Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:14

Nərmin Kamal və Anar...


Həmid Herisçi
Həmid Herisçi
Həmid Herisçi bu məqaləsi ilə yazıçı Nərmin Kamalın "Aç, mənəm" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


“Azərbaycan” məfhumunun həm söz, həm də bir coğrafi məna şəklində bədii ədəbiyyata gəlişini izləmək olduqca maraqlıdır.

Əvvəla orta əsr klassik ədəbiyyatımızda bu kəlmə şair yazıçılarımızın “ilham pəri”sini qətiyyən maraqlandırmayıb, yəni, biz nə qədər boğazımızı yırtsaq da, qədim tariximizdən ağız dolusu danışsaq da, məsləhətimə qulaq assın - bu barədə çox dərinə getməyin, uduzarsız.

Qədim ədəbiyyatımızın estetik, fəlsəfi dəyərləri millilik deyil, bəşərilik olduğuna görə, “Azərbaycan” anlayışı da çox sonralar bədii ədəbiyyatımızın maraq dairəsinə daxil olub.

Nərmin Kamalın uğuru və həm də uğursuzluğu Məhəmməd Əsəd bəy ənənəsinə sadiq olmağındadır.

Yalnız bu ənənə içindən keçən əsər indi mədəniyyətimizi, söz sənətimizi harasa bir uzaq mənzilə gətirib çıxarmağı bacarar.

Anar Rzayev bu ənənə dandı, uğursuzluğa düçar oldu.

Nərmin bu ənənni davam etdi - uddu və uduzdu bəzi hallarda...
Abbas Səhhət də məşhur “Vətənimdir, vətənimdir, vətənim” qəzəlində ölkəmizin adını ya bilməyib, yaxud unudub, yaxud hələ ki, ciddi axtarışda olub, vəssəlam.

Həmin vaxtlar ölkəmizdə yaranan millətçilik hərəkatı, bu mövzunu, bu adı hələ bir zaman işləyib, onu coğrafi adlar siyahısından hələ uzun zaman seçib ayırmayıb.

“Azərbaycan” kəlməsi siyasi-coğrafi bir məfhum kimi, bədii ədəbiyyatımıza öz ədəbi həllini tapmadan daxil olub.

Cəlilin “Anamın kitabı” əsərində həmin mövzu ciddiləşir. Lakin yenə də ədəbi-fəlsəfi bir yüklə müşayət olunmur. Deklarativ bir məna daşıyır.

Yəni, Azərbaycanın müstəqilliyi 1918-ci ildə elan edilərkən, ədəbi dünyamızda bu kəlmə hələ öz bədii, fəlsəfi məzmunundan məhrum idi.

Bu kəlməni siyasi meydana Rəsulzadə, ədəbi aləmə isə Cəlil təqdim edib.

Həmin vaxtdan Azərbaycan məfhumu dünyada siyasi-coğrafi bir məna alır, lakin onun ədəbi-fəlsəfi cəhətdən dünyaya təqdimi bir az çox vaxt aparır.

Hələ indi də bu sahədə ciddi irəliləyişimiz çox cüzidir.

Yadımı gəlir ki, dramaturq İlyas Əfəndiyev “Geriyə baxma, qoca” əsərini 1979-cu ildə “Azərbaycan” jurnalında çap edərkən təxminən belə deyirdi -”Azərbaycan kəlməsini o vaxt, 1919-cu ildə ilk dəfə eşidən yerli bəylərin biri bərk əsəbiləşibmiş, təpiyini vurubmuş....”

Həmin əsərin indiki çap variantında bəlkə redəktələr olunub, o bəyi başa salıblar ki, bədii mətndə çox söz danışmasın...

Qısası, “Azərbaycan” kəlməsinin ədəbi taleyi, onun siyasi taleyindən daha qəlizdir.

Onu, SSRİ ədəbiyyatına məncə Səməd Vurğun, dünya ədəbiyyatına isə almanca yazan Məhəmməd Əsəd bəy çıxarıb (1929-cu ildə çapdan çıxmış “Şərqdə neft və qan”, 1938-də işıq üzü görmüş “Əli və Nino” əsərlərində).

Yazıçı Anar Rzayev bu sahədə ciddi boşluqlar görərək məsələni həll etməyə can atıb - “Ağ qoç, qara qoç” publisistik romanında məsələni qabardıb, onun qrafik cizgilərini göstərib, lakin Əsəd bəy ənənəsinə biganəlik göstərdiyinə görə, bəli, məhz buna görə, ciddi bir nöqtəyə yetişməyib.

Qələmi havadan asılı qalıb bu əsərində.

İstedadlı yazarımız Nərmin Kamalın “Qanun” nəşriyyatının “Ən yeni ədəbiyyat” seriyasında çap olunmuş “Aç, mənəm” romanını mən, həmin mövzunun Səməd Vurğundan deyil, Əsəd bəydən gələn ənənəsi tərkibinə daxil edərdim.

Əvvəla, bu, məsələnin həm sırf janr xüsusiyyəti ilə əlaqədardır - Nərmin Kamal, bədbəxt Əsəd bəyin nəsr təhkiyyəsini özünə əsas götürüb, mövzunun poetik pafoslu Səməd Vurğun həllini, günümüzə lazim və layiq bilməyib.

Yəni, Anar Rzayevin səhvini təkrarlamayıb, bundan yan ötüb.

Bax burda, Nərminin hələ ki, yalnız ədəbi zövqü öz ilk kiçicik qələbəsini qazanıb.

Bəli, biz gərək boynumuza alaq - “Azərbaycan” konusunun gələcək ədəbi taleyi indi artıq Səməd Vurğun ənənəsiylə davam edə bilməz.

Bunun həlli yalnız və yalnız Əsəd bəy kabusu çərçivəsindədir.

Özü də biz buna məhkumuq - çünki, Azərbaycan konusunun ədəbi-fəlsəfi həlli olmadan nə ölkəmiz, nə ədəbiyyatımız dünyada müstəqillik qazana bilməz.

Noolsun ki, üç rəngli bayrağımız BMT binası önündə qürürla dalğalanır - bu bayraq dünya ədəbi palitrasında yoxdursa, yəni çox da atılıb düşməyək.

Yazarlar Birliyinin həll etmədiyi bu vacib məsələni, özünəməxsus şəkildə həll etmək istəyən Nərmin Kamallara mane olmayaq.

***

Yazarımız “Əli və Nino” romanının sanki yalnız ilk səhifələriylə kifayətlənərək çox da uzağa getməyib - Əsəd bəy qəhrəmanının uşaqlıq dövrü romantikasına valeh qalaraq, sanki burda “stopkadr” düyməsini basıb.

Öz qəhrəmanını “Azərbaycan” adlandırdığı vaxt məncə Nərmin həm də mövzunu bir azcana daraldıb - “Əli” ismini bədii mətnə gətirən Əsəd bəy bununla əsərinə Şərq, müsəlman ruhu hopdurub.

Fürsət tapıb ki, Şərq şeriyyəti, tarixi, mistik aurasıyla bədii mətni zənginləşdirsin.

Yəni, Məhəmməd Əsəd bəy burda həm də şiəlik mövzusunu Azərbaycan məfhumuyla sinxronlaşdırıb.

Onun qəhrəmanı təkcə azərbaycanlı deyil, həm də və daha çox şərqlidir. Və həm də Avropa, gürcü mədəniyyəti ilə qovuşmağa meyillidir.

Və bu sahədə onun uğur qazanması Nino kimi bir vasitəçinin məhəbbətini qazanmağındadır.

Belə deyək - gələcək BTC-nin coğrafi marşrutu, Əliylə Ninonun məhəbbət trayektoriyasıyla öz həllini və bünövrəsini qazanıb.

Ədəbiyyatımızın “neft, mövzu kəməri” də həmin yollarda hələ bir müddət yaşamalıdır.

Bu məhəbbət, gələcək neft, ədəbiyyat kəmərlərinin yolunu düzgün işarələyib.

Nərmin də bu yolu seçməyi ilə çox düzgün mövqe sərgiləyib, Anar Rzayevin səhvini təkrarlamayıb bu sahədə.

Lakin burda nöqsanlar da var - Nərmin Kamal, Əsəd bəyin yaratdığı bu qəhrəmanın yalnız uşaqlığı ilə maraqlanır. Onu böyütmür. Sevdirmir sanki.

Coğrafi mənzərə də eynidir - Bibi-Heybət neft meydançaları.

Ata-ana, valideynlər... Bakı məişəti - “Yazıçılar öldülər, yazıçılar yazmağa başladılar” (səh.25).

Məhəmməd Əsəd bəyin dayəsi alman olduğu halda, burda vəziyyət azca fərqlidir - Azərbaycanın atalığı Hannes adlı bir alman mühəndisidir.

Nərmin Kamal
Əsəd bəy Almaniyaya köçdüyü kimi, Nərminin qəhrəmanı Azərbaycan da gah orda, gah burda yaşayır.

Onun ismini vətəndə sevmirlər, almanlar isə qəbul edir... Atası bütün həyatını üzərinə “Marlboro” həkk edilmiş qırmızı sellofan paketdə harasa uzağa aparır...

Qəhrəman həmişə təkdir və həm də nə isə eşitmək istəyir həmişə... Əvəzində “pəncərədə genişlənən şüşənin cıqqıltısını eşidir”, vəssəlam...

XX əsrin əvvəlində baş vermiş nəhəng hadisələr burda insanları bir-birinə bağlayıb qovuşdururdusa, indi həmin kabuslardan iz belə qalmayıb - “hərə öz həyatını çəkilib”... Öz təkliyinə...

Qəhrəmanları bir-birinə calayacaq böyük tarixi hadisələr sanki əsrin əvvəlində ilişib qalıb, XX əsrin sonuna gəlib burda o məsələlərə nöqtə qoymağı bacarmırlar...

Gürcüstan mövzusu var əsərdə, ancaq gülünc, qrotesk halında bir gürcüstanlı hardansa həmişə ət gətirir, Azərbaycangilin soyuducusuna amanat edir onu... Bir gün o ətdən icazəsin bozbaş bişirirlər bizim...

Bununla da Azərbaycan-gürcü münasibətləri bitir...

Əsəd bəydə məhəbbət doğur bu mənzərələrin vəhdətindən - Nərminin əsərində isə söhbət başlayır valideynlərin boşanmasından... Əli bəyin Orta Asiya, Türküstan səfəri burda ata Amanın Əfqanistandakı miskin sərgüzəştləriylə əvəzlənib.

Amanla Sara - Azərbaycanın valideynləri ilk tanışlıq günlərində rəqs etmək istədilər, lakin, bir-birilərinin ayaqlarını basdaladılar... Əvvəl rəqs alınmadı, sonra...

Sonra birgə həyatın özü...

O, öz adını qısaldılmış şəkildə deyir tanış uşaqlara və bu bizim qəhrəmanın həyatda dediyi ilk yalandır...

Burda təkcə torpaq altında deyil, havada da neft var - “qurudan başqa, neft şirkətləri havadan neft çəkə bilsəydilər, onda qəhrəmanımız ağ qalardı”...

Neft quyularına düşüb ölənlərin sayca çoxluğu vurğulanır əsərin ilk səhifələrində - lakin, bəzən bu kor təsadüf deyil... İntihardır...

Bakının ilk əfsanəsi də intihar edmiş şah qızı barəsindəymiş....

***

Mən, bu romanın sırf özəl xüsusiyyətləri barədə danışmaq istəməzdim.

Nərmin Kamalın uğuru və həm də uğursuzluğu Məhəmməd Əsəd bəy ənənəsinə sadiq olmağındadır.

Yalnız bu ənənə içindən keçən əsər indi mədəniyyətimizi, söz sənətimizi harasa bir uzaq mənzilə gətirib çıxarmağı bacarar.

Anar Rzayev bu ənənə dandı, uğursuzluğa düçar oldu.

Nərmin bu ənənni davam etdi - uddu və uduzdu bəzi hallarda...

O romanın ənənələri üzərində mən də öz “Əli. Nino. Bakı” romanımı yazmışam...

***

Bir sözlə, ədəbiyyətımızın Əsəd bəy dövrü, 70 il fasilədən sonra, yenidən gündəmi təyin edir.

Əsəd bəy təhkiyəsini qavramadan, yaşamadan söz sənətimizin gələcək inkişafı mümkün deyil.

Bu mövzuda həmçinin oxu
Elnarə Tofiqızı: "Aç, mənəm" romanının dili o qədər zəif və primitivdir ki..."
Cavanşir Yusifli. Çoxölçülü məkanın və insanın nağılları
Kənan. Hacı. Böyüklər üçün şəkilli kitab
Nərmin Kamal: “İstədim ki, qəhrəmanımın adı Azərbaycan olsun…”
Nərmin Kamalın "Aç, mənəm" romanından bir parçanı oxu
XS
SM
MD
LG