Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:06

İranda 61-yaşlı məşhur aktrisaya hicaba görə iş kəsilib


Əfsanə Bayeqan
Əfsanə Bayeqan

İranda məhkəmə 61-yaşlı aktrisa Əfsanə Bayeqanı ictimai tədbirə hicabsız gəldiyinə görə iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

O bir filmin premyerasına baş örtüyü əvəzinə şlyapada gəlmiş və sonradan bu tədbirdə çəkilən fotoları sosial media şəbəkələrində yaymışdı.

Məhkəmə ona həbsxana cəzasını cəzanın 5 il müddətində təxirə salınması şərti ilə verib. Amma bu iki il müddətində ona internetdən istifadə qadağan edilib.

Aktrisa habelə hər həftə psixoloqun yanına gəlməli və özünün “antiailəvi davranışı ilə mübarizə” aparmalıdır.

Əfsanə Bayeqan 1960-70-ci illərdə İran kinosunun ən parlaq ulduzlarından biri olub.

O 1976-cı ildə, İslam inqilabına iki il qalmış Miss İran gözəllik yarışmasında iştirak edib.

Hicab qaydaları sərtləşdirib

Aktrisa habelə ötən ilin sentyabrında hicab qaydasını pozduğuna görə polisə aparılmış və orada vəfat etmiş 22-yaşlı Məhsa Əmininin ölümünə görə başlanmış antihökumət aksiyalarının ən qızğın tərəfdarlarından biri sayılır.

İranda İmam Xomeyninin inqilabından bəri qadınların hicablanması məcburi olub.

Hicab qaydasının pozulmasına görə cərimələr və hətta həbsxana cəzaları nəzərdə tutulur.

Qadınların bu qaydalara əməl etməsinə “əxlaq polisi” nəzarət edir.

Ölkəni bürümüş antihicab etirazlarının ardınca hakimiyyət qaydanı pozanlarla mübarizəni daha da gücləndirib.

İndi paytaxt Tehran da daxil bir çox şəhərlərin ictimai yerlərində hicaba nəzarət üçün xüsusi kameralar qoyulub.

Repressiyalar davam edir

İnsan haqları fəalları bildirirlər ki, kütləvi etiraz aksiyaları zamanı 600 etirazçı həlak olub, 20 mindən çox insan saxlanıb. Bir neçə nəfər aksiyalarla bağlı ittihamlarla edam olunub.

Bu repressiyalar indiyədək davam edir. AzadlıqRadiosunun Fars xidməti – Fərda yerli medialara istinadla bu yaxınlarda aktyor Məhəmməd Sadeginin həbs olunduğunu xəbər verib.

Sadegi qadınların əxlaq polisi tərəfindən saxlanmasını görüntüləyən videonu öz şərhlərini əlavə etməklə sosial şəbəkələrdə yayıb.

Tehran meriyasına bağlı qəzetlərdən biri iddia edir ki, Sadegi guya adamları hüquq-mühafizə orqanlarına qarşı silahlı çıxışa təhrik etdiyinə görə həbs olunub.

XS
SM
MD
LG