Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:26

F.Mustafa: 'Uşaq dini bilgini İŞİD-çidən alsın?'


Heydər Məscidində namaz. 2016
Heydər Məscidində namaz. 2016

Yeni tədris ilindən ali və orta məktəblərdə dini biliklər tədris ediləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin adından yayılan açıqlamaya görə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir.

«Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır», – açıqlamada qeyd edilir.

Komitənin sədr müavini Gündüz İsmayılovun sözlərinə görə, «şagirdlərə, gənclərə ilkin bilikləri biz verməliyik, radikal qüvvələr yox».

A.Göyüşov: «Komitə məsələni həddən çox şişirdib»

Dini məsələlər üzrə ekspert Altay Göyüşov ictimaiyyətin mövqeyi ilə müqayisədə Dövlət Komitəsinin sərgilədiyi mövqenin «daha əsaslandırılmış və peşəkar» olduğunu düşünür. Amma bununla belə, Komitənin məsələyə prinsipial olaraq səhv yanaşdığı qənaətindədir: «Komitənin söylədiyinə görə, məqsəd dini radikalizmin qarşısının alınmasıdır, amma mən hesab edirəm ki, bu, sovet dövrünün təkrarıdır və sonda bu cür primitiv yanaşmanın nəticəsi olmayacaq».

A.Göyüşov
A.Göyüşov

A.Göyüşovun fikrincə, dini radikalizmə qarşı mübarizə məqsədilə bu fənnin tədrisini gündəmə gətirən Komitə məsələni həddən çox şişirdib: «Azərbaycanda dini sferada elə də böyük problem yoxdur. Daha doğrusu var, ancaq bütün cəmiyyəti əhatə etmir, konkret qrupların problemidir. İş onlarla aparılmalıdır, bütün cəmiyyətlə yox. Cəmiyyət ali və orta məktəbdə dinin tədrisinə etiraz edir. O baxımdan məsələnin qoyuluşunda problem var, belə fənnin tədrisinə ehtiyac yoxdur».

«Dövlət məktəblərində din fəninin tədris olunmasına nə ehtiyac var?»

Ekspert ali məktəblərdə «Multikulturalizm», orta məktəblərdə «Həyat bilgisi» fənninin icbari şəkildə yox, seçmə fənn kimi keçirilməsini, fakültativ məşğələlərin təşkil edilməsini daha doğru sayır. A.Göyüşov burda prinsipial bir məqama da diqqət çəkir: ​«Din dövlətdən ayrıdır. Dövlət məktəblərində din fəninin tədris olunmasına nə ehtiyac var? Dövlətin dini məsələlərə müdaxiləsi düzgün deyil. İkinci önəmli məsələ budur ki, onu hansı proqram əsasında keçəcəklər, nə keçəcəklər, hansı dinlər haqda dərs deyəcəklər? Bizdə belə bir təcrübə olub, iki dəfə dinlə bağlı əlavə dərs keçirilib. İki dərslik də hazırlanmışdı, hər ikisində də balans problemi ortaya çıxdı, yəni bu bilgiləri balanslaşdırılmış şəkildə çatdırmaq çox çətindir. Burda daha bir önəmli məsələ odur ki, dövlətin dini görüşü olmamalıdır. Bizim hökumətsə dini görüş formalaşdırmaq, özündən din çıxarmaq istəyir. Yəni «dövlət dindən ayrıdır» fikri çox ciddi şübhə altına düşür».

F.Mustafa
F.Mustafa

F.Mustafa: «Uşaq bunları bilməlidir ki, cəhalət alətinə çevrilməsin»

«Bu, o zaman doğru izah olardı ki, dövlət teoloji bilgi verəydi. Dövlət isə din haqqında informativ bilgi verəcək», – Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Fazil Mustafa A.Göyüşovun fikrinə cavab olaraq deyir.

Deputat ekspertin «bu bilgiləri balanslaşdırılmış şəkildə çatdırmaq çətindir» fikrinə isə belə münasibət bildirir: «Dini konfliktləri, tarixin mənasız mübahisələrini, təriqət, məzhəb savaşlarını uşağa öyrətmək ona problem aşılamaq olardı. Ona görə də proqram seçimi dəqiq aparılmalıdır ki, nəticə təhlükəli yox, faydalı olsun».

Deputat bu ideyanın «top-tüfənglə» qarşılanmasının səbəbini anlamadığını deyir. O düşünür ki, dövlət qabaqlayıcı tədbir görərək vətəndaşını radikal qruplaşmalardan qorumaq məqsədilə təhsil müəssisələrində elementar dini bilikləri verəcək, maarifləndirici iş aparacaq, bəzilərinin narahat olduğu kimi, şəriət dövlətini təbliğ etməyəcək: «Uşaq bunları bilməlidir ki, sabah radikal cərəyanlara qoşulmasın, cəhalət alətinə çevrilməsin. Biz orta məktəbdə bu bilgiləri almamışıq, ətrafdan aldığımız bilgilərsə sırf sürü psixologiyasına uyğun cəhalət, nadanlıq dini idi. Sonradan «Quran»la tanış olanda məlum oldu ki, burda yetərincə humanist mesajlar var. Ona görə bu etirazları anlamaq olmur. Neyləyək, uşaq gedib din haqda bilgini bir molladan alsın və ya radikal dini qruplaşmanın üzvündən, İŞİD-çidən, talibançıdan alsın? Ədalətə, elmə çağıran dinin mesajlarının məktəbdə verilməsinin nə ziyanı ola bilər?».

F.Mustafa dini bilgilərlə yanaşı, ateizm haqqında da məlumatların çatdırılmalı, insanlara seçim haqqının verilməli olduğunu da bildirir.

Ş.Əsgərov: «Dördüncü inqilabın əsaslarını hara salacaqsan?»

Sosial media istifadəçilərindən bəziləri bir neçə il öncə orta məktəblərdə astronomiya fənninin ləğv edildiyi halda, dini biliklərin verilməsinə zərurət görülməsinə etiraz edir. Məsələn, «Yaşıl elm» dərgisinin redaktoru Tariyel Abdullayev sual edir: «Necə yəni, orta məktəbdə astronomiya fənn kimi tədris edilmədiyi halda, dini dərslər tədris ediləcək?».

Ş.Əsgərov
Ş.Əsgərov

Professor Şahlar Əsgərov bu tənqidlə bağlı deyir: «İndi baş verənlər demokratik quruluşun gətirdiyi yenilikdir. Çoxluq nə deyir, ona gedirlər, ağıllı adamların dediyi keçmir. Bu uşağın 24 saat yox, 48 saat vaxtı olsaydı, tərəfdarıyam. Axı 24 saatdır, bu vaxtı sən dini biliklərlə doldurandan sonra dördüncü inqilabın – sənaye inqilabının, süni intellektin əsaslarını hara salacaqsan? Bu, elə-belə məsələ deyil».

Təhsil Nazirliyi AzadlıqRadiosunun bu mövzuda suallarını yazılı şəkildə cavablandıracağını bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin açıqlamasında isə deyilir ki, 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilən «Multikulturalizmə giriş» əsas fənn kimi keçiriləcək. Dərslikdə ciddi dəyişikliklər ediləcək.

Komitə Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübənin olduğunu qeyd edir.

XS
SM
MD
LG