Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:29

Araşdırma: Məxfi sənədlər iranlı etirazçının zorlandığını və öldürüldüyünü göstərir


Nika Şəkərami
Nika Şəkərami

BBC-nin əldə etdiyi “tamamilə məxfi” sənədlər 2022-ci ilin kütləvi etirazları zamanı 17 yaşlı İran etirazçısı Nika Şəkəraminin təhlükəsizlik qüvvələri tərəfindən saxlandıqdan sonra cinsi təcavüzə məruz qaldığını və öldürüldüyünü göstərir.

İddia edildiyinə görə BBC-nin reportajında yer alan sənədlər İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) aiddir. Bu sənədlərdə Şəkəramiyə dair təfərrüatlı protokol, onun ölümünə görə cavabdeh sayılan şəxslərin və iddia edildiyinə görə hadisəni ört-basdır etməyə çalışan yüksək rütbəli komandirlərin adları var.

AzadlıqRadiosu BBC-nin reportajındakı faktları müstəqil şəkildə təsdiqləyə bilməyib.

Qeyd olunur ki, Şəkərami 2022-ci ilin sentyabrında ölkəni bürümüş kütləvi etiraz aksiyaları zamanı yoxa çıxıb.

Rəfiqələri ilə son kommunikasiyasında Şəkərami təhlükəsizlik qüvvələri tərəfindən təqib olunduğunu bildirir.

Bundan səkkiz gün sonra Nikanın cəsədi ailəsinə verilib. Hökumət rəsmiləri qızın intihar etdiyini bildiriblər.

Zülmət qaranlıqda

BBC-nin reportajında isə deyilir ki, sənədlər Şəkəraminin zorla soyuducu mikroavtobusa mindirildiyini, qollarının qandallandığını və onun bir polis zabiti tərəfindən təcavüzə məruz qaldığını göstərir. Bu da qeyd olunur ki, qız müqavimət göstərdiyindən başqa polislər onu dəyənəklərlə vururmuşlar.

Nikanın anası Nəsrin Şəkərami AzadlıqRadiosunun Fars redaksiyasına göndərdiyi videoda deyib ki, tibbi ekspertiza qızının baş nayihəsinə küt alətlə endirilmiş zərbələrdən öldüyünü göstərib.

BBC-nin reportajında deyilir ki, sənədlərdən Şəkəraminin içərisində bir neçə təhlükəsizlik xəfiyyəsi olan mikroavtobusa mindirildiyi məlum olur. Bu da qeyd olunur ki, sənədlərdən birinə görə xəfiyyələrdən biri hadisə zamanı “şəhvətə” gəldiyini deyib, amma bunu sonradan inkar edib.

Təhlükəsizlik qrupunun üzvü Bəhruz Sadeqi bildirir ki, hər tərəfi örtülü mikroavtobusun içi tamamilə qaranlıq idi və onlar bir-birlərinin üzlərini yalnız mobil telefonun işığı ilə görürdülər.

İntihar iddiası

Sənəddə deyilir ki, Nikanı xəfiyyələri söydüyünə görə mikroavtobusun döşəməsinə yıxıblar və Ərəş Kalhor adlı xəfiyyə onun ağzını corabla tutmağa çalışıb.

Bundan sonra Sadeqi və yoldaşları mobil telefonun işığı ilə başqa bir xəfiyyə - Sadeq Məncazinin Şəkəraminin üstündə oturduğunu görüblər.

BBC bildirir ki, İran hakimiyyəti və İİKK rəhbərliyi onun sorğularına cavab verməyib.

Reportajda deyilir ki, Nika öldükdən sonra onun cansız cəsədi yüksək rütbəli zabitlərin əmri ilə Tehrandakı sakit küçələrdən birində yola atılıb.

İranda keçirilən “Qadın, Həyat, Azadlıq” aksiyaları zamanı İranın rəsmi mediası Şəkəraminin guya xalasının yaşadığı binanın yaxınlığındakı yarımçıq tikilidən özünü atdığını yazırdı.

Ailəsi bildirir ki, Nikanın son dərəcə zədəli üz və başından başqa cəsədin başqa hissələrinə baxılmasına icazə verilməyib.

Xatırlatma

2022-ci ildə gənc qadın Məhsa Əmini iddia olunduğuna görə hicab qaydasını pozması ilə bağlı əxlaq polisi tərəfindən saxlanmış və daha sonra polis idarəsində müəmmalı şəkildə vəfat etmişdi.

Bu ölüm hadisəsinə görə başlanan etiraz aksiyaları aylarla İranı bürümüşdü.

Ötən il İranın təhlükəsizlik agentlikləri 300-dən çox qadını siyasi və ideoloji səbəblərlə saxlayıb, azı 100 qadın müxtəlif ittihamlarla həbs oluna bilər. Bunu "Hengaw" insan haqları təşkilatı bildirir.

Qurumun martın 8-də yaydığı hesabatda deyilirdi ki, 2023-cü ildə İranın təhlükəsizlik qüvvələri azı 325 qadını saxlayıb. Onların sırasında fərqli qrup təmsilçiləri, azı 18 tələbə, 17 jurnalist və media fəalı, 10 rəssam və aktyor, yeddi müəllim var.

Çoxsaylı etirazçılar daxil olmaqla minlərlə insan, o cümlədən jurnalistlər, vəkillər, fəallar, rəqəmsal hüquq müdafiəçiləri saxlanılıb.

Azı doqquz etirazçı edam edilib. İnsan haqları qrupları və bəzi Qərb hökumətləri edam hökmü çıxaran məhkəmələri "saxta" adlandırıb.

XS
SM
MD
LG