələridir. Türkiyənin Azərbaycanın qaz ixracındakı payı 37.7 faiz olub. Gürcüstanın həmin ixracdakı payı isə 11.2 faizdir.

Ən çox hansı məhsullar idxal edilib?

Ötən il Azərbaycana gətirilən məhsulların dəyəri 14 milyard 540 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə təxminən 3 milyard dollar artım deməkdir. İdxalla bağlı diqqətçəkən digər bir məqam dövlət sektorunun idxaldakı payının artmasıdır. 2021-ci ildə idxalın cəmi 10.16 faizini dövlət sektoru gerçəkləşdirmişdisə, ötən il bu sektorun payı 17.47 faizə yüksəlib.

2022-ci ildə ölkənin idxalında maşın, mexanizm, elektrik avadanlığı və ehtiyat hissələri 19.89 faizlik payla lider olub. Azərbaycan belə məhsulların idxalına 2 milyard 892 milyon dollar ödəyib. İdxalda ən çox paya sahib ikinci istiqamət yeyinti məhsullarıdır (16.25 faiz). Ölkə ötən il xaricdən gətirilən yeyinti məhsullarına 2 milyard 363 milyon dollar xərcləyib. Bu, 2021-ci illə müqayisədə 430 milyon dollar artım deməkdir. Yeyinti məhsulları içərisində idxalına ən çox vəsait sərf edilən məhsul buğdadır. Ötən il təkcə buğda idxalına 437 milyon dollar ödənilib. Buğdadan sonra ən çox vəsait xərclənən yeyinti məhsulu yağlardır. 2022-ci ildə Azərbaycana 297 milyon dollar dəyərində yağ idxal edilib. Xaricdən meyvə-tərəvəz idxalı isə ölkəyə 236 milyon dollara başa gəlib.

Ən çox hansı ölkələrdən məhsul gətirilib?

Ötən il də Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Rusiya olub. 2022-ci ildə ciddi sanksiyalara məruz qalan və iqtisadi problemlər yaşayan Rusiya Azərbaycana 2 milyard 725 milyon dollarlıq məhsul sata bilib. Bu, 2021-ci illə müqayisədə təxminən 700 milyon dollar çoxdur. Azərbaycanın idxalının 18.81 faizi təkcə Rusiyanın payına düşüb. Bu baxımdan, Azərbaycanın idxalında Rusiyanın payı son bir ildə daha bir faiz yüksəlib. Azərbaycanın idxalında Türkiyənin payı 15.80 faizdir. Bu göstərici ilə Türkiyə Azərbaycanın ən çox məhsul idxal etdiyi ikinci ölkədir. Ötən il Türkiyədən 2 milyard 297 milyon dollarlıq dəyərində məhsul alınıb. Bu, 2021-ci illə müqayisədə təxminən yarım milyard dollarlıq artım deməkdir. Azərbaycanın ən çox məhsul idxal etdiyi üçüncü ölkə isə Çindir. İl ərzində Azərbaycan Çindən 2 milyard 86 milyon dollarlıq məhsul gətirib. Bu, toplam idxalın 14.35 faizidir. 2021-ci illə müqayisədə Çindən idxal təxminən 400 milyon dollar artıb. Toplam götürüləndə Azərbaycanın idxalının təxminən yarısı sadalanan üç ölkənin payına düşür. Digər ölkələrin heç birindən idxal 1 milyard dollar həddinə çatmayıb.

XS
SM
MD
LG