Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:11

Casusluqda suçlanan rusiyalı diplomatların... Serbiyada peyda olması


Avstraliyada etiraz aksiyasında rusiyalı diplomatların qovulmasına çağıran plakat qaldırılıb
Avstraliyada etiraz aksiyasında rusiyalı diplomatların qovulmasına çağıran plakat qaldırılıb

Rusiyanın Ukraynaya hücumundan sonrakı aylar ərzində yüzlərlə rusiyalı diplomat Avropa İttifaqı (Aİ) ölkələrindən çıxarılıb, yaxud da qara siyahıya salınıb. Onlardan bir neçəsi casusluqda ittiham olunub.

Həmin rusiyalı diplomatlardan azı üçü Serbiyada peyda olub. AzadlıqRadiosunun araşdırması onlardan ikisinin Rusiya kəşfiyyatı ilə bağlarını üzə çıxarıb.

Rusiyanın Belqraddakı səfirliyində işləyən daha bir diplomatı isə daha öncə Helsinki səfirliyindəki postunu tərk etməli olubmuş. Bu hadisə Finlandiyanın Moskvanın Ukraynaya hücumuna cavab olaraq Rusiya diplomatlarını ölkədən çıxardığını elan etməsindən sonra baş verib.

Rusiya ötən il çox sayda diplomatının Aİ ölkələrindən çıxarılmasından sonra Serbiyadakı nümayəndəliyini böyüdüb. Hazırda Belqradda 62 akkreditasiya olunmuş diplomat fəaliyyət göstərir. 2022-ci ilin martında bu say 54 olub. Məlumat Serbiya XİN-in diplomatik xidmət cədvəllərindən (rosterlərindən) götürülüb.

Əksər Avropa ölkələrindən fərqli olaraq Serbiya Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücumundan sonra Moskvaya sanksiya tətbiq etməyib.

Moskvanın Belqrada dəstəyi

Serbiya Aİ-yə daxil olmaq istəsə də, Prezident Aleksandar Vuçiçin hökuməti Rusiyayla ənənəvi güclü bağlarını qoruyub saxlamaq niyyətindədir. İki ölkəni ortodoks xristianlıq irsi bağlayır. Bundan başqa, Rusiya Qərblə çoxsaylı qarşıdurmalarda Belqradı dəstəkləyib.

Rusiya Kosovonun müstəqilliyini tanımayan ölkələr arasındadır. O həmçinin Serbiyanın Kosovonun beynəlxalq qurumlara üzvlüyünü bloklamaq istiqamətindəki səylərini də dəstəkləyib.

İndi Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əlaqəsi olan, ABŞ-nin enerji sektoruna kiberhücumda iştirakda ittiham olunan, daha öncə Aİ-dən çıxarılan azı bir diplomat Belqrada göndərilib. AzadlıqRadiosu daha bir diplomatın Rusiyanın Xarici Kəşfiyyat Xidməti ilə əlaqəsi olduğunu aşkarlayıb.

2022-ci il, aprelin 11-də Xorvatiya Rusiyanın Zaqrebdəki səfirliyindən 18 diplomat və 6 köməkçi əməkdaşı çıxardığını elan edib. O bu addımı “Ukraynaya qarşı qəddarcasına aqressiyanı ən sərt şəkildə qınaması” ilə izah edib.

İvanenko

Xorvatiyanın ölkədən çıxardığı diplomatların arasında səfirliyin ikinci katibi Aleksey İvanenko da var idi. AzadlıqRadiosu həmin diplomatların siyahısını Avropa diplomatik çevrələrindəki mənbədən əldə edib.

Xorvatiya XİN-dən əldə edilən məlumata görə, İvanenko bu ölkədən çıxarılanadək Rusiyanın diplomatik missiyasında iki ildən çox xidmət edib.

Serbiya XİN-nin qeydlərinə görə, 38 yaşlı İvanenko altı ay ərzində artıq Belqrada yeni təyinatını almışdı.

Arvadı Yekaterina ilə birlikdə Serbiyaya gələn İvanenkonun vəzifəsi də böyüdülüb. O Belqraddakı səfirliyə birinci katib qismində gəlib.

Xorvatiyadan çıxarılmasından on il öncə isə İvanenko Rusiya hökumətinin başqa bir sektorunda işləyirdi. Rusiya hökumətinin sızmış məlumat bazasına əsasən, İvanenko 71330 saylı hərbi hissənin “mühəndisi” olub. Bu, FSB-nin 16-cı mərkəzinin digər adıdır. 71330 saylı hərbi hissənin FSB ilə əlaqəsini açıq mənbələr də təsdiqləyir.

45 kəşfiyyat zabiti

Xorvatiyanın 18 Rusiya diplomatını ölkədən çıxardığını elan etməsindən iki həftə öncə ABŞ rəsmiləri bu ölkənin 16-cı mərkəzə işləyən üç kəşfiyyat zabitinin ittiham aktını açıqlayıb. Bu 6 il öncə ABŞ-dəki nüvə şirkətlərinə və digər qurumlara haker hücumu gerçəkləşdirən şəxslərdir.

İvanenko və digər Rusiya diplomatlarının Zaqrebdən çıxarılmasından dörd ay sonra ABŞ Kiberkomandanlığı (Müdafiə Departamentinin 11 birləşmiş döyüş komandanlığından biri) “partnyor şəbəkələrdə zərərli kiberfəaliyyəti izləmək üçün” öz əməkdaşlarını Xorvatiyaya göndərib.

2022-ci ilin martında Polşa “özünü diplomat kimi qələmə verərək” “ölkənin maraqlarına və təhlükəsizliyinə təhlükə olan” 45 Rusiya kəşfiyyat zabitini ölkədən çıxaracağını elan etdi.

Generalov kimdir

Polşa hədəfə aldığı rəsmilərin adlarını açıqlamasa da az sonra Rusiyanın Varşavadakı səfirliyinin saytından yoxa çıxan adlar arasında Mixail Generalovun da adı var.

Polşanın bu bəyanatı verdiyi gün 39 yaşlı Generalov hələ də Varşava səfirliyinin saytında müşavir kimi göstərilmişdi. Polşa həmin diplomatlara şəhəri tərk etmək üçün 5 gün vaxt vermişdi. Artıq aprelin 1-də Generalovun adı 43 digər diplomatla birlikdə saytdan silinmişdi. Məlumat səfirliyin saytının arxiv versiyasından götürülüb.

Ancaq Generalovun yeni təyinatı özünü çox gözlətməyib. 6 ay sonra o, müşavir qismində Rusiyanın Belqraddakı səfirliyinə göndərilib, 2022-ci ilin sentyabrından 2023-cü ilin fevralınadək bu vəzifədə qalıb.

AzadlıqRadiosu Generalovun Rusiya kəşfiyyat aparatı ilə əlaqəsi olduğunu təsdiqləyə bilib. Moskva daşınmaz əmlak qeydlərinin sızmış məlumat bazasında Generalovun yaşayış yeri kimi Moskvadakı Vilnüs küçəsindəki mənzil kompleksi göstərilir.

Həmin kompleks məhz Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) üçün tikilib. 2011-ci ildə bir SVR polkovnikinin həmin kompleksdəki mənzilinin pəncərəsindən yerə yıxılaraq ölməsindən sonra bina ilə Rusiya kəşfiyyatı arasındakı əlaqə xəbərlərdə də yayılıb.

Casus qalmaqalları

Rusiyanın Belqraddakı səfirliyi daha öncə də casus qalmaqallarının mərkəzində olub. 2019-cu ilin noyabrında Serbiya hökuməti səfirliklə bağlı casus şəbəkəsi aşkarladığını deyərək prezident Vuçiçi Rusiya səfirini yanına çağırmağa məcbur edib.

Ancaq Vuçiç insidenti yumşaltmağa çalışıb. “Biz qardaş və dost ölkə kimi gördüyümüz Rusiyaya qarşı siyasətimizi dəyişməyəcəyik... Ancaq öz kəşfiyyat müdafiəmizi gücləndirəcəyik”, – o deyib.

Keçmiş serb diplomatı, hazırda Belqradda fəaliyyət göstərən Strateji Siyasət Şurasının rəhbəri Nikola Luniç AzadlıqRadiosunun Balkan xidmətinə deyib ki, Serbiyanın qovulmuş Rusiya diplomatlarına “diplomatik sığınacaq” verməsi onun Aİ üzvlüyü ilə bağlı səylərinə mane ola bilər.

"Hazırda Serbiyanın Rusiya casuslarının kəşfiyyat fəaliyyəti üçün Avropadakı sonuncu sığınacağa çevrildiyi aşkardır”, – Luniç deyir.

XS
SM
MD
LG