Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:41

Zelenski Zalujnını başqası ilə əvəzləmək barədə ‘düşündüyünü’ təsdiq edib


Ukrayna prezidneti Volodimir Zelenski və Ukrayna ordusunun baş komandanı general Valeri Zalujnı (Arxiv fotosu)
Ukrayna prezidneti Volodimir Zelenski və Ukrayna ordusunun baş komandanı general Valeri Zalujnı (Arxiv fotosu)

Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna silahlı qüvvələrinin baş komandanı Valeri Zalujnını vəzifəsində başqası əvəz etməyi “düşündüyünü” təsdiqləyib.

Zelenski bunu İtaliyanın Rai1 telekanalına müsahibəsində Zalujnı ilə aralarındakı fikir ixtilafına dair suala cavab verərkən deyib.

Amma Zelenski vurğulayıb ki, Zalujnının əvəzlənməsi barədə hakimiyyət strukturlarında daha miqyaslı dəyişikliklər kontekstində düşünür:

"Mən təkcə hərbi sferada yox, bütünlükdə dövlətin bir sıra rəhbərlərini nəzərdə tuturam”.

Ukrayna prezidenti bu barədə konkret qərar verib-vermədiyini deməyib.

Sallivanın dediklərindən yozumlar

Bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS telekanalına müsahibəsində demişdi ki, Birləşmiş Ştatlar Ukrayna hakimiyyətinin Ukrayna silahlı qüvvələrində kadr dəyişikliyi ilə bağlı qərarlarına müdaxilə etməyəcək.

O bildirmişdi ki, “kadr qərarları qəbul etmək Ukraynanın və Ukrayna prezidentinin suveren haqqıdır”.

Co Baydenin müşaviri fevralın 4-də verdiyi müsahibədə “Ukrayna hakimiyyəti Zalujnını istefaya göndərmək planları barədə Ağ Evi məlumatlandırıbmı” sualına da cavab verib.

O bu suala birbaşa cavab verməsə də onun söylədikləri belə də yozula bilər ki, belə planlar həqiqətən də mövcuddur.

Sallivan deyib ki, Ağ Ev konkret bu halda da Kiyevin qərarlarına müdaxilə etməyəcək.

O “biz bu barədə ukraynalılara birbaşa cavab vermişik” deyib. Sallivan “Zalujnının mümkün istefası cəbhədəki vəziyyətə necə təsir edə bilər” sualına cavab verməyib.

Mediada yazılanlar

Zalujnının istefaya göndəriləcəyinə və ya artıq göndərildiyinə dair məlumatlar Ukrayna mediasında və teleqram kanallarında yanvarın 29-da dərc olunub. Bundan bir neçə saat sonra Ukrayna rəhbərliyi bu xəbərləri rəsmən təkzib edib.

Amma sonrakı günlərdə mənbələrə istinadla Zelenskinin Zalujnını həqiqətən də vəzifədən uzaqlaşdırmaq niyyətində olduğu xəbər verilirdi.

Fevarlın 2-də The Washington Post mənbələrə istinadla yazırdı ki, Ukrayna rəhbərliyi Zalujnının istefası qərarı barədə ABŞ prezidentinə məlumat verib.

Qəzetin iddiasına görə Ağ Evdə bu qərarın dəstəklənib-dəstəklənmədiyinə dair heç nə demirlər və bunu Ukraynanın suveren hüququ hesab edirlər.

Baş komandan və ali baş komandan

Qəzet bunu da yazırdı ki, Ukraynada ən populyar şəxsiyyətlərdən biri olan Zalujnının istefaya göndərilməsi ordunun psixoloji durumuna mənfi təsir göstərə, Qərb donorlarının Ukraynaya dəstəyi davam etdirmək qətiyyətini sarsıda bilər.

Bu da qeyd olunur ki, Ukraynada generalın mümkün istefasına dair xəbərlər birmənalı qarşılanmayıb.

Zelenski və Zalujnı arasında müharibə strategiyasından tutmuş səfərbərliyədək bir çox məsələlərdə fikir ayrılığının mövcudluğu barədə xəbərlər ilin sonundan yayılır. Amma Zelenski və Zalujnı bir-birini açıq tənqid etməyiblər.

Zalujnı silahlı qüvvələrin baş komandanı kimi ali baş komandan Zelenskiyə tabedir.

Zelenskinin verdiyi məlumata görə Valeri Zalujnı fevralın 2-də Ali Baş Qərargahda məruzə ilə çıxış edib.

XS
SM
MD
LG