Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:52

Bakıdakı plazaların vitse-prezidenti həbsdən buraxıldı, amma...


Qafar Dəmirçi
Qafar Dəmirçi

Bakıdakı "Demirchi Tower", "Caspian Plaza" və bir çox başqa biznes mərkəzinin daxil olduğu "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti, bir həftə öncə həbs edilən Qafar Dəmirçi dekabrın 19-da azadlığa buraxılıb. Buna Nərimanov rayon Məhkəməsi qərar verib.

Dekabrın 19-da axşam saat 6 radələrində Q.Dəmirçi, eləcə də onunla eyni cinayət işi üzrə təqsirləndirilən daha üç nəfər haqqında Baş Prokurorluğun təqdimatına baxılıb. Təqdimatda onların barəsində həbs-qətimkan tədbirinin ləğvi istənilib. Buna əsas kimi Şəkidə ağacların qanunsuz kəsilməsindən vurulmuş maddi ziyanın – 8 milyon 300 min manata yaxın vəsaitin tam ödənildiyi göstərilib.

Hakim təqdimatı təmin edib

"Bu, sadəcə təqsirləndirilən şəxslərin həbsdən buraxılmasıdır, onların barəsində cinayət işinə xitam verilməsi deyil. Həbs-qətimkan tədbiri ləğv olunub, cinayət təqibi isə davam edir", - məhkəmədən AzadlıqRadiosuna belə deyilib.

Cinayət işinin materiallarında iddia edilir ki, "AQA Şirkətlər Qrupu"na daxil olan "Monte Ferro" şirkəti Şəkinin iki kəndində hektarlarla ərazidə ağacları qanunsuz kəsdirib, nəticədə təbiətə 8 milyon 300 min manata yaxın ziyan dəyib.

Q.Dəmirçi ilə yanaşı, daha üç nəfər həbs olunmuşdu. Onlardan biri şirkətin briqadiri, ikisi isə işçiləridir.

Q.Dəmirçini dekabrın 11-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (sovetlərin ilk dönəmindəki "bandotdel"in) əməkdaşları saxlamış, ona və digər üç nəfərə Cinayət Məcəlləsinin 259.3-cü (bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla ağacları kəsmə) maddəsiylə ittiham verilmişdi. Həmin maddədə 6 ilədək həbs cəzası nəzərdə tutulub.

Bu işin istintaqı elə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır.

Aydın Dəmirçi üzr istəyib

Dekabrın 19-da Q.Dəmirçinin azadlığa buraxılması haqda qərar verilən məhkəmədən bir neçə saat öncə onun atası, "AQA Şirkətlər Qrupu"nun prezidenti Aydın Dəmirçinin üzr istəməsi xəbəri yayıldı. APA-nın bilgisinə görə, işadamı ağacları kəsərək təbiətə ziyan vurduqlarına görə üzr istədiyini deyib: "Yaranmış diqqətsizliyi işçilərimizin qeyri-peşəkar və məsuliyyətsiz davranmağı ilə əlaqələndiririk. Bununla bağlı olaraq, mən ölkə ictimaiyyətindən üzr istəyir və söz verirəm ki, bu torpaqlarda meşə ağacları əkiləcək, meşə örtüyü tam şəkildə bərpa ediləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə bu işə artıq başlamışıq. Görülən tədbirlər, aparılan işlər barədə ölkə ictimaiyyətini vaxtaşırı xəbərdar edəcəyik".

Daha öncə Şəki şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, "Monte Ferro" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə müqavilə bağlayıb və fındıq bağı salınması məqsədilə Şəkinin Göynük meşəbəyliyi ərazisindən 800 hektara yaxın torpaq sahəsi icarəyə götürüb: "Bu səbəbdən aqrotexniki tədbirlər həyata keçirilib və orada fındıq bağı salınmağa başlanılıb. 2024-cü ilin payız mövsümündən həmin sahədə fındıq bağlarının salınması işləri davam etdirilir".

XS
SM
MD
LG