Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:16

Rusiya Donbasda irəliləyir. Ukrayna buna Rusiyaya girməklə cavab verir


Çasov Yarda Ukrayna hərbçisi
Çasov Yarda Ukrayna hərbçisi

Moskva Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan Ukrayna dəfələrlə Rusiya sərhədini keçib: kəşfiyyatçılar gizli əməliyyatlar icra edib, dronlar yüz kilometrlərlə uzaqda yerləşən aerodromları hədəfə alıb, qeyri-rəsmi geyimdə qruplar sərhəd kəndlərinə basqın edib. Bu dəfə isə vəziyyət başqadır. Uniformada olan yüzlərlə ukraynalı əsgər zirehli texnikanın köməyi ilə Ukraynanın Sumı şəhərindən şimalda yerləşən Rusiyanın Kursk vilayətinə girib. Avqustun 9-dək əsgərlərin 600 kvadrat kilometrlik ərazini, azı 12 yaşayış məntəqəsini ələ keçirdiyi xəbər verilir. Bunu yerli rəsmilər, müharibəpərəst blogerlər, açıq mənbəyə əsasən kəşfiyyat məlumatları göstərir.

AzadlıqRadiosunun jurnalisti Mayk Ekel (Mike Eckel) yazır ki, bu başgicəlləndirici müdaxilə Ukrayna əsgərlərinin cənubda azı üç yerdə Rusiya qüvvələrinin qarşısını kəsməyə çalışdığı bir vaxtda baş verir. Rusiya əsgərləri həmçinin Donbasda böyük bir magistralı tutmağa çalışırlar. Bu baş verərsə, Ukraynanın bütün cəbhə boyu təchizat xətlərinə təhdid yaranar. Cənubda cəbhə xətti 1100 kilometri əhatələyir.

“Ümumilikdə vəziyyət Ukrayna qüvvələri üçün yaxşı deyil. Rusiyanın əsas niyyəti Ukrayna silahlı qüvvələrini iki yerə parçalamaqdır; düşməni parçala və onları ayrı-ayrılıqda, addım-addım məhv elə. Bu zaman məhv etmək daha asandır”, – Ukrayna hərbi eksperti, keçmiş kəşfiyyatçı İvan Stupak belə deyir.

Çasov Yarda ukraynalı hərbçi
Çasov Yarda ukraynalı hərbçi

Pokrovsk

Hərbi ekspertlər və açıq mənbə ilə işləyən təhlilçilər cənub-şərqdə Pokrovsk logistika habında vəziyyətin “daha təhlükəli” və “kritik” olduğunu söyləyirlər. Apreldə orada durum Rusiyanın xeyrinə dəyişib, qüvvələri Oçeretine kəndini tutublar, ovaxtdan qərbə və şimala doğru irəliləyirlər. Sözügedən kəndin Ukraynanın elə də yaxşı təşkil olunmayan qüvvələr rotasiyası zamanı ələ keçirildiyi bildirilir.

Avqustun 6-dək gələn xəbərə görə, Rusiya qüvvələri artıq T-0504 magistralının 5 kilometrliyində yerləşən Vozdvijenka kəndinin şərqinə çatıblar.

“Pokrovsk istiqamətində vəziyyət həddən artıq çətindir”, – Ukraynanın keçmiş müdafiə nazirinin başçılıq etdiyi, Kiyevdə yerləşən Müdafiə Strategiyaları Mərkəzi bildirir.

Pokrovskdan ayrılan magistral N23, yaxud T-0504 adıyla tanınır, şərqə, daha sonra şimal-şərqdə Kostyantinovkaya uzanır. Bu dəmiryolu qovşağı Ukrayna əsgərləri üçün vacib təchizat xəttidir.

Ukraynada cəbhə xəttinə yaxın ərazidə dinc sakinlər
Ukraynada cəbhə xəttinə yaxın ərazidə dinc sakinlər

Rusiya bu yolu ələ keçirməyə can atır. Silah-sursatın, yaralı əsgərlərin daşındığı bu yolun tutulması Ukraynanın təchizat xəttində böyük bir kəsinti demək olar.

Stupak deyir ki, bu yol cəbhənin bu tərəfində yeganə marşrut deyil, amma ən yaxşısıdır. Digər yollar dolanbacdır, yəni sürət aşağı düşür. Hava dəyişəndə, payız yağışı başlayanda isə Ukraynanın əfsanəvi palçığı onları lap keçilməz edir.

“Bu yol kəsilsə, Ukrayna qüvvələrinin məşəqqəti başlayacaq. Müharibə bitməyəcək, amma yaxşı bir şey də deyil”, – Stupak vurğulayır.

Mayk Ekel yazır ki, növbəti günlərdə, həftələrdə dramatik dəyişiklik olmasa, Rusiya yolu ələ keçirərək Ukraynanın müdafiəsini çətinləşdirə bilər.

Ola bilər, Ukrayna elə buna görə Rusiyanı işğal etmək qərarına gəlib.

Əməliyyatın miqyası

“Kursk vilayətinə belə bir müdaxilənin çoxlarını mat qoyduğunu söyləmək hələ heç nə demək deyil”, – Tatarigami adıyla yazan bir ukraynalı hərbi müşahidəçi deyib.

Hücumla bağlı ilkin xəbərlərdən sonra üç gün ərzində Ukrayna rəsmiləri yalnız onu deyiblər ki, Rusiya rəsmi xəbərlərdə bu əməliyyatın miqyasını həddən artıq kiçildir. Prezident Volodimir Zelenski avqustun 8-də deyib: “Hər kəs Ukrayna ordusunun necə təəccübləndirdiyini görə bilər. Həm də necə nəticə əldə etməyi bilir”.

Rusiya hakimiyyəti, hərbi blogerlər, yerli rəsmilər, sakinlər isə qeyri-adi dərəcədə böyük işğaldan danışırlar.

Ukrayna ordusuna bağlı “Deep State” açıq-mənbəli təşkilat əsgərlərin sərhədin bəzi yerlərində 90 km-ə qədər irəlilədiyini bildirir.

Rusiya və Ukrayna təhlilçilərinin dəyərləndirməsinə görə, avqustun 9-dək 500-600 kv km-lik ərazi ələ keçirilib.

Rusiya prezidenti Vladimir Putin hücumu “irimiqyaslı provokasiya” adlandırıb.

Taktiki qələbə şansı varmı

Əməliyyatın məqsədi aydın deyil, təhlilçilərin fikrincə, böyük taktiki qələbə şansı da azdır. Cəbhədən bir batalyonluq təcrübəli qüvvəni qeyri-müəyyən müdaxiləyə yönəltməyin problemləri çıxır; komandirlərin ixtiyarında böyük qüvvə, yaxud avadanlıq ehtiyatı yoxdur. Elə Donbas cəbhəsində Rusiyanın irəliləməsinin qarşısını da buna görə ala bilmirlər.

Digər tərəfdən, Ukrayna bu müdaxiləyə başlamazdan özünün ən böyük silah təchizatçısı Birləşmiş Ştatları da xəbərdar etməyib.

İyunda Rusiya qüvvələri Xarkovdan şimal-şərqdə sərhəd hücumuna keçəndə ABŞ administrasiyası mövqeyini yumşaldaraq Ukraynaya ABŞ silahlarından Rusiya daxilində hədəfləri vurmağa icazə verib.

Amma xəbərdar olunmamasına baxmayaraq, ABŞ bu müdaxiləni ABŞ-ın qadağasının pozulması da saymayıb. Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) avqustun 7-də deyib ki, “siyasətimizdə heç nə dəyişməyib, bugünkü hərəkətlərlə onlar bizim siyasətimizi pozmurlar”.

Kanalı keçərlərsə...

Pokrovskdan 55 km şimal-şərqdə, T-0504 magistralının o biri başında isə Konstantinovka dəmiryolu qovşağı yerləşir ki, bu da şimal-qərbdə Slavyansk və Kramatorska uzanır. Daha böyük və qorunan bu şəhərlərdə Ukrayna qüvvələrinin xəstəxanaları, komandanlıqlar, digər kritik infrastrukturu yerləşir.

Rusiya Konstantinovkanı istəyir, amma onu tutmaqdan ötrü əvvəlcə Çasov Yarı ələ keçirməlidir. Bu şəhərdən keçən Siverski Donets-Donbas kanalı şəhərin əsas hissəsini şərqdəki Kanal rayonundan ayırır.

Çasov Yarın dron görüntüsü
Çasov Yarın dron görüntüsü

Rusiya qüvvələri iyunda Kanal rayonunu bütünlükdə tutublar, sonra da su kanalına doğru irəliləyiblər. Bu kanal ukraynalılar üçün təbii müdafiədir. Son aylar Rusiya əsgərləri kiçik qruplarla kanalı keçməyə, qərb sahilində mövqe tutmağa çalışıblar.

Pokrovskdan şərqdə isə Rusiya bölmələri Nyu-York (adını bəzən ABŞ-ın Nyu-Yorku ilə qarışdırırlar) şəhərinə doğru irəliləyirlər. Avqustun 7-də rusiyalı hərbi blogerlər Rusiya əsgərlərinin bu şəhərin bir rayonuna girdiyini xəbər veriblər. Bu isə şimala doğru Ukraynanın müdafiəsinə təzyiqi artırır. Orada Rusiya qüvvələri Toretsk şəhərinə doğru irəliləyirlər. Toretski tutmaqla Rusiya daha geniş, urban regiona nəzarəti ələ keçirir. Vilayət paytaxtı Donetsk şəhəri də buraya daxildir. Toretskin tutulması ondan 22 km şimal-qərbdə yerləşən Konstantinovkada da təhdid yaratmış olar.

Canlı qüvvə

Ukrayna ordusunun istefada olan polkovniki Serhiy Hrabski deyir ki, bu, Ukraynanın mövqelərində böyük mənada qırılma yaratmayacaq, çünki ukraynalılar digər müdafiə xətləri qura biliblər.

Müəllif Mayk Ekel hazırda Ukrayna komandirləri üçün ən böyük problemin canlı qüvvə ilə bağlı olduğunu yazır. Bu arada Rusiya çox böyük məvacib və imtiyazlarla könüllüləri orduya cəlb edə bilib. Ukrayna isə hələ qanunvericiliklə səfərbərliyi qaydasına salmağa çalışır.

Qanun mayda qəbul olunandan sonra, təlimə qüvvə cəlbi başlanıb. Hrabski deyir ki, təzə əsgərlər sentyabrın ortasından gəlməyə başlayacaq.

“Səmimi desəm, uşaqların mövqerləri necə saxlaması məni təəccübləndirir. Onlar tamamilə əldən düşüblər, qüvvə, sursat çatışmır”, – o vurğulayıb.

Təhlilçinin fikrincə, bu, cəbhə xəttində sabitlik yaradar, amma 2022-ci ildəki kimi uğurlu əks hücum çətin görünür.

“Ukrayna qüvvələrinin 2025-ci ilin ortasından tez nəsə eləyə biləcəyinə şübhəylə yanaşıram”, – Hrabski deyib.

XS
SM
MD
LG