Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:13

Priqojinin həyatı. Putinlə necə dostlaşdı və...


Moskvada Priqojini anırlar
Moskvada Priqojini anırlar

Rusiya İstintaq Komitəsi avqustun 27-də “Vaqner” muzdlu döyüşçü şirkətinin başçısı, 62-yaşlı Yevgeni Priqojinin və “Embraer 600” təyyarəsinin ekipajında olan digər 9 nəfərin cəsədlərinin tibbi ekspertlər tərəfindən tanındığını elan edib. Təyyarə dörd gün öncə Moskvanın şimalında yerləşən Tver bölgəsində müəmmalı şəraitdə qəzaya uğrayıb.

Keçmiş məhbus Priqojin sonradan Sankt-Peterburqda restoran biznesi ilə məşğul olub, daha sonra isə gəlirli Kreml kontraktları sayəsində nəhəng sərvət əldə edib. O, Qərbdə ilk dəfə ABŞ-da 2016-cı il prezident seçkiləri zamanı seçiciləri manipulyasiya etməkdə ittiham olunan “rus troll fabriki” sayəsində tanınmağa başlayıb.

Ancaq onun başçılıq etdiyi “Vaqner” qrupu Rusiyanın daxili və xarici siyasətində daha böyük rol oynayıb və onu bütün dünyaya tanıdıb.

Üzlü və qudurğan təsiri bağışlayan Priqojin öz “Vaqner” muzdlularını Suriya, Livan və Ukrayna da daxil olmaqla müxtəlif ölkələrə göndərib. “Vaqner”in bu missiyaları həm Priqojinin öz biznes maraqlarına, həm də Kremlin ehtiyaclarına xidmət edib.

Putinə ən böyük təhdid

2022-ci il, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı tammiqyaslı hücum elanından sonra Priqojin Rusiyanın müharibəni aparma tərzini sərt tənqid etməyə başladı. Bu tənqid çox zaman ölkənin hərbi komandanlığını hədəfləyir və tez-tez təhqirə keçirdi. Bu qarşıdurma 2023-cü ilin iyununda Priqojinin minlərlə döyüşçüsünü hərbi komandanlığa qarşı qiyama qaldırdığı günədək davam etdi.

Putinin “arxadan vurulan bıçaq” adlandırdığı bu qiyam qısa olsa da, onun hakimiyyətinin 24 il ərzində üzləşdiyi ən böyük təhdid idi.

Səbəbləri haqda spekulyasiyaların dayanmadığı təyyarə qəzasından bir neçə gün sonra Putin Priqojinin öldüyünü üstüörtülü, sadəcə, onun haqqında keçmiş zamanda danışmaqla təsdiqləyib.

"Bu, mürəkkəb taleyi olan bir şəxs idi. O, həyatda ciddi səhvlərə yol verib, ancaq həm də zəruri nəticələr əldə edib. O, istedadlı insan, istedadlı işadamı idi”, – Putin televiziyada yayımlanan çıxışında deyib.

“Anam pulu sayıb qurtara bilmirdi”

1961-ci il, iyunun 1-də ozamankı Leninqradda doğulan Priqojini anası böyüdüb. Atası öləndən sonra xəstəxanada işləyən anası həm ona, həm də nənəsinə tək baxmalı olub. Yeniyetmə yaşlarında oğurluq üstündə tutularaq cəzalandırılan Priqojin sonradan get-gedə daha ciddi cinayətlər, o cümlədən silahlı qarət və azyaşlıların oğurlanmasına görə doqquz ildən çox həbsdə yatıb.

O SSRİ-də Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma islahatlarının hələ davam etməkdə olduğu 1990-cı ildə həbsdən çıxıb və anasının ikinci əri ilə birlikdə hot doq köşkləri zənciri açıb. Özünün dediyinə görə, bu işi çox uğurlu olub.

"Ayda 1000 dollar qazanırdım və təpələrlə rubl olurdu. Anam hamısını sayıb qurtara bilmirdi”, – Priqojin 2011-ci ildə Sankt-Peterburqda çıxan “City 8212” jurnalına müsahibəsində deyib.

O sonradan keçmiş məktəb yoldaşına məxsus “Kontrast” supermarket şəbəkəsində işləyib və daha sonra ona sərmayə qoyub.

Putinlə necə dostlaşıb

Priqojinin Putinlə münasibətlərinin necə başladığı tam aydın deyil. Ancaq Sankt-Peterburqda yeni başlayan işadamı kimi onun Putinlə yolunun kəsişməsi ehtimalı böyükdür. Putinin siyasi karyerası 1990-cı illərdə mer Anatoli Sobçakın vaxtında şəhər meriyasında başlayıb.

Putin avqustun 24-də televiziya müsahibəsində Priqojini 1990-cı illərin əvvəllərindən tanıdığını deyib. Onun bu etirafı Rusiyanı yaxından izləyənləri təəccübləndirib.

“Forbes” jurnalı Priqojinin Putinlə onun təhlükəsizlik xidməti, daha sonra isə təhlükəsizlik xidmətinin rəhbəri Viktor Zolotov vasitəsilə dostlaşdığını yazır. Sonradan Putinin siyasi ulduzu Moskvada parlayanda Zolotov onun ardınca gedib və güclü daxili təhlükəsizlik idarəsi olan Milli Qvardiyanın rəhbəri olub.

“Meduza”nın yazdığına görə, Priqojin 1990-cı illərin sonlarında “Kontrast” supermarketlər şəbəkəsinin başqa bir rəhbəri ilə birlikdə restoran biznesinə başlayıb. Onlar birlikdə sonradan Sankt-Peterburqun ən tanınmış restoranlarından olan “Staraya Tamojnya”nı açıblar.

Bunun ardınca isə köhnə bir yelkənli gəmini təmir edərək “Novıy ostrov” adlı məşhur restorana çeviriblər. Putin 2001-ci ildə burada Fransa Prezidenti Jak Şirak və ABŞ Prezidenti Corc Buşu (George W. Bush) qonaq edib.

Priqojinin qida biznesi daha da genişlənib. Bu dəfə onun “Concord Catering” adlı şirkəti əvvəlcə məktəblər, xəstəxana və həbsxanalar, sonradansa daha böyük hökumət tədbirləri, o cümlədən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu və Dmitri Medvedevin inauqurasiyası üçün yemək təchizatı kontraktlarını əldə edib.

“Putinin aşpazı”

Bu kontraktlar sayəsində Kreml və Rusiya elitasına yemək çatdırma (keyterinq) ilə məşğul olduğu üçün o, dünya mətbuatında “Putinin aşpazı” kimi tanınmağa başlayıb.

2006-cı ildə Buş sammit üçün Sankt-Peterburqa gələndə Putinin verdiyi nahar ziyafətində Priqojin ona və həyat yoldaşı Lauraya şərab süzür.

2012-ci ildə Priqojinin şirkətləri Müdafiə Nazirliyinin bir idarəsindən çox gəlirli kontrakt əldə edir. Rusiya ordusunun qida təchizatı onun şirkətlərinə tapşırılır. Keçmiş Fövqəladə hallar naziri və uzun zamandan bəri Putinə loyal olan Sergey Şoyqunun Müdafiə Naziri təyin olunmasından bir neçə il sonra kontrakta son qoyulub. Bu fakt sonradan Priqojinin Şoyquya düşmən münasibətini alovlandırmış ola bilər.

2010-cu illərin sonlarında məktəb şagirdləri və ordu kadetləri arasında qida zəhərlənmələri halları barədə xəbərlər Priqojinin reputasiyasını silkələyir.

Digər biznesləri

Eyni zamanda Sankt-Peterburqda daşınmaz əmlak tikintisi ilə məşğul olan Priqojin burada da Putinin təyin etdiyi şəhər meri ilə xoşagəlməz ictimai çəkişmələri baş verir.


Priqojinin özəl hərbi şirkət kimi qaranlıq işə nə vaxt başladığı dəqiq bilinmir. Ancaq müşahidəçilər Suriya münaqişəsinin başlandığı dövrə işarə edirlər. O zaman Rusiyanın Suriya hökumətini müdafiə edən sürətli müdaxiləsi uğurlu olmuşdu.

Bəziləri keçmişdə Rusiya təhlükəsizlik xidmətlərində çalışmış iş adamları 2000-ci illərin sonlarında özəl təhlükəsizlik şirkətləri qurmağa başlamışdılar. Onlardan ən azı biri Rusiyanın ticarət gəmilərinə Afrikanın şərq sahillərindəki dəniz quldurlarından müdafiə xidməti göstərirdi.

Suriyada işləyən digər özəl şirkətlərdən törəyən “Vaqner” qrupu Rusiyanın Ukraynanın şərqində yeni münaqişə ocağı yaratdığı 2014-cü ildə meydana gəlir. Şirkətin öndə olan ilk rəhbərlərindən biri keçmiş hərbi kəşfiyyat zabiti Dmitri Utkin idi. Döyüşçü ləqəbi “Vaqner” olan Utkin də avqustun 23-də təyyarə qəzasında ölüb. İstintaq Komitəsinin məlumatında belə deyilir.

“Vaqner”

Priqojinin “Vaqner” qrupunu maliyyələşdirən şəxs olması illərlə bilinsə də, o yalnız 2022-ci ilin sentyabrında bunu açıq etiraf edib.

Suriyada qəddar hərəkətlərdə və böyük ehtimalla hərbi cinayətlər törətməkdə ittiham olunan “Vaqner” muzdluları eyni zamanda digər ölkələrdə – Sudan və Mərkəzi Afrika Respublikasında da peyda olmuşdular. Priqojinə aid şirkətlər Mərkəzi Afrika Respublikasında qızıl və digər mineralların çıxarılmasını nəzərdə tutan iri gəlirli müqavilələr əldə etmişdilər.

Priqojin və onun “Vaqner” qrupunu bütün dünyaya tanıdansa Rusiyanın Ukraynaya hücumu oldu. Müharibədə işlər Rusiya rəsmilərinin öncədən gözlədiyi kimi getməyəndə Priqojinin muzdlu döyüşçüləri döyüş meydanında daha çox nəzərəçarpan rol oynamağa başladılar. Vaqner muzdluları Mariupolun mühasirəsində, daha sonra isə bir neçə şəhərdə döyüşlərdə əsas rolu oynadılar.

Buna baxmayaraq, Vaqner qoşunları, xüsusən də Baxmut ətrafında son dərəcə böyük itkilər verirdi. Qərb rəsmiləri çox sayda piyadanın cəbhə xəttinə atıldığına diqqət çəkirdi. Bu piyadaların böyük bir qismi Vaqnerin yüksək maaş və ölüm kompensasiyası vəd edərək həbsxanalardan topladığı keçmiş məhbuslar idi.

Ordunu açıq tənqid edirdi

Eyni zamanda Priqojin hərbi komandirləri, xüsusən də Müdafiə Naziri Şoyqunu sərt tənqid edir, Putini ümumi səfərbərlik elan etməyə çağırırdı. O davamlı olaraq ordu rəsmilərinin onun əsgərlərini silah-sursatla təchiz etməməsindən şikayətlənirdi.

Priqojinin bu tənqid və təhqirləri Putin hökumətinin ordunu açıq tənqid edənlərlə bağlı sərt tədbir görməsi, etirazçıların həbs edilməsi fonunda daha çox diqqət çəkirdi.

Priqojinin qaldırdığı qiyam nəticəsində uzun zamandan bəri sabitlik və nəzarətin rəmzi imicinə malik olan Putin bir çoxlarına “xəyanətkarları” cəzalandırmaq iqtidarında olmayan, ya da bunu etmək istəməyən zəifləmiş fiqur kimi görünməyə başladı.

Qiyamdan sonrakı həftələr ərzində Priqojin sərbəst hərəkət edirdi. O “Vaqner” təlim düşərgəsinin tikildiyi bildirilən Belarusda və hətta Afrikada görünmüşdü. Afrikada çəkilən videoda o öz biznes əməliyyatlarını davam etdirəcəyini deyirdi.

Priqojinin 1970-ci il təvəllüdlü həyat yoldaşı Lyubov, 1992-ci il təvəllüdlü qızı Polina və 1998-ci il təvəllüdlü oğlu Pavel həyatdadırlar.

XS
SM
MD
LG