Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:50

Azərbaycanda bəzi dərmanlar sığorta ilə veriləcək, amma...


Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Dərmanları bahalaşdıran nədir? 'Məcbur olub İrandan gətirdirik'

Azərbaycanda bəzi dərmanların icbari tibbi sığorta xidmətləri zərfi çərçivəsində vətəndaşlara verilməsi ilə bağlı bəzi yeniliklər gözlənir.

Bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsində müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə əksini tapa bilər.

Layihəyə əsasən, ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək.

Əslində buna qədər də dərmanların icbari tibbi sığorta çərçivəsində təşkili qanunda vardı. Ancaq ayrı-ayrı pasientlər vurğulayırlar ki, praktikada, bir qayda olaraq, dərmanların icbari sığorta ilə onlara verilməsi təmin edilmir. Bu dəfə isə qanuna müəyyən əlavələrlə bunun gerçəkləşəcəyi gözlənir. Üstəlik, indi qanunda veriləcək dərmanların adlarının da əks olunmasından bəhs edilir.

"Dərmanlar elektron resept əsasında veriləcək"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Turan"a bildirilib ki, ilkin mərhələdə ürək-damar, daha sonra həzm və tənəffüs sistemi xəstəliklərinə qarşı dərmanlar qarşılanacaq: "Növbəti ildən qanunvericiliyə dəyişiklik öz təsdiqini taparsa, diaqnoz həkim tərəfindən qoyulandan sonra dərmanlar pasientlərə elektron resept əsasında veriləcək".

Vurğulanıb ki, vətəndaşlar Agentliklə müqaviləsi olan apteklərə yaxınlaşıb həmin dərmanları sığorta hesabına alacaqlar: "Həmin dərman apteklərdə olacaq. Əgər vətəndaş eynitərkibli dərmanları almaq istəyəcəksə və qiymətdə fərq yaranarsa, vətəndaş sadəcə həmin fərqi özü ödəyəcək".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl

"Fikirləşəcəklər ki, qiyməti nə qədər qoysaq..."

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna belə praktikanın xarici ölkələrdə də olduğunu bildirir: "Amma orada dərmanları vətəndaşın müayinə olunduğu hospitallarda verirlər".

O hesab edir ki, dərmanlar sığorta paketi ilə vətəndaşlara verilməyə başlayandan sonra həmin dərmanların qiyməti qalxa bilər: "Agentliklə müqavilə bağladığı apteklər fikirləşəcək ki, qiyməti nə qədər qoysaq, müqaviləmiz var və dövlət bunu qarşılayacaq. Necə ki, icbari tibbi sığorta çərçivəsində işləyən özəl klinikalarda qiymətlər qalxdı, burada da belə ola bilər. Seçim də, məncə, çox məhdud olacaq".

Z.İsmayılın fikrincə, sığorta zərfinə daxil dərmanlar bahalaşarsa, digərlərinin də qiymətləri arta bilər: "Bizdə dərmanların qiyməti bahadır və həmin qiymətlərin tənzimlənməsi dərman bazarında ciddi problem yaradır, seçim imkanları məhdudlaşdırır. Azərbaycanda dərmanların qiymətləri çox bahadır, Türkiyə ilə müqayisədə dəfələrlə çoxdur... Dərmanların keyfiyyətində də problem var".

Əslində dərmanların qiymət və keyfiyyəti məsələsi son illər vaxtaşırı ölkə parlamentində də gündəmə gəlir. Bununla bağlı vətəndaş şikayətləri də var. Cavabdeh rəsmi qurumlar bununla bağlı bir çox tədbirlərin görüldüyünü bəyan etsələr də, şikayətlər azalmır.

Xatırlatma

Azərbaycanda "Tibbi sığorta haqqında" Qanun 25 il əvvəl qəbul edilib. Ancaq yalnız 2021-ci ilin aprelindən bütün ölkədə tətbiq edilməyə başlanıb.

İşəgötürən işçinin əməkhaqqısının 8 min manatadək olan hissəsindən 2 faiz, 8 min manatdan yuxarı olan hissəsindən isə 0.5 faiz sığorta haqqı ödəyir. Eyni qaydada da işçi ödəniş edir.

XS
SM
MD
LG