Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:02

Baş prokurorluq Xocalıda kütləvi qətldə ittiham olunan şəxsin saxlandığını bildirir


Laçın sərhəd-keçid məntəqəsi, saxlandığı bildirilən şəxs
Laçın sərhəd-keçid məntəqəsi, saxlandığı bildirilən şəxs

1991-ci il dekabrın 22-də Xocalının Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasının təşkilində ittiham olunan Vaqif Çerkezoviç Xaçaturyan saxlanılıb. Bu haqda Azərbaycan Baş Prorkurorluğu məlumat yayıb.

Rəsmi məlumatda həmin şəxsin iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adıyla Ermənistana getmək istəyərkən Laçın sərhəd-keçid məntəqəsində saxlandığı qeyd olunur. Azərbaycan vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulan Vaqif Xaçaturyan Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləyib. Rəsmi məlumatda onun erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə 25 azərbaycanlını öldürdüyü bildirilir.

Açıqlamaya görə, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 358 nəfər də yaşadığı yerlərdən didərgin salınıb.

Məlumatda həmçinin vurğulanır ki, adı çəkilən şəxs qabaqcadan əlbir olduğu şəxslərlə birgə dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.

Baş Prokurorluq bildirir ki, Vaqif Xaçaturyan 2013-cü il noyabrın 12-dən axtarışda olub. O, Azərbaycan Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Məlumatda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi vurğulanır.

Hələlik, saxlanan şəxsin vəkili və yaxınlarının məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Ermənistan XİN-in bəyanatı

Ermənistanın Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatında baş verən hadisəyə görə, Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırır. Qurum Qarabağ sakininin Azərbaycan hakimiyyəti tərəfindən saxlanmasını “adam oğurluğu” adlandırır, bu hərəkəti “cinayət xarakterli, qəbuledulməz” sayır.

Ermənistan XİN qeyd edir ki, BQXK daha öncə tərəflərə pasiyentlərin siyahısını verir və yalnız razılaşdırandan sonra onların daşınması həyata keçirilir.

“Azərbaycan Baş Prokurorluğunun adam oğurluğundan dərhal sonra, yalan narrativlər və ittihamlarla dolu məlumatlar yayması bu əməliyyatın öncədən detallı planlaşdırıldığını göstərir. Üstəlik, məlumatda Dağlıq Qarabağın digər sakinlərinə qarşı da oxşar yanaşmanın tətbiqinə açıq təhdid yer alır.

Azərbaycanın bu addımı beynəlxalq humanitar hüququn yoılverilməz pozuntusudur. Beynəlxalq humanitar hüququn və BQXK-nın qoruması altında olan şəxsin həbsinin hərbi cinayətdən başqa adı yoxdur”, – bəyanatda vurğulanır.

Xaçaturyanın Bakıda tibb müəssisəsinə yerləşdirildiyi bildirilir

Bakı isə ittihamları rədd edir və bildirir ki, "Azərbaycan tərəfindən atılan bütün bu addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib."

Vaqif Xaçaturyanla bağlı son məlumatlara gəlincə, Azərbaycan Xarici İşlər nazirliyin iyulun 30-da yaydığı məlumatda bildirilir ki, həmin şəxsin Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, "onun Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib".

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) elə həmin gün yaydığı məlumatda Laçın dəhlizi ilə 15 xəstənin humanitar daşınması zamanı bir nəfərin həbs edildiyi bildirib. Məlumatda qısa zamanda saxlanan şəxsə baş çəkib ailəsi ilə əlaqə saxlanılacağı qeyd edilir.

Komitənin məlumatında həmçinin vurğulanır ki, 2022-ci ilin dekabrdan bəri onlar 680-dən çox xəstənin Laçın dəhlizi ilə daşınmasını həyata keçirib.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılşmasına qədər Azərbaycan Qarabağ bölgəsi (Xocali rayonu daxil) və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG