Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:29

İranda edamların 75 faiz artdığı xəbər verilir


İranda 2022-ci ildə edam edilənlərin sayı ondan əvvəlki illə müqayisədə 75 faiz artıb.

Bununla bağlı iki insan haqları qrupu bildirir ki, İranda “edam maşınından” ölkəni etirazların bürüdüyü bir vaxtda cəmiyyətin qorxudulması üçün istifadə edilir.

2022-ci ildə İranda 582 nəfər edam olunub. Bu, 2015-ci ildən bəri ən yüksək edam göstəricisidir.

Norveçdə mənzillənmiş İran İnsan Haqları və Parisdə mənzillənmiş Birlikdə Ölüm Cəzasına Qarşı təşkilatlarının hesabatına görə 2015-ci ildə 333, 2021-ci ildə isə 582 nəfər edam edilib.

Ötən ilin sentyabrından bəri İranı 22 yaşlı Məhsa Əmininin ölümünə etirazdan başlanmış itaətsizlik dalğası bürüyüb.

Hakimiyyət etiraz aksiyalarına sərt reaksiya verib. Ötən il dörd nəfər məhz etirazlarla bağlı çıxarılan hökmlərlə edam olunub.

“Edam maşını”

İİH-nin direktoru Mahmud Əmiri Müqəddəm deyib ki, beynəlxalq icma etirazlarla bağlı edamları diqqətdə saxlasa da, İran başqa ittihamlar üzrə ölüm hökmlərinin çıxarılmasını artırıb.

Müqəddəmin sözlərinə görə, hakimiyyətin bundan məqsədi ümumilikdə cəmiyyətin gözünü qorxutmaqdır:

"Beynəlxalq reaksiya İslam Respublikasında etirazçılara qarşı edam hökmlərinin çıxarılmasını çətinləşdirib. Bunun əvəzini çıxmaq üçün hakimiyyət, adamlar arasında qorxu yaymaq məqsədilə qeyri-siyasi işlər üzrə ölüm cəzası hökmlərinin sayını artırıb. Bunlar İran İslam Respublikasının edam maşınını hərəkətdə saxlamaq üçün verilən hökmlərdir”.

Hesabatda deyilir ki, indiyədək etirazlarla bağlı dörd nəfərin edam edilməsinə baxmayaraq yüzədək etirazçı hələ də ölüm cəzası ilə üzləşə bilər.

Onların bir çoxuna qarşı edama imkan verən ittihamlar irəli sürülüb.

'Tərtər işi'ndə oğlu bəraət alan ananın mübarizəsi: 'İnsanların başının əzilib öldürülməsi nə deməkdir?!'
Gözlə

No media source currently available

0:00 0:06:32 0:00

Narkotiklərə görə edamlar yenidən artır

Hesabatda habelə narkotiklərlə bağlı çıxarılan edam hökmlərinin sayındakı artımdan narahatlıq ifadə olunur.

Narkotiklərlə bağlı edam sayının bundan əvvəl azalmasının arxasında 2017-ci ildə anti-narkotik qanunlara edilən düzəlişlər durur.

Bu azalma 2021-ci ilədək davam edib. Lakin 2022-ci ildə qeydə alınmış 582 edamın 44 faizi məhz narkotiklərlə bağlı hökmlər əsasında həyata keçirilib.

Bu isə 2021-ci illə müqayisədə iki dəfə, 2020-ci illə müqayisədə 10 dəfə artım deməkdir.

İnsan haqları təşkilatları təəssüflənirlər ki, BMT-nin narkotiklərlə bağlı agentliyi və onun sponsorları narkotik maddələrə görə ittihamlar əsasında edamların belə “dramatik artımına” diqqət vermirlər.

Hesabatda deyilir ki, bu məsələyə sakit yanaşma İran hakimiyyətinə “yanlış mesaj” verir.

'Prezident'i bir şah vəzifəsi adlandıran Rafiq Tağının qətli niyə müəmmalı qaldı?
Gözlə

No media source currently available

0:00 0:05:53 0:00

“Etnik azlıqların edamı”

Hesabatda belə bir məqama da diqqət çəkilir ki, ölkə üzrə bütün edamların 30 faizi İran əhalisinin 2-6 faizini təşkil edən sünni bəluc azlığının payına düşür.

Hesabat müəllifləri bildirirlər ki, eyni qeyri-mütənasiblik xüsusilə də narkotik maddələrlə bağlı edamlarda kürd və ərəb azlıqlarına da aiddir:

"Beləliklə ölüm cəzası İrandakı etnik azlıqlara qarşı sistematik diskriminasiyanın və geniş repressiyaların bir hissəsinə çevrilir”.

Bu da qeyd olunur ki, 2022-ci ildə edamların 288-i və ya bütünlükdə 49 faizi adamöldürməyə görə olub.

Bu, son 15 ilin ən yüksək rəqəmidir.

XS
SM
MD
LG