Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Bakıya 160 elektrik avtobus gətirilib: '160 heç bunun 10 faizi deyil'


Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.
Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

BMT-nin 11-22 noyabrda Bakıda keçiriləcək iqlim konfransı (COP29) ərəfəsində Bakıya Çin istehsalı olan elektrik mühərrikli 160 avtobus gətirilib. Rəsmi məlumata görə, onlar üçün bütün lazımi cihaz və avadanlıqları olan avtobus parkı da yaradılıb. Noyabrın 2-də prezident İlham Əliyev həmin avtobus parkına baxış da keçirib.

Bakıya artıq illərdir ki, yeni avtobuslar gətirilir. 2023-cü ilin rəsmi məlumatına görə, ötən yeddi ildə paytaxtın avtobus parkının 61 faizi yenilənib, 650 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.

Nazirlər Kabinetinin hələ 2019-cu il martın 4-də verdiyi qərara əsasən, paytaxtda marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Amma paytaxtın qəsəbələrində və bəzən mərkəzdə hələ də köhnə avtobuslar işləyir. Bununla belə, avtobusların çatışmazlığı ilə bağlı şikayətlər də eşidilir. Rəsmi məlumata görə, sərnişinlərin ictimai nəqliyyata əlçatanlığı 80 faizdir. Bəzi ekspertlər isə düşünür ki, bu rəqəm şişirdilib və paytaxtda sərnişinlərin avtobuslara əlçatanlığı cəmi 60 faizdir.

Çin istehsalı olan elektrik mühərrikli avtobuslar
Çin istehsalı olan elektrik mühərrikli avtobuslar

"50 faizi dəyişməlidir"

Bakıya ilk elektrik mühərrikli avtobus 2023-cü ilin aprelində gətirilib və marşrut xəttinə buraxılıb. Amma bundan əvvəl digər – qaz və dizel yanacağı ilə işləyən avtobuslar gətirilmişdi ki, onların çoxunun hazırda yararsız vəziyyətə düşdüyü bildirilir. Üstəlik, bunun səbəbləri ilə bağlı rəsmi izahat verilmir.

İlin əvvəlində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyirdi ki, hazırda Bakıda 2 min avtobus fəaliyyət göstərir ki, bunun da ən azı 50 faizi dəyişməlidir.

AYNA-dan "Turan"a bildirilib ki, hədəf avtobusların sayının 2 min 500-ə çatdırılmasıdır: "160 yeni elektrik avtobusunun da alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi ilə bu say 2 min 341-ə çatdırılıb".

Noyabrın 11-dən...

"BakuBus" MMC-dən verilən məlumata görə, yeni alınan 160 elektrik mühərrikli avtobus noyabrın 11-dən etibarən mərhələli şəkildə xətlərə çıxarılacaq.

Vurğulanıb ki, 2024-cü il istehsalı olan avtobusların istismar müddəti 15 ildir: "Elektrik avtobusu ilə yanaşı, 100 ədəd şarj cihazı da alınıb... Avtobuslar şarj olunduqdan sonra 300 kilometr məsafəni qət edə bilirlər".

Elməddin Muradlı
Elməddin Muradlı

Avtobusların qiymətlərindəki fərqlər...

Nəqliyyat eksperti Elməddin Muradlı bu gün avtobus parkının tam yenilənməsinin real olmadığını bildirir: "Düzdür, özəl şirkətlər də bu ilin sonuna qədər yeni 100 civarında avtobus gətirməyi planlaşdırır. Bu 160 yeni avtobusu da dövlət gətirib. Amma digər tərəfdən, hazırda istismar olunan 2 min 100 avtobusun mini istismara yarasızdır. Rəqəmləri də tutuşduranda görürük ki, bizə ən azı 2 minə yaxın yeni avtobus lazımdır. Buna da xeyli vəsait tələb olunur".

Ekspertin sözlərinə görə, şirkətlər dünənə qədər 200 min manata dizel avtobusları alıb gətirə bilirdilərsə, hazırda dövlət bu avtobusları gətirməyə icazə vermir: "Ancaq sıxılmış qazla və elektriklə işləyən avtobuslara icazə var. Sıxılmış qazla işləyən avtobusun qiyməti 300 mini keçir, elektrikin qiyməti də yarım milyondan bahadır. Sərnişin daşıyan şirkət də fikirləşir ki, bunu alıb gətirsəm, 50 qəpiyə sərnişin daşısam, bu pulu nə vaxt çıxaracağam ki, bunun xeyrini da götürüm? Ona görə də, dövlət yeni bir layihə həyata keçirəcək və yeni avtobusları alan özəl şirkətlərə hər kilometrə görə pul ödəyəcək".

"Sərnişinlər yolda qalmasınlar"

Yeni elektrik avtobuslara gəlincə, ekspert qeyd edib ki, onlar, əsasən, şəhərin mərkəzində xidmət göstərəcək: "Mərkəzdə olanları da yavaş-yavaş qəsəbələrə verəcəklər. Elektrik avtobuslar hər son dayanacaqda əlavə elektrik yığacaq və, beləliklə, şəhəriçi onların hərəkəti normaldır. Amma şəhərin ətrafına onları uzatmaq bir az çətindir, çünki kilometraj artdıqca doldurduqları elektrikin həcmi onlara bəs etməyəcək".

E.Muradlı hesab edir ki, elektrik avtobuslarının bəzi xüsusiyyətləri gələcəkdə problemlər yarada bilər: "İstehsal edilib buraxılanda bu avtobuslar, məsələn, bir doluma 400 kilometr gedir, bir ildən sonra isə 360, daha sonra istismar olunduqca daha da düşür. Yağış olanda da olur 200. Ümid edirəm ki, AYNA bu məsələləri nəzərə alacaq və uyğun marşrutlara yönələcək ki, sərnişinlər yolda qalmasınlar".

Ərşad Hüseynov
Ərşad Hüseynov

"Bakının əlavə 2000 avtobusa ehtiyacı var"

Nəqliyyat eksperti Ərşad Hüseynov AzadlıqRadiosuna deyib ki, Bakıda mövcud olan 2 min 100 avtobusdan texniki nasazlıq səbəbindən heç də hamısı marşruta çıxa bilmir: "Bundan əlavə, onlardan ən azı mini artıq ömrünü başa vurub, onların istismardan çıxarılması qaçılmazdır. Avtobuslara sərnişinlərin əlçatanlığı təxminən 60 faizdir. Avtobus olsa belə, tıxac varsa, mən ona minə bilmirəmsə, o mənim üçün əlçatmazdır".

Ekspertin hesablamalarına görə, əlçatanlığı 100 faizə çatdırmaq, avtobusların dəqiq qrafiklə işləməsi üçün Bakının əlavə 2 min avtobusa ehtiyacı var: "160-ı heç bunun 10 faizi deyil. Onlar bir balaca nəyəsə təkan verəcək, amma problemi kökündən həll etməyəcək. Bunun üçün 2 min avtobus çox az bir intervalla gəlməlidir. Bunun üçün də bir neçə milyard manat lazımdır. O vəsaiti də heç kim qoymaq istəmir".

XS
SM
MD
LG